Avropa çökür?

Ankara Yıldırım Beyazıt Üniversitetinin Politologiya Fakültəsinin dekanı, professor Qüdrət Bülbülün “Avropa çökür?” adlı analitik yazısı.

1105471
Avropa çökür?

Fransada və bəzi Avropa ölkələrində bir neçə həftədir davam edən "sarı jiletlilər"in şiddətli etirazları talanlar və yanğınlarla müşayət olunur. Ölümlərin də olduğu hadisələrdə Fransada yalnız ötən həftə rəsmi orqanların  son açıqlamasına görə, yüzlərlə etirazçı yaralanıb, minlərləsi saxlanılıb.

  Avropada nələr olur? Daha əvvəlki bir çox yazımızda Avropanın içinə qapanmasından , II Dünya müharibəsindən əvvəlkinə bənzər bir dövr yaşadığından bəhs etmişdik. Qaçqınlara, əcnəbilərə, müsəlmanlara, yəhudilərə qarşı getdikcə artan təzyiqlərin, hücumların səbəblərinin daha dərinlərdə axtarılmasının əhəmiyyətindən danışmışdıq.  Əsas problemin qaçqınlar deyil, Avropanın özü olduğunu, qaçqınları, və ya müsəlmanları günahlandıraraq, özü ilə üzləşməkdən qaçdığını israrla vurğulamışdıq. Problemin Avropanın gələcəyinə dair olduğunu söyləmişdik, Avropanın yaxın dövrdə olduğu kimi Avropa İttifaqı üzərindən dəyərlər istehsal edən bir Avropa, yoxsa siyasi genlərində mövcud olan  faşizm və nasizmə təslim olmuş bir Avropa olacağına qərar verəcəyini ifadə etmişdik.

(bax: https://www.yenisafak.com/hayat/turkiye-karsitligi-avrupayi-kurtarir-mi-2624277) Bu məqamda avropalı azadlıqsevər təbəqələrin səslərini qaldırmadığı təqdirdə, sabah çox gec olacağını israrla qeyd etmişdik.

Fransadakı hadisələr

 Fransadakı hadisələr Avropanın içinə qapanmasının, miqrantlara qarşı nifrət və ayrı-seçkiliyin adi hala çevrilməsinin səbəbinin Avropanın özü ilə bağlı olduğunu göstərir. "Sarı jiletlilər" hadisəsində reaksiya miqrantlara qarşı deyil və bu reaksiyanı göstərən də miqrantlar deyil. Qloballaşma proseslərindən kifayət qədər bəhrələnməmə, iqtisadi durğunluq, fransızların keçmiş rifahlarını davam etdirmə gözləntiləri reaksiyaların səbəbini təşkil edir. Amma artıq yüksələn başqa iqtisadiyyatlar və digər qlobal proseslər, təkcə Fransanın deyil, digər Avropa ölkələrinin də keçmiş rifahını və sosial dövlət fəaliyyətlərini davam etdirə bilmələrini mümkünsüzləşdirir.

 Hadisələr və media

 İstanbuldakı "gezi hadisələri"ndə, demək olar ki, bütün dünya mediasının düşərgə qurduğu, fasiləsiz olaraq saatlarla canlı yayıma qoşulduqları, etirazçıları qəhrəman elan etdikləri hələ unudulmayıb. “Qırmızı yaylıqlı qız”, “duran adam” simvolları hələ də yaddaşlarımızdadır. Media kanalları şişirdilmiş görüntülərini polisə və Türkiyəyə qarşı insan haqları ilə bağlı tənqidi şərhləri ilə birlikdə verirdilər.

Parisdəki "sarı jiletlilər" hadisələri isə dünya mediasında çox az işıqlandırıldı. Lisey tələbələrinin də iştirak etdiyi hadisələrdə polisin həddindən artıq güc tətbiq etməsinə və insan hüquqlarının pozulmasına dair iradlara heç rast gəlinmədi.

 "Sarı jiletllilər" nə istəyir?

"Sarı jiletlilər" bir siyasi partiya proqramı kimi, tələblərini 42-ci maddə ilə izah edirlər. Bu tələblər yalnız neft qiymətlərindəki bahalaşmanın dondurulmasından çox irəli gedir. Həyatın bahalaşmasından vergilərin azaldılmasına qədər, iş şəraitlərinin yaxşılaşdırılmasından miqrantlara aid addımlaradək, seçki qanunundan prezidentin vəzifə müddətinin yeddi ilə çıxarılmasınadək, bir siyasi partiya tərəfindən verilə biləcək bir sıra siyasi, ictimai, inzibati və iqtisadi tələblər dilə gətirilir.

 Hakimiyyəti seçkilərdə dəyişmək deyil, küçədə devirmək

Şübhəsiz ki, demokratik reaksiya bir haqdır. Demokratik cəmiyyətlərdə hər növ tələb ifadə edilə bilər. Bunun üçün azad toplaşma və nümayiş keçirmə hüquqlarından istənilən qədər istifadə edilə bilər. Bu yolla hakimiyyətlər seçkilərin keçiriilməsinə məcbur edilə bilərlər. Demokratik reaksiyalara qarşı həddindən artıq  güc tətbiqi etirazçıların hüquqlarının pozulmasıdır və əlbəttə ki, cinayətdir.

 Bütün bunlarla yanaşı, demokratik ölkələrdə siyasi hakimiyyətləri dəyişdirməyin yolu məlumdur. Demokratiya şəraitində istənilməyən siyasi hakimiyyətlər küçələrdə devrilmir, seçkilər vasitəsilə dəyişdirilir.

Tələblərin ödənilməməsi səbəbindən iş yerlərinin talan edilməsi, yanğınların törədilmısi, dağıntılar, günahsız insanlara hücumlar və s. yollarla siyasi hakimiyyəti  küçələrdə devirmək yalnız anarxiya və faşizm doğurar. Bu zamanlarda Avropada seçki qutularından da daha çox faşizm çıxsa, vandalizmə çevrilən küçə aksiyalarının haraya aparacağı haqqında fikir yürütmək mümkün olmaz.

 Fransız inqilabının bəşəriyyətə mirası

 Fransa təəssüf ki, küçə hərəkətlərinin gətirə biləcəyi nəticələr baxımından özünə və insanlığa çox ağrı-acı yaşatmış bir ölkədir. "Azadlıq, bərabərlik, qardaşlıq" idealları ilə başlayan Böyük Fransa inqilabının bəşəriyyətin üzləşdiyi ən genişmiqyaslı qətliamlar və gilyotinlərlə nəticələndiyi hamıya məlumdur. Yenə bu inqilabla gələn millətçilik bütün dünyanı parçalamağa davam edir. Müstəqillik qazanmanən ruh yüksəkliyi ilə insanları yeni identifikasiyaları və dövlətləri ilə parçalamaq və bölmək onların daha rahat idarə edilməsini də təmin edir.

 O cümlədən, fransız tipli maarifçilik də ağlın yaradıcı rasionallığına təslim olub, öz baxışını müqəddəsləşdirən, rasional görmədiyi hər şeyi yadlaşdıran, başqa görüşlərə yuxarıdan aşağı baxan münasibət formalaşdırır. Bəşər tarixinin ən qanlı müharibələrinin, ən çox ölümlərinin, onların "maariflənmiş" təfəkkürü dövründə baş verdiyini xatırlasaq, ənənə, əxlaq, din, tanrı, ara təşkilatlar kimi özünü məhdudlaşdıran bütün bağlardan qopduğunda təfəkkürün hansı bir "frenkeştayn"a çevrilməsini təsəvvür etmək çətin deyil. Bu gün insan embrionu ilə oynayaraq süni bir insanın yaradılması fikri hər kəsi haqlı olaraq narahat edir.

Bəşəriyyətin sonunu gətirə biləcək bu prosesdə təfəkkürün bütün dəyərlərdən təcrid olunmasına işarə edən Fransız tipli maarifçiliyin yeri danılmazdır. Süni insanda artıq insan ağlına da ehtiyac duyulmur.

Küçə hərəkatının, ya da inqilab yolu ilə hakimiyyəti devirmənin ölümcül nəticələrə səbəb olacağını hələ inqilab zamanı yazdığı "Fransadakı inqilab haqqında düşüncələr" kitabında Edmund Börk (Edmund Burke) çox qısa və aydın şəkildə bildirmişdi. Bərat Özipekin qeyd etdiyi kimi, Börk bunları bildirdiyi zaman hələ yakobinçilər hakimiyyətə gəlməmiş, azadlıq, bərabərlik, qardaşlıq prinsipləri qana bulaşmamışdı. Hələ  Kral və Kraliça daxil olmaqla, yalnız zadəganlardan və din adamlarından deyil, adi insanlardan da minlərləsi  gilyotinə göndərilməmişdi. Robespyer “müdrik” terror rəhbərliyi ilə mötədil rəqiblərini edam etdirməmişdi. Bu edamlardan sonra Robespyer özü də edam edilməmişdi.

 Hazırda Fransadan yeni bir qaydasız  və qanunsuz bir dalğanın dünyaya yayılacağı ehtimalı var.

Bu qanunsuzluq başqa Qərb ölkələri də olmaqla, bir çox ölkəyə və cəmiyyətə ciddi zərər vermə potensialı daşıyır. Bəli, buna oxşar hadisələr Türkiyədə, və ya başqa  cəmiyyətlərdə olsaydı, şişirdilərək, nümayişçilər ideallaşdırılaraq, hadisələrin yaşandığı dövlətlər və cəmiyyətlər alçaldılaraq təqdim olunardı. Belə olsa da ,"yaxşı oldu" deyə bilmərik. Qərb, ya da fransızlar bizim müəllimimiz deyillər. Biz hər vəziyyətdə  imperiya xəyalları olan Qərb dövlətlərinə qarşı da ədalətliyik, Qərb cəmiyyətlərini və bəşəriyyəti düşünürük.

 

 



Әlaqәli Xәbәrlәr