“Dostluq” anlaşması və Xəzərin yüksəlişi

Dr. Telman Nüsrətoğlunun "“Dostluq” anlaşması və Xəzərin yüksəlişi" başlıqlı yazısını təqdim edirik.

1572185
“Dostluq” anlaşması və Xəzərin yüksəlişi

Yanvarın 21-də iki Türk dövləti olan Azərbaycanla Türkmənistan  arasında daha əvvəl mübahisəli sayılan Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma imzalandı. Bütün yönləriylə tarixi bir anlaşmaydı. Heç şübhəsiz iki qardaş Oğuz ölkəsinin gündən-günə istiləşən münasibətləri kontekstində enerjidən nəqliyyata ortaq layihələr və əməkdaşlığa yönəlmələri, Türk Dünyasının güclənməsi, Xəzər ətrafı ölkələrin, Qafqaz və Orta Asiyanın potensiyal iqtisadi imkanlarının canlandırılması baxımından da ciddi imkanlar ortaya çıxarmışdır. Azərbaycanın ardınca Türkmən qazının da TANAP vasitəsiylə  Türkiyəyə nəql edilmə ehtimalı rəsmi  Ankaranın  neft- qaz alımı baxımından mənbə ölkə və güzərgah müxtəlifliyinin təmin edilməsi siyasəti üçün mühüm olmaqla birlikdə Avropanın da qaz ehtiyacının müəyyən qisminin Xəzərin ehtiyatları hesabına qarşılanması, tarixi İpəkyolu coğrafiyasında ticarət və işbirliyi iqliminin yenidən canlandırılması  baxımından əlavə fürsətlər yaratmışdır. 

Müxtəlif hesablamalara görə ümumilikdə Xəzər dənizində 50 milyard barel neft, 8,4 trilyon kubmetr qaz ehtiyatının olduğunu nəzərə alsaq bu yataqlardakı neft və qazın çıxarılaraq dünya bazarlarına nəql edilməsi  iqtisadi mənfəət əldə etmək qədər  geosiyasi güc və üstünlük qazanmaq baxımından da mühümdür. Buradakı yataqlara sahibliklə bağlı ilk ciddi anlaşmazlıq Bakı ilə Aşqabad arasında yaşanmışdır. Azərbaycanın “ Kəpəz”, Türkmənistanın “Sərdar” adlandırdığı  mübahisəli yataq  Sovet dövründə  Azərbaycan neftçiləri tərəfindən kəşf edilsə də Xəzər dənizinin iki ölkə sərhəddində yerləşdiyi üçün qardaş ölkələr arasında sahiblik uğrunda çəkişməyə səbəb olmuş, uzun illər davam edən nəticəsiz danışıqlarda Xəzər dənizinin statusunun həll edilə bilməməsi və çətin geopolitik şərtlər çıxılmaz vəziyyətin müddətinin uzanmasında, Xəzərin dibindən çəkilməsi nəzərdə tutulan Transxəzər qaz kəmərinin inşaasının gecikməsində əsas amil olmuşdur. Nəhayət Xəzərin statusu probleminin 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində  imzalanan  anlaşmayla həll edilməsi, buna paralel olaraq inkişaf edən qlobal  proseslərdə dünyanın yeni iqtisadi cazibə mərkəzi olaraq Asiyanın ön plana çıxması, coğrafi imkanları, siyasi-demoqrafik-hərbi potensiyalı etibariylə Türkiyə-Azərbaycan ittifaqının güc mərkəzlərindən biri olaraq bütün regionda təsirini artırmaya başlaması, Türk Dünyasını enerji və nəqliyyat yolları, dəhlizlər başda olmaqla strateji istiqamətlərdə daha aktiv təşəbbüslər göstərməsinə səbəb  olmuşdur.

Müstəqillik sonrasında Azərbaycan rəhbərliyinin Ankaranın və bəzi Qərb dairələrinin dəstəyini alaraq dərin geopolitik hesablamalarla həyata keçirdiyi strateji enerji siyasəti,  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP və “STAR” Neft Emalı Zavodu kimi layihələr Azərbaycan-Türkiyə ittifaqına iqtisadi mənfəətlərlə birlikdə regionda və Avropada  siyasi üstünlük də qazandırmış, daha sonra  Bakı-Tbilisi-Ceyhan neft  kəməri ilə  Türkmən neftinin də  nəql olunmağa başlamasıyla Türkmənistan bu strateji enerji tərəfdaşlığına cəlb edilmişdir. Ancaq bu çətin  və müxtəlif  əngəllərlə də qarşılaşılan bir proses idi. "Transxəzər qaz boru xəttinə dair hökumətlərarası Bəyannamə" hələ 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən toplantısında Azərbaycan, Türkiyə, Türkmənistan və Gürcüstan prezidentləri arasında imzalanmışdı. Qurbanqulu Berdiməhəmmədov dövlət başçısı olduqdan sonra isə Azərbaycan və Türkmənistan arasında   bütün istiqamətlərdə  müzakirələr intensivləşmiş, iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri başlamış, Ankaranın da bu dialoq və qardaşlıq iqlimin təsis edilməsi prosesinə ardıcıl töhfə verməsiylə ortaq  qardaşlıq tarixinin də ruhuna uyğun olaraq Türkiyə, Azərbaycan və Türkmənistan arasında dostluq və yaxınlaşma iqlimi hakim olmuşdur. “Dostluq” yatağının birgə istismarıyla bağlı anlaşmasının imzalandığı mərasimdə Prezident İ. Əliyevin ortaq  köklər və tarixə işarət etdiyi  cümlələri də olduqca önəmli idi:

Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar, onların ruhu şaddır. İki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur   duyardılar”.

Qafqaz və Anadolunun Əfqanistan və Pakistanla əlaqələri təmin edən  yollar, Çindən Avropaya uzanan nəqliyyat və ticarət dəhlizləri, yenə Çinə qədər uzanan fibroptik xətlərin çəkilməsi baxımından da Azərbaycan və Türkmənistan əməkdaşlığının, hər iki ölkədəki limanların bir-birilə bağlanmasının strateji önəmi vardır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra, Azərbaycan ordusunun parlaq Qarabağ zəfəriylə birlikdə Naxçıvanla Azərbaycanın Qərb rayonlarını, Türkiyə ilə Qafqazı birləşdirən yeni və iqtisadi cəhətdən daha əlverişli bir yol kimi  Mehri dəhlizinin də açılacaq olması Əfqanıstan-Türkmənistan-Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat və ticarət dəhlizi imkanını da meydana  çıxartmışdır. Lapis-Lazuli marşrutu, Xəzər-Qara dəniz beynəlxalq nəqliyyatının işlək olması da yenə Türkmənistan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsindən asılıdır. Bütün bu qlobal və regional proyektlər, dəyişimlər işığında Türkmənistanla Azərbaycan arasındakı yaxınlaşmanın, imzalanan son anlaşmanın nə qədər kritik önəmə sahib olduğu  bir daha aydın olur. 



Әlaqәli Xәbәrlәr