Çində yeni dövr və Çin-Türkiyə münasibətləri

Çin onlara təzyiqi azaldarsa, Türkiyə-Çin ikitərəfli əlaqələri səmimi və sürətli inkişaf yolu ilə irəliləyər.

846660
Çində yeni dövr və Çin-Türkiyə münasibətləri

  Çin Kommunist Partiyasının son konqresi ilə birlikdə Çinin yeni bir dövrə girdiyini deyə bilərik.

  “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında (45-ci, 9 noyabr 2017) Çində yeni dövr və Türkiyə-Çin münasibətlərindin bəhs edəcəyik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Çin təxminən 1 milyard 400 milyon əhalisi ilə dünyanın ən böyük ölkəsi sayılır. Hakimiyyətə 98 milyon qeydiyyatlı üzvü ilə dünyanın ən böyük siyasi partiyası olan Çin Kommunist Partiyası rəhbərlik edir. Bu nəhəng ölkə tək partiya ilə idarə edilir və hər cür müxalifət də elə partiya içində baş verir.

  Çin Kommunist Partiyası ənənəvi olaraq beş ildə bir milli konqres keçirir. 2017-ci ilin 18-24 oktyabr tarixlərində Partiyanın 19-cu milli konqresi oldu. Şi Cinping 2300 nümayəndənin səsilə 25 nəfərlik Kommunist Partiyasının Mərkəzi Komitəsində daxili rəqiblərinin sayını azaltdı, müttəfiqlərinin sayını artırdı. Şi Cinpin1 həm də ölkənin bir növ konstitusiyası sayılan Kommunist Partiyası Nizamnaməsinə öz adını rejimin banisi Mao Zedunqun adı ilə yanaşı yazdırdı. Bundan başqa, 2013-cü ildə Qazaxıstandakı bir konfransda ortaya atdığı "Bir nəsil, bir yol" layihəsini Çinin rəsmi siyasətindən biri etdi.

  Çin rəhbəri Şi Cinpinq adını və layihələrini partiya nizamnaməsinə daxil etdirməklə hakimiyyətini daha da möhkəmləndirmiş oldu. Beləliklə, Şi Cinpinqin adı hələ sağlığında ikən Çinin konstitusiyasına salındı.

  Türkiyə ilə Çin arasında diplomatik münasibətlər 1971-ci ildə qurulub. İki ölkə arasında əməkdaşlıq hər iki ölkənin də xaricə açılmağa başladığı, iqtisadi və siyasi olaraq yüksəldiyi 80-ci illərdən etibarən hərəkətlilik qazandı, 2010-cu ildə isə strateji əməkdaşlıq səviyyəsinə yüksəldi.

  Son zamanlar Çin və Türkiyə arasında qarşılıqlı rəsmi səfərlərin artması iki ölkə arasında əlaqələrin daha da yaxınlaşmasına səbəb olur.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin may ayında Çində keçirilən "Bir nəsil, bir yol" Sammitində iştirak etdi. Ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə avqustun əvvəllərində Çinə getdi.

  Bu gün Türkiyə xarici siyasətdə alternativlərini çoxaltmaq istəyir. Bu baxımdan Çinlə münasibətləri inkişaf etdirmək də Türkiyə hökumətinə əhəmiyyətli görünür. Çinli liderlər Türkiyəni Yaxın Şərqdə bir güc mərkəzi görür. Türkiyənin "Orta dəhliz" təşəbbüsü ilə Çinin "Bir nəsil, bir yol" layihəsi bir-birilə çox uzlaşır. Çünki hər iki ölkə qədim İpək Yolunu canlandırmağı qarşısına məqsəd qoyub. Türkiyə Çinin Avropa bazarlarına daxilolma yolunda yerləşir. Bu baxımdan Türkiyənin Çinlə Avropa bazarlarını bir-birinə bağlayan qlobal tədarük zəncirlərinin mərkəzində yerləşməsi ona böyük faydalar verəcək.

        Çin Türkiyə üçün Almaniyadan sonra dünyada ikinci, Uzaq Şərqdə isə ən böyük ticarət tərəfdaşıdır. 2016-cı ildə Türkiyənin ixrac ölkələri arasında Çin 19, idxal ölkələri sırasında isə 1-ci yerdədir.

  2016-ci il məlumatlarına görə, Türkiyənin Çinə ixracatı 2 milyard yarıma yaxın (2,32 milyard), idxalı isə 25,44 milyard dollardır. Bu vəziyyət ikili ticarətdə Türkiyənin 23,12 milyard dollarlıq itkisi deməkdir. Yaxın gələcəkdə bu vəziyyətin düzəldilməsi üçün Türkiyə çalışmalarını davam etdirir.

  Çin böyük bir dövlət olaraq özünə daha çox güvənür və iddialı xarici siyasət yürüdür. Çin Kommunist Partiyasının 18-24 oktyabr tarixləri arası keçirilən 19-cu milli konqresinin ilk günü Şi Cinping söylədiyi uzun nitqində Çinin "böyük güc" kimliyinə dəfələrlə istinad etdi, ölkəni aşağılama günlərinin arxada qaldığını və Çinin qlobal mədəniyyət sahibi olaraq yenidən dirçəliş vaxtının gəldiyini vurğuladı. Çin hökuməti bu konqresdə verdiyi qərarlarla böyük "gələcək sıçrayış"a hazırlaşmış görünür. Yeni dövrdə Çin rifah halı yüksələn, dünyaya daha çox açılan, güclü və zəngin ölkələrlə yarışan, hətta bir çoxunun qarşısını alan, regional-qlobal rolu və fəallığı artan bir Çin olmağı hədəfə alıb.

  Türkiyə Qərb müttəfiqləri - Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə olduğu kimi Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri ilə də əlaqələrini inkişaf etdirir. Bu baxımdan Çinin qlobal siyasət və iqtisadiyyatda çəkisini artırmaq siyasəti aparması Türkiyə-Çin əməkdaşlıq layihələrinin çoxalmasına yol aça bilər.

  Çin də qərbli müttəfiqlərlə münasibətlərdə müxtəlif sıxıntılar yaşayır. Bu baxımdan, Çinlə iqtisadi, siyasi və hərbi əlaqələri gücləndirmək Türkiyə üçün cəlbedici alternativdir.

  Türkiyənin Çinlə münasibətləri gücləndirmək səyləri ortaya çox qütblü əsrə uyğunluq təmin etmək məqsədi daşıyır və qlobal siyasətdə alternativlərini artırma arzusunu əks etdirir.

  Bunu da qeyd etmədən olmaz ki, Çinlə Türkiyə arasında kritik məsələ Çində yaşayan uyğur türkləridir. Çin Türkiyə ilə inkişaf edən ikitərəfli münasibətlər fonunda uyğur türklərinə təzyiqi artıq azaltmalıdır. Çünki uyğur türkləri məsələsi iki ölkə arasıdakı əlaqələrə mənfi təsir edə bilər.

Çin onlara təzyiqi azaldarsa, Türkiyə-Çin ikitərəfli əlaqələri səmimi və sürətli inkişaf yolu ilə irəliləyər.



Әlaqәli Xәbәrlәr