İranın Xarici İşlər nazirinin bölgə turu

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bölgə ölkələrinə gerçəkləşdirdiyi səfər haqqında...

1576758
İranın Xarici İşlər nazirinin bölgə turu

2021-cil il 24-29 yanvar tarixlərində İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bölgəyə səfəri baş tutdu. İranlı nazir sıra ilə Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər etdi. Cavad Zərif sözügedən ölkələrin liderləri tərəfindən qəbul edildi, həmkarları ilə ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etdi. Məhəmməd Cavad Zərifin ilk dayanacağı Azərbaycan oldu. Bakıda Cavad Zərif Qarabağın işğaldan azad edilməsi münasibətilə azərbaycanlıları təbrik etdi. Nazir İran şirkətlərinin bölgənin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirdi. Prezident İlham Əliyev tərəfindən qəbul edilən Zərif Arazın hər iki tayında hər zaman dostluq və qardaşlığın hakim olduğunu söylədi. Cavad Zərif Azərbaycandan sonra Rusiyaya getdi və 26 yanvar tarixində rusiyalı həmkarı Sergey Lavrovla görüşdü. Görüşdə Qarabağın təhlükəsizliyi və iqtisadi inkişafı, Birgə Fəaliyyət Planı və İranın Nüvə Programının bərpası, “Sputnik V” peyvəndinin İranda istifadəsi kimi məsələlər müzakirə edildi. Görüşün ardından Rusiya və İran arasında İnformasiya Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Əməkdaşlıq Sazişi imzalandı. İranın Xarici İşlər naziri Rusiyadan sonra Ermənistana səfər etdi. Zərif Yerevanda "Ermənistanin torpaq bütövlüyünün İranın qırmızı cizgisi" olduğunu bildirdi. Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan isə Zərifə Qarabağ məsələsi ilə bağlı şikayətlərini çatdırdı. Daha sonra Zərif Gürcüstana ziyarətə getdi. İranın xarici siyasət idarəsinin rəhbəri Tiflisdə Gürcüstan prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Gakharia ilə görüşdü. Gürcüstan rəhbərliyi ilə görüşdükdən sonra Zərif Türkiyəyə gəldi. Cavad Zərif İstanbulda əvvəlcə həmkarı Mövlud Çavuşoğlu ilə bir araya gəldi. Görüşün sonunda Azərbaycan, İran və Türkiyə liderlərinin yaxın zamanda üçtərəfli zirvə gerçəkləşdirəcəkləri açıqlandı. Daha sonra İranın Xarici İşlər naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildi.

Azərbaycan və Türkiyə Prezidentləri Bakıda Regional Əməkdaşlıq Platforması planını açıqladıqdan sonra Cavad Zərif sözügedən platformaya daxil ediləcək ölkələrə ziyarət reallaşdırdı. Tehran rəhbərliyi Azərbaycan və Türkiyənin Ermənistanla, Rusiyanın da Gürcüstanla problemləri olduğuna görə burdakı ən sərfəli ölkənin özləri olduğunu düşünür. Bəlkə də bu səbəbdən İranın Tiflisdəki səfiri Əkbər Kasem əvvəlcə 1+3 (İran, Azərbaycan, Ermənistan, Gürcüstan) formulunun başladılmasi və gələcəkdə 6 ölkəni əhatə edəcək şəkildə genişləndirilməsinin də alternativ olduğunu bildirmiş ola bilər. Bu platforma Qərbin tətbiq etdiyi sanksiyaların təsirinin minimuma endirilməsində Tehran üçün də faydalıdır. Fəqət Türkiyə olmadan platformanın müvəffəqiyyətli olması mümkünsüzdür. Regional problemlərin bölgə ölkələri tərəfindən həll ediləcəyi Qarabağ məsələsində açıq şəkildə görüldü. Qafqazın inkişafı bölgə ölkələrinin əməkdaşlığı ilə mümkün olacaq. Azərbaycan və Türkiyə Prezidentlərinin Bakıda irəli sürdükləri təşəbbüs həyata keçirilərsə Qafqaz daha da çiçəklənən bir bölgə olacaq.



Әlaqәli Xәbәrlәr