Şou, müxalifət və ya iqtidar dili

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. ("Qlobal pespektiv"_49 (05.12.2018)

1100318
Şou, müxalifət və ya iqtidar dili

Şou, müxalifət və ya iqtidar dili

  Yol aldığımız qloballaşma dövrü həyatımızı çox istiqamətli olaraq dəyişir. Keçmişdə uzun əsrlərə sığmayan dəyişikliklər bu gün qısa zamanlara yerləşdirilir. Sosioloq Devid Harvey (David Harvey) bu vəziyyəti "zaman və məkan düşməsi" adlandırır. Yeni zəmanədə hadisələr, münasibətlər, dəyişikliklər o qədər sürətlə axıb-gedir ki, insanın başı gicəllənir.

  Uzaq məkanlar yaxınlaşmaqda, yaxınlar isə uzaqlaşmaqdadır. Əvvəllər məchul olan anlamlar bu gün məlum olur, tanınanlar isə tanınmaz hala düşür. Orteqa Qassetin (Ortega Gasset) qeyd etdiyi kimi, "Gələcək sivilizasiya çox müşkül problem deməkdir. İnkişaf artdıqca dövrün üzləşdiyi təhlükə də böyüyür. Həyat hər gün daha yaxşı, daha gözəl olsa da, bunun qaçılmaz nəticəsi daha mürəkkəb, daha çətin olmasıdır".

  Çox müxtəlif şəxslərlə, mədəniyyətlərlə, qurumlarla bir arada olmaq fərdlərin, təşkilatların, dövlətlərin bir-birilə necə bir dillə danışmaq və ünsiyyət qurmaq məsələsini ortaya çıxarır. Çünki ənənəvi əlaqələrin itməsi, həyatın çoxşaxəli mürəkkəb hala gəlməsi, fərqli simalarla eyni mühitləri bölüşmək qeyri-müəyyənlikləri artırır. Bu gün qlobal təcridetmə, nifrət və yadlaşmanın bir səbəbi də məhz qarşı-qarşıya qaldığımız bu qeyri-müəyyənliklərdən doğur.

  Düzdür, istifadə edilən dil və tərz əslində həmişə əhəmiyyətlidir. Amma qeyri-müəyyənlik dövrlərində dil, üslub, tərz və mövqe fərdi, qrup, təşkilat və ya dövlətlərarası münasibətlərin formalaşmasında daha təsirli olur. Adi vaxtlarda xoş və ya normal görünən bir davranış qeyri-müəyyənlik vəziyyətində ciddi narahatlıqlar yaradır.

  Necə bir dil, üslub və tərz lazımdır: şou, müxalif, yoxsa iqtidar?

  Fərdlər, icmalar, təşkilatlar, dövlətlər olaraq ətraf mühitdə bizə bənzəyən və ya bizdən fərqlənənlərlə necə bir dil və tərzdə danışmalıyıq? Bu sualın cavabı bəzən qəbul etmədiyimiz əməlləri və ritorikaları əlaqələndirmək baxımından mənalıdır.

   İnsanlararası münasibətlərdə hansı vəziyyət daha önəmlidir? Adamlara qarşı daim aqresiv dildən istifadəmi? Yoxsa daim tənqidi üslubla "cənab müxalifət"də qalmaq? Ya da kim olursa olsun, qurucu, inşaedici bir əlaqə forması yaratmaq, yəni iqtidar dilindən istifadə etmək?

  İslam ölkələrindən keçmiş nazir, millət vəkili və ideoloqların iştirak etdiyi bir tədbirdə mən də var idim. Bir oteldə təşkil edilən toplantı xalqa açıq deyil, qapalı bir görüşüydü. Çıxışlar çox hərarətli idi. Hər natiq tribunaya qalxır, “vallah, billah, tillah” ərəbcə ifadələrlə həyəcanlı çıxışlar edir, salondakılar yerində zorla dayanaraq atılan şüarlardan sanki inləyirdi.

  Söz mənə gəlincə belə çıxış etdim: "Bəli, İslam dünyasının son dərəcə acı, son dərəcə yandırıcı problemləri var. Amma bu, qapalı bir toplantıdır, problemləri sakit başla müzakirə və həll etməliyik.

  Təxmin etdiyim kimi oldu: odlu çıxışlar arasından sakitliyə çağıran nitqim iclasda az alqış aldı.

  Bununla yanaşı, bu görüş mənə üç növ danışıq dili və üç tərz formasını öyrətdi.

  Birinci dil və vəziyyət küçə və ya şou dilidir. Şou dili zaman-zaman istifadə edilməsi lazım olan son dərəcə təsiredici bir dildir. Mitinq, nümayiş və etirazların məqsədinə çatması üçün ən təsirli yollardan biridir. 15 İyulda (2016) olduğu kimi, bəzən başqa heç bir üsulla verilməyəcək bir mesaj və ya duruş ancaq küçənin dili, yəni şou dili ilə ortaya qoyula bilir. Amma bu dilin lazım olanda istifadəsi təsirli olur. Daim küçəyə çağıraraq, şou diliylə mesaj verərək qurucu və möhkəm əlaqələr qurula və ya sistemler inkişaf etdirilə, mədəni dərinlik, kültür zənginliyi yaradıla bilməz.

  İkincisi müxalifət dilidir. Müxalifət dili bir sistem içində qalaraq, qurmaq deyil, sadəcə hakimiyyəti, idarələrini, ətrafındakı icraçı insanları tənqid edən bir dildir. Buna yoldaşlıq münasibətləri zəif olan, bəzi işlərdən sızlayan, bir həll yolu təklif edə bilmədən daim tənqidçi mövqedə duran siyasi partiyaları misal göstərmək olar. Amma tənqid hədəqədən çıxanda disfunksional tənqidlərdən dağıdıcı tənqidlərə qədər uzanıb gedir. Halbuki iradlar bir təkliflə birgə ediləndə və ya konstruktiv olanda insanları da, qurumları da inkişaf etdirə bilər.

  Üçüncüsü dil isə hakimiyyət dilidir: qucaqlayıcı, qurucu, inşaedici bir dil, bir tərz. Bu dil təkcə siyasi hakimiyyətlər deyil, sadə insanlar üçün də əsasdır. Bəzi insanlar digərlərilə aksiya və ya tənqidi dillə yanaşı, iqtidar dili ilə də münasibət qurur, ətrafındakıları öz yürüşlərinin bir parçası halına gətirmə səyi içində olurlar.

  Gənc yaşlarda insanın daha cəsur və daha müxalif bir dillə danışması normal qarşılana bilər. Çünki gənclik illəri insanın dəliqanlılıq dövrüdür. Amma yaş və ya məqam artdıqca sizdən daha çox hakimiyyət dili ilə danışmaq gözlənilir. Necə deyərlər, "Tac qoyulan baş ağırlaşar".

   Bir anlıq düşünün. Yaşınızı-başınızı almış, müəyyən səviyyəyə gəlmisiniz. Amma insanlarla münasibətdə hələ də üsyan şəklində, nəticəyə töhfəsi olmayan xroniki müxalif mövqedəsiniz. Halbuki müəyyən bir yaşa, məqama gəlmiş insanlardan daha ciddi duruş, problemlərə daha həlim yanaşma gözlənilir. Qurucu, inşaedici dildən istifadə şəxslərə, birliklərə, təşkilatlara, dövlətlərə hər zaman xeyir gətirir. İnsan əlaqələrində tərziniz və istifadə etdiyiniz dil münasibətlərə bilavasitə təsir göstərir.

  Bu üç dildən başqa, müəyyən mənfəət əldə etmək üçün daim qarşısındakını təsdiq edən yaltaqlıq dili də vardır ki, bu dil ilə insan öz eqoizminə xidmət edir, çevrəyə, vətənə, dövlətə heç bir xeyri dəymir.

  Şou və müxalifət dili ilə müqayisədə hakimiyyət dili müəyyən yetkinlik və təcrübə istəyir. Həm də müəyyən bir proses tələb edən hakimiyyət dili müəyyən səhvlərdən öyrənilərək, dərslər çıxararaq inkişaf etdirilən bir dildir. 

  Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim etdik.

 



Әlaqәli Xәbәrlәr