Cənubi Qafqazda Türkiyə-Rusiya əməkdaşlığı

Dr. Telman Nüsrətoğlunun "Cənubi Qafqazda Türkiyə- Rusiya əməkdaşlığı" başlıqlı yazısını təqdim edirik.

1576800
Cənubi Qafqazda Türkiyə-Rusiya əməkdaşlığı

Çinin qarşısı alınmaz yüksəlişi, Amerikanın Böyük Yaxın Şərq proyekti çərçivəsində PKK-YPG, DAEŞ kimi teror təşkilatlarına dəstək verərək, demokratiya adı altında regional xaosa zəmin hazırlayaraq  kritik NATO müttəfiqi Türkiyəyə qarşı Suriya və  İraq ərazilərində terror dövləti qurma həvəsiylə təhlükəsəzlik problemi yaratmağa başlaması, xüsusiylə  Suriyəda İran və Rusiya ittifaqı qarşısında Ankaranı tək buraxması, Rusiyanın artan imperiya iştahı və Qərblə yaşadığı problemlər yeni dünya nizamı axtarışlarını sürətləndirmiş, köhnə ittifaqlar və təhlükəsizlik paradiqmaları  yavaş-yavaş funksiyasını itirməyə başlamışdır. Dünya tarixinin şəkillənməsində müstəsna rola sahib olan, üç qitədə hakimiyyət qurmuş bir imperatorluğun varisi olan Türkiyəyə qarşı Amerika və Avropa Birliyinin apardığı müstəmləkə kodlarıyla dolu siyasət,  Ankaranı  öz limanlarına dəmirləmək üçün həyata keçirmək istədikləri, qarşısı alınan bir sıra daxili və xarici əməliyyat Türkiyəni milli müdafiyə sənayesi, kəşfiyyat və ordu strukturlarını daha da milliləşdirib gücləndirərək mədəniyyət coğrafiyalarla birlikdə güc formalaşdırmağa,  misilisiz geopolitik imkan və tarixi-coğrafi  təcrübəsindən doğan  fürsətlərdən istifadə  edərək  yeni əməkdaşlıq və  müttəfiqliklər qurmağa  sövq etmişdir.

Formalaşan  bu  geosiyasi vəziyyət əslində  tarixi inkişaf prosesi boyunca Türk İslam coğrafiyaları hesabına genişləmə siyasəti yürütməsi  səbəbiylə Türk millətiylə ilə maraqları toqquşan Rusiyayla da uzlaşma axtarışlarına sürət qazandırmış,  Suriyada silahların susmasına səbəb olan Astana prosesindən Liviya və Qarabağa qədər Türkiyə-Rusiya münasibətlərinə yeni çalar gəlmiş,  xarici siyasətdə  daha çox sərt siyasətə, ordu  və kəşfiyyat gücünə üstünlük verən  Rusiyanın  da  dünyadakı balans baxımından kilid coğrafi mövqeyə sahib olan, milli müdafiə sənayəsi, ordusuyla çəkisi getdikcə artan Türkiyə gücü ilə  həm də öz  təhlükəsziliyinin təmini baxımından yeni kompromis və əməkdaşlıq üslubuna yönəlməsinə səbəb olmuşdur.

Kökünü ortaq Türk tarixinin dərinliklərindən alan Türkiyə- Azərbaycan qardaşlığının   enerji başda olmaqla hərtərərfli  siyasi planlama və böyük bir qətiyyətlə müxtəlif sahələrdə həyata keçirdiyi inteqrasiya və birlik layihələri, möhkəm təməllər üzərində əsası qoyulan  hərbi-strateji əməkdaşlıq Cənubi Qafqazda yeni geostrateji güc balansı yaradaraq Qarabağ torpaqlarının böyük bir qisminin azad edilməsinə gətirib çıxartmışdır.  Azərbaycan ordusunun parlaq zəfəriylə nəticələnən Qarabağ əməliyyatı yuxarıda xülasəsini verməyə çalışdığım  qlobal güc balansı və mənzərə içində Ukrayna və  Gürcüstan sahəsi başda olmaqla Qərbə qarşı hərbi meydan oxumaları, əsasən Krımın işğalı səbəbiylə təcrid və sanksiyalarla üzləşərək çox sayıda sosyal- iqtisadi problemlərlə qarşılaşmış  Putin Rusiyasının  Orta Şərqdən Orta Asiyaya  Ankara ilə əməkdaşlığa böyük ehtiyac duyduğu bir zamanda başlamış,  Türkiyə və Azərbaycanın işğala son vermək yönündəki qətiyyəti görülmüş,  Rusiyanın  Azərbaycana qarşı Ermənistana aktiv hərbi dəstək verməsinin  bütün  Qafqazda təsirinin itirliməsiylə nəticələnəcəyi hərb meydanında da açıq bir şəkildə anlaşılmışdır.   Moskva  Türk gücünün Cənubi Qafqazda ortaya qoyduğu  yeni güc balansını  nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Ankara və Bakıyla uzlaşma axtarışlarına üz tutaraq regiondakı maraqlarını qoruya biləcəyini qəbul etmək məcburiyyətində qalmışdır. Azərbaycan  Ordusunun  Qarabağ zəfəri  həm də yeni İpəkyolu güzərgahları baxımından strateji önəmi artmış olan  regionda normallaşma təmin edilməsiylə birlikdə  nəqliyyat dəhlizlərinin, yolların açılmasıyla başlayacaq ticarətin canlandırılmasından, regiona xarici qüvvələrin müdaxilələrinin əngəllənməsi, İpəkyolu ölkələrində  təhlükəsizlik və sabitliyin təmin edilməsinə qədər Ankara və Moskva əməkdaşlığı önündə  yeni perspektivlər də açmışdır.   

10 noyabr birgə bəyanatından sonra  ilk dəfə üç ölkə liderinin iştirakıyla həyata keçirilən Moskva görüşünün əsas gündəliyini də anlaşmanın 9-cu maddəsinin icra vəziyyəti, yəni Azərbaycanın Zəngilan rayonuyla Naxçıvanı birləşdirən Mehri dəhlizinin açılmasının təşkil etməsi, bu yöndə razılaşma və fəaliyyətləti sürətləndirmək üçün Baş nazirin müavinlərindən ibarət bir Komisyanın da formalaşdırılması  Moskvanın Ankarayla birlikdə Cənubi Qafqazdakı bütün kommunikasiyaların açılmasında maraqlı olduğunu göstərir. Lakin həm Moskva, həm də Yerevanda müxtəlif səbəblərlə Azərbaycan-Ermənistan arasında normallaşmanın əldə edilməsini,  nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, sərhədlərin açılmasını  istəməyən, Türkiyə-Azərbaycan- Ermənistan dialoqunun başlaya biləcəyi ehtimalından narahat olan qüvvələr də var. Birgə bəyanatın 9- cu maddəsinə zidd olaraq Yerevanda  Zəngilan- Mehri-Naxçıvan dəmiryolu və avtomobil  xətti yerinə   Qazax- İcevan-Yerevan-Naxçıvan maşrutunun tez tez səsləndirilməyə başlanması, yenə anlaşma maddələri arasında yer alan Erməni hərbiçilərinin tamamən Qarabağdan çıxarılmasının gecikdirilməsi kimi məsələlər bu qüvvələrin də prosesə mane olmaq istiqamətində  çalışdıqlarını göstərir. Bayden Amerikasının İranla nüvə anlaşmasına geri dönmək, Ermənistan və Gürcüstanla əlaqələri qüvvətləndirmək, Minsk Qrupunu yenidən fəallaşdırmaq kimi niyətlərini də diqqətə alsaq  Əliyev və Ərdoğan tərəfindən səsləndirilən 3+3 modeliylə əməkdaşlıq iqliminin bütün regiona yayılması təşəbbüsünün uzaqgörən bir fikir olduğu aydın olur.  Məhz buna görə də Rusiya Ermənistandakı revanşist qüvvələri yerinə oturdaraq, Ermənilərin yaşadığı Xankəndi və Xocavənd bölgələrindən separatçıları təmizləyərək,  Bakının hakimiyyətinin oralarda təsis edilməsinə yardımçı olaraq sülh sazişinin bir an öncə imzalanmasında  maraqlı olmalı, regionda geri dönüşü olmayan bir proses başlamalıdır.  

Amerikanın Rusyanı çevrələmə strategiyası və Qara dəniz hakimiyyəti baxımından Gürcüstan və Ukraynı önümüzdəki dövr daha da önəmli hala gələcəkdir. Qarabağ timsalında ortaya qoyulan çözüm modeli və  Ağdamda açılan Müştərək Türkiyə-Rusiya Monitorinq Mərkəzindən hərəkətlə Türkiyə-Rusiya hərbi əməkdaşlığını Gürcüstanın ərazi bütövlüyüylə  bağlı problemlərin də həllində tətbiq etmək, Ankaranın vasitəçiliylə Moskva-Kiev arasında da  buzları əridərək  Qara dənizdən Xəzərə təhlükəsizlik və əməkdaşlıq hövzəsi formalaşdırmaq mümkündür.  Əlbətdə Rusiya başda olmaqla adı keçən ölkələrin çoxunda Qərb dairələrinə göbəkdən bağlı olan təsirli siyasi qüvvələrin mövcudluğu, onlarınsa fərqli gündəmlərinin, planlarının olduğu da nəzərdən qaçırılmamalıdır. Xüsusiylə Putinin təmsil etdiyi hakim qanadın  demoqrafiq vəziyyətdən iqtisadiyyata Çin təsiri altında ərimək və ya Qərbə inteqrasiya edərək mövcudluq fəlsəfəsi və iddialarını itirməkdənsə Türkiyə və digər Türk Cümhuriyyətlərilə maraqlarını razılaşdıraraq yeni bir Avrasya modeli inşa etməkdən yana olduğunu düşünürəm. Türk Dünyasına, xüsusən Azərbaycana yönəlik müstəmləkəçilik keçmişini, xalqların etimatsızlığının, inanmamasının da səbəblərini nəzərə aldığımızda  Moskvanın bu mənada yeni anlayış və paradiqmaya keçdiyini ortaya qoymaq  baxımından Qarabağda ciddi bir sınaqdan keçdiyini də  ifadə etmək mümkündür.    



Әlaqәli Xәbәrlәr