Türk Dünyasından Xəbərlər

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

865750
Türk Dünyasından Xəbərlər

Qazaxıstanın ASELSAN Engineering şirkәtinin (KAE) baş direktoru Tarık Ziya Kaboğlu  Anadolu Agentliyinә müsahibә verib.

T.Z.Kaboğlu 2011-ci ildә Qazaxıstan vә Türkiyәnin birgә yaratdığı Qazaxıstan ASELSAN Engineering şirkәtinin (KAE) 2013-cü ilin dekabr ayında 44 milyon dollarlıq kapitalla fәaliyyәtә başladığını bildirib.

Baş direktor Astana Neytral İqtisadi Zonasında yerlәşәn Qazaxıstan ASELSAN Engineering fabrikinin investisiya hәcminin 4 ildә 50 milyon dollara çatdığını  söylәyib.

Hәm strateji, hәm dә ticari quruluş olan Qazaxıstan ASELSAN Engineering şirkәtinin (KAE) 10 illik iş planı çәrçivәsindә texnoloji hәdәflәrini hәyata keçirdiyini ifadә edәn şirkət rəhbəri müәyyәn olunan yol xәritәsi çәrçivәsindә elektro-optik mәhsulların istehsalı ilә yanaşı hәrbi platformaların modernlәşdirilmәsini də planlaşdırdıqlarını deyib.

Simsiz çihazların istehsalının da həmin plana daxil olduğunu deyən T.Z. Kaboğlu yol xәritәsinin Qazaxıstan Müdafiә Nazirliyi tәrәfindәn tәsdiq edildiyini bildirib. 

Baş direktor istehsal etdiklәri 12.7 mm Sarp silah sisteminin Qazaxıstan Paramount Engineering şirkәtinin Arlan maşınına yerlәşdirilәrәk  2016-cı ildә Qazaxıstan dövlәtinә tәhvil verildiyini diqqətə çatdırıb.

O, 36 avtomobilin Qazaxıstan ordusu tәrәfindәn  sınaqdan keçirildiyini və qәbul olunaraq inventara daxil edildiyini bildirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2020-ci il üçün  strateji hәdәflәrinin Qazaxıstan mәhsullarının ölkә xaricinә ixrac edilmәsini ehtiva etdiyini bildirәn T.Z. Kaboğlu Qazaxıstanın Müdafiə, Aeronavtika və Kosmos Sənaye Nazirliyinin onları bu məsələdə dəstəklədiyini vurgulayıb və bildirib ki, bu il Özbəkistanda prezident N. Nazarbayevin də iştirak etdiyi sərgidә  müdafiə sənayesi məhsullarını sәrgilәdik. Özbək hərbi qüvvələri silah sistemlərimizi sınaqdan keçirdikdən sonra onlardan da sifariş daxil olub. Şirkət Türkiyənin xaricində ilk dəfə Türk respublikalarından Özbəkistana da məhsul ixrac edəcək. 

Şirkətdə 30-u mühəndis, 35-i texniki işçi və inzibati personal olmaqla  96 Qazaxıstan vətəndaşının çalışdığını bildirən Kaboğlu, texniki işçilərin hamısının yaxşı təhsil aldığını və diqqәtlә  seçildiyini də xüsusilə qeyd edib. 

Növbәti xәbәrimiz Azәrbaycanla bağlıdır.

Adana Böyükşәhәr Bәlәdiyyә sәdri  vә Çukurova Bәlәdiyyәlәr Birliyinin sәdri Hüseyin Sözlünün  rәhbәrliyi ilə nümayәndә heyәti Azәrbaycanda səfərdə olub. 
Çukurova Bәlәdiyyәlәr Birliyinin nümayәndә heyәti danışıqlar çәrçivәsindә Azәrbaycan Şәhәr Bәlәdiyyәlәri Birliyinin nümayәndәlәri ilә görüşüb.

Azərbaycan Şəhər Bələdiyyələri Milli  Assosiasiyasının sədri Tәhmiraz Tağıyev görüş zaman hər məsələdə qardaş ölkə Türkiyənin dəstəyini hiss etdiklərini deyib.

 Adana Böyükşəhər Bələdiyyəsinin sədri H. Sözlü dә  Azərbaycanın hər ötәn gün inkişaf edərək gələcəyə güclü addımlarla irəlilədiyini bildirib.

 O,  "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. Əməkdaşlığımızı daha da inkişaf etdirərək gələcəyi daha möhkəm təməllər üzərində qurmalıyıq" deyə bildirib. 

Çıxışlardan sonra  tərəflər arasında əməkdaşlıq protokolu imzalanıb.

Növbәti xәbәrimiz Türkiyə ilə bağlıdır.

Türkmənistanın Türkiyədəki səfiri İşankuli Amanlıyev  Karabük Universitetində  təhsil alan türkmənistanlı tələbələrlə bir araya gəlib.

Karabük Universitetinin nüfuzlu universitet olduğunu ifadə edən səfir görüşün məqsədini açıqlayaraq bildirib ki,  hər şeydən əvvəl  burda təhsil alan tələbələrlə yaxından tanış olmaq,  ölkəmizdə baş verənlər vә  dövlət başçılarının yürütdüyü dövlət siyasətinin xüsusiyyətlərindən bəhs etmək, həmçinin burada təhsil alan Türkmənistan vətəndaşlarının hansı  problemlərlə üzlәşdiklәrini  öyrənməkdir.

İ. Amanlıyev  həmçinin tələbələri Türkmənistanın dövlət müstəqilliyinin 26-ci ildönümü  münasibәtilә  təbrik edib.

Karabük Universiteti rektorunun müavini Prof. Dr. Əli Günəş də universitetdә 358  türkmənistanlı tələbənin tәhsil aldığını vә bu tələbə mübadiləsindən mәmnun olduqlarını ifadә edib.

Proqramımızın sonuncu xәbәri isə Özbәkistanla bağlıdır.

Özbəkistandakı məscidlərdə səsgücləndiricilərlə azan oxunmasına başlanıb.

Ölkənin  din xadimlәrinin Daşkənddə keçirdiyi toplantı zamanı azanın səsgücləndiricilər vasitəsilə oxunmasının gündəmə gəlməsindәn sonra Daşkənd başda olmaqla bir çox bölgədə bu üsul  tәtbiq edilib.

Özbəkistan Müsəlmanları Dini İdarəsindən məsələ ilə bağlı  açıqlama verilmәsә dә yerli mətbuatda yayılan xəbərlərdə  paytaxtla yanaşı  ölkənin digər bölgələrində  azanın  sözügedən qaydada oxunduğu ifadә edilib.

Qeyd edәk ki, Özbәkistanda  bundan öncə yalnız bayram vә sübh namazı zamanı  sәsgücləndiricidən istifadә olunurdu.



Әlaqәli Xәbәrlәr