Böyük Turana belə sığmayan şair

Böyük Azərbaycan şairi Hüseyn Caviddən bəhs edir Gülparə Bayram. “Türk avazı” radio verilişini oxuya və dinləyə bilərsiniz.

1018515
Böyük Turana belə sığmayan şair

                   Sərpildi alov ruhuma süzgün baxışından,

                   Sarsıldı bütün mənliyim ey afəti-dövran.

                   Gəl-gəl olayım səndəki hər cilvəyə qurban

                   Bilməm niyə getdin, niyə döndün, niyə baxdın

  Hüseyn Cavid! Yaşadıgı dövrə,zamana sıgmayan,vaxtı qabaqlayib ondan ucada duran  Hüseyn Cavid! Yer insanlarının qurtuluşuna çalışan göy adamı, səma şairi Cavid Əfəndi! Bütün əsərlərində həqiqət axtaran, yerdəki topluma ucalardan uca göy idrakı aşılayan, ədalətsizliyə qarşı hər zaman barışmaz olan Hüseyn Cavid! Zamandan üstün bir zəka!

                  Yetməzmi bu zillət, yetməzmi nəhayət!     

                   Elmimdəki nöqsan ilə cəhlimdəki ürfan

                   Hər an dogurur məndə bir üsyan, üsyan

                   Gənc ömrümü atəşli tikanlar gəmirirkən

                   Üsyan edərəm varlıga birdən

                   Üsyan, Üsyan

                   ölü adət və təriqətlərə üsyan, Üsyan

                   Uydurma həqiqətlərə üsyan!

  Dünənki gəncliyin sevdiyi şair olan Cavid bu günün gənclərinə də bir o qədər dogmadır. Çünki böyük şəxsiyyətlər fiziki həyatlarını başa vurduqdan sonra əbədiyyət ömrü yaşayırlar. Hər nəsillə yenidən dogula bilirlər. Elə buna görə də Cavid hər zaman müasirdir. Şerinin tərzi qoca olsa belə. Zamanın sərt aşırımlarını adlayaraq hər gün xalqina bir az daha yaxınlaşır Cavid Əfəndi. Şerlərində qayidir,nəgmələrində qayıdır!

  Bilmədim, uydum şu məcnun könlümün fəryadına,

  Eşqə dil verdim, bəladan başqa bir şey görmədim.

  Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,

  Bən hənüz əsla cəfadan başqa bir şey görmədim.

  Gözəlliyi, sevgini öz tanrısı bilən Cavid neft buruqlarından, əmək qabaqcıllarından, tarla qəhrəmanlarından tərənnüm dolu süni misraların sayını artırmadı . Öz sənət idealına, öz yoluna xəyanət etmədi. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.

                   Mən fəqət hüsnü-xuda şairiyəm

                   Yerə enməm də səma şairiyəm!

   Hüseyn Cavid  qəlbinin dediklərini yazdı, ömrü boyu həqiqətin insanlıgın, sevginin, gözəlliyin əsiri oldu. Cavid görə “fəda olmaq yaşamaqdan üstündü”, “məhəbbətdir ən böyük din”, Cavid deyirdi: “kədər idrak və düşüncə əlamətidir”,” mütləq həqiqət eşqdir”.

                   Nə eşq olaydi, nə aşiq

                   Nə nazlı afət olaydı

                   Nə xəlq olaydı, nə xaliq

                   Nə eşqi-həsrət olaydı.

   Azərbaycan ədəbiyyatının söz və fikir zədəganı Hüseyn Cavidin “İblis”, “Şeyx Sənan”, “Peygəmbər”, “Topal Teymur”, “Azər”, “Səyavuş”, “Afət”, “Ana”, “Xəyyam”,” İblisin İntiqamı” və başqa ölməz əsərləri vardır. Cavid “Topal Teymur”da fatehliyin faciəsini göstərib, Şeyx Sənanda bütün dinlərdən, təriqətlərdən üstün olan eşqi tərənnüm eliyib. Şeyx Sənan göyə can atmaq, ucalmaq rəmzidir. İnsanın öz daxili aləminə baş vurması, ülviyyətə çatmasıdır. “İblis”də insanlıga səslənir Cavid. İblislik-insansızlıqdan yaranır. Yer idrakında  toplumun  İblis adlı bir səcdəgahı var. Zülmət gətirən bu idrakdan fitnə-fəsad, şərdən yogrulmuş işlər törəyir, xürafat, cəhalət yaranır. Iblisləşən yerə göy ruhu, səma təmizliyi, mənəviyyat gərəkdir. Cavid haray çəkir,topluma səslənir:

                   Yarəb bu nə dəhşət, nə fəlakət

                   İblisəmi uymuş bəşəriyyət?

         Böyük romantik, filosof şair Hüseyn Cavidin faciəsi onda idi ki, səmalarda xəyaldan ucaltdıgı söz məbədi yer həqiqətləri ilə toqquşur və çilik-çilik olurdu. Onu ittiham edirdilər ki “sosializmin nailiyyətlərindən”, əmək qabaqcillarından yazmır, günün nəbzini tuta bilmir. Demə Cavid Əfəndi əsrin nəbzini tuta bilibmiş.

 Hüseyn Abdulla oglu Rasizadə (Hüseyn Cavid), 1882-ci ildə Naxçıvanın Şaxtaxtı kəndində ruhani ailəsində dünyaya gəlib. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini Məmməd Tagı Sidqinin “məktəbi-tərbiyyə” adlı yeni üsullu məktəbində alıb. 1899-1903 –cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin”Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. 1905-ci ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsinə daxil olmuş, 1909 cu ildə buranı bitirmişdir. Əvvəl Naxçıvanda, ardınca  Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda  müəllimlik etmişdir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid fəlsəfi və tarixi mövzularda yazdıgı dram əsərləri ilə milli teatr mədəniyətimizin inkişafına çox böyük töhfələr vermişdir.

  XIX əsrin ikinci yarısından başlayaraq Ziya Gokalp, Yusuf Akçura, İsmayıl bəy Gaspiralı, Əlibəy Hüseynzadə kimi türkçülər vahid türk dövləti-Turan yaratmaq ugrunda mübarizə və fikir mücadilələri aparırdılar. XX əsrin əvvəllərində bu incə yolda olanlardan biri də Türkçü şair Hüseyn Cavid idi. Türan böyük Türküstan deməkdir. Bu gün türk sözü daha çox türkiyə türklərinə verilən ad kimi qəbul edilsə də əslində bütün Türküstan türklərinə aiddir. Yəni tatarları, türkmənləri, qazaxları, azəriləri, özbəkləri, qırgızları, yakutlarıyla birlikdə ortaq adımızdır . Bütövlükdə türkçülük, xüsusən də turançılıq ideyası Sovet rejimini çox qorxudurdu. Böyük Türk dünyasını zor gücünə manqurtlaşdırma siyasəti aparan sovet imperiyası,-

                   Turana qılıncdan daha kəskin, ulu bir qüvvət,

                   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.-deyən

  Turançı Cavidi sözsüz hədəfə alacaqdı. Mənəviyyatımızın məhşər gecəsi- 1937 ci il 3 iyunda Hüseyn Cavid həbs edilir. Cavid və dövrünün digər dəyərli ziyalıları bu gün bir şərəf rəmzi sayilan, o zaman isə ən təhlükəli ad olan pantürkist adı ilə həbsə atılırdılar. Hüseyn Cavid 1939 cu ildə Sibirə sürgün edilir və 1941-ci il dekabrın 5-də imperiyanın soyuq İrkutsk vilayətinin Şevçenko kəndində don vurmasından dünyasını dəyişir. Repressiya illərində 27584 Azərbaycan vətəndaşı güllələndi, yüz minlərlə insanımız sürgün edildi. Onların arasında 27 nəfər Yazıçılar İttifaqının üzvü vardı. Bununla baglı məhşur fikir adamı, filosof Asif Əfəndiyev yazır:” 1920 –ci ildə xalgın başını kəsdilər, 1937-ci ildə isə ürəyini yedilər” İmperiya bu xalqın ruhunu sarsıtmaq üçün əlindən gələni etdi. Hüseyn Cavid deyirdi:”Zaman gələcək yazılmamış əsərlərimə, qaranliq zindanıma xalqım da aglayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz ziyalılar üçün nə qədər təəssüf ediləcək.”

         Hüseyn Cavidin həbsindən sonra ailənin çətin günləri başlayır. Gözəl rəsmlər çəkən, incə musiqilər bəstələyən Ərtogrol Cavid  24 yaşindaykən vəfat etdi. Yalnız 24 bahara sigmayacaq qədər dəyərli işlər gördü. Bir gül ömrü qədər qısa həyatında ən saf, ən ülvi hisslərini, yaşantılarını çilədiyi sevimli bəstələr yaratmaga macal tapdı. Müşginaz xanım ömür- gün yoldaşının və gənc Ərtogrulunun nisgilini qəlbində yaşadaraq köçdü bu dünyadan.  Türan xanım günlərdən yox, əzablardan ibarət olan amansız bir tale yaşadı. Cavid bu nəcib söz evdə tez-tez səslənsin deyə qızına Turan adını vermişdi. O adına layiq bir qürur, yenilməzlik rəmzi oldu. Üzərində yazılmış üç şərəfli adı məgrurcasına daşıdı ömrunun sonunadək: Hüseyn Cavid, Müşginaz Cavid, Ərtogrol Cavid.

         1982-ci il noyabrın 3-də  Naxçıvanda qeyri-adi hadisə baş verirdi. Bu qədim, ulu torpaq böyük şairini ölümündən 41 il sonra, 100 yaşının tamamında bagrına basırdı.

                   Hər qaranlıqda çırpınır bir nur,

                   Hər həqiqətdə bir xəyal uyuyur!

- demişdi böyük şair və elə Cavid ömrü özü də yuxu ilə gerçəkliyin, xəyalla həqiqətin qovuşagında yaşanan bir ömür idi.

  1996-cı ildə Hüseyn Cavidin məzarı üstündə şairə xatirə türbəsi ucaldıldı və övlad sevgisinin canlı heykəli olan Türan Cavidin arzusu ilə   Bakıda dəfn edilmiş Müşginaz xanımın və Naxçıvanda torpaga tapşırılan Ərtogrol Cavidin məzarları türbəyə gətirildi. 1937-ci ildə ayrılan ailə üzvləri 59 ildən sonra yenidən qovuşdular. 2004-cü ildən isə ailənin sonbeşiyi Türan xanım əzizlərinin yanında uyuyur. Hüseyn Cavidin öz sözləri ilə desək ölüm başqalarını ayırırkən onları birləşdirdi.

  Bu gün Hüseyn Cavid dogma yurdu Naxçıvanda rahatca, sakitcə uyuyur, lakin ruhu Altay daglarından tutmuş Agrıdagınadək bütün türk ellərini dolanmaqdadır. Böyük Türana belə sıgmayan şairin ana yurdu Naxçıvan olsa da Cavid Əfəndi özü bütün Türk dünyasınındır!

Səmadan enmiş, ilahidən gəlmiş sözlə yol yoldaşı Caviddən bəhs etdi Gülparə Bayram.



Әlaqәli Xәbәrlәr