“Kadınbudu köfte” necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün sizə “Türkiyə mətbəxi” silsiləsindən həm isti, həm də soyuq yeyilə bilən, “kadınbudu köfte” adlanan bir kotlet növünü təqdim edirik.

1321547
“Kadınbudu köfte” necə hazırlanır?

 

  Türkiyə mətbəxinin ən fundamental xörəklərindən biri də çəkilmiş məmulatın ədviyyatlarla qarışdırılıb bişirilməsiylə ortaya çıxan, Azərbaycan dilində həm kotlet, həm küftə, Türkiyə türkcəsində sadəcə köfte adlanan yeməkdir.

  Osmanlı dövründən bu yana bişirən bu yeməyin Türkiyədə 300-dən çox növü var. Hər yerin dadına bürünə bilən bir yeməkdir kotlet. İstər sadə, istərsə lüks restoranda yemək mümkündür. Üstəlik küçə yeməkləri satan dəzgahlardan da almaq imkanı vardır.

  Əsasən qırmızı ət, sonra isə toyuq, balıq, taxıl, paxla və hətta tərəvəzdən kotlet hazırlanır.

  İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün sizə “Türkiyə mətbəxi” silsiləsindən həm isti, həm də soyuq yeyilə bilən, “kadınbudu köfte” adlanan bir kotlet növünü təqdim edirik.   

  “Kadınbudu köfte”sini bişirmək üçün nələr lazımdır, əvvəlcə onları sadalayaq:

  • 600 qram çəkilmiş ət,
  • yarım stəkan düyü,
  • 1 ədəd ağ soğan,
  • 3 ədəd yumurta,
  • çay qaşığının 4-də 1-i qədər (¼) zirə (kimyon),
  • çay qaşığının 4-də 1-i qədər (¼) qara istiot,
  • yarım çay (½) qaşığı duz,
  • 1 stəkan çörək qırıntıları (galeta) unu,
  • 1 stəkan günəbaxan yağı.

  Sıra gəldi “kadınbudu köfte”sini bişirməyə.

  Əvvəlcə yuyulmuş və süzülmüş düyünü su və duz ilə çox yumşalmadan qaynadın. Soğanı xırda-xırda doğrayıb (rəndələyib) bir tavada yumşalana qədər qovurun və çəkilmiş ətin yarısını üzərinə əlavə edərək bişirməyə davam edin. Qıymanın suyu çəkildimi, onu qazın üzərindən götürün və kənara soyumaya qoyun.

  Geniş bir kasada çəkilmiş çiy əti, unu, qaynadılmış düyünü, bişib soyuyan soğanlı qıymanı, 1 yumurta, duz və bütün ədviyyatı bir araya gətirərək yoğurun. Qarışığı 30 dəqiqə soyuducuda saxlayın.

  Bu arada qalan 2 yumurtanı yaxşıca çalın, qalsın.

  Yoğurduğunuz qarışığı soyuducudan çıxarıb yumurta böyüklüyündə parçalar qoparın, yumrulayaraq şəkil verin. Bunları əvvəl qaleta unu, sonra isə yumurtaya batırıb günəbaxan yağını tökdüyünüz isti tavada qızardın.

  Bişən kiçik kotletləri - “kadınbudu köfte”sini artıq həm isti-isti, həm otaq temperaturunda, həm də soyuq halda yeyə bilərsiniz. Nuş olsun.



Әlaqәli Xәbәrlәr