Haqq sözə gərəkdi düz qiymət olsun, Qiyməti verməyə mərifət olsun...

Ozan-aşıq sənəti tarixin müxtəlif dövrlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaratmış, Kərəmin, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Veysəlin, nəhayət, Dədə Ələsgərin simasinda sirvəyə yüksəlmişdir.

788686
Haqq sözə gərəkdi düz qiymət olsun, Qiyməti verməyə mərifət olsun...

        Saz türk dünyasının, türk dunyagörüşünün şah əsəridir. Saz tarix boyu at belində dolaşan bu millətin sirdaşı, könül dostudur. Zəka  sahiblərinin söz xəsinəsinə qapı açan o sehrli simlər üzərində neçə-neçə təsəvvüf dastanları yaranıb. Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tariximizin müxtəlif dövrlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaratmış, orta yüzilliklərdən üzü bu yana isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Veysəlin, nəhayət, Dədə Ələsgərin simasinda sirvəyə yüksəlmişdir. Saz, söz sənətinə könül verən belə Haqq  aşıqları arasındadır təbiət aşiqi, gözəllik nəğməkarı, söz sərrafı Aşıq Ələsgər.

        “Dilim qələmimidir, sinəm dəftərim” deyən, bulaq kimi çağlayan söz inciləri ilə könülləri bəzəyən, dillər əzbəri olan Aşıq Ələsgər.

                Aşıq olub diyar-diyar gəzənin

                Əzəl başdan pürkamalı gərəkdir.

                Oturub-durmaqda ədəbin bilə,

                Mərifət elmində dolu gərəkdir.

                        Xalqa həqiqətdən mətləb qandıra,

                        Şeytanı öldürə, nəfsin yandıra,

                        El içində pak otura, pak dura,

                        Dalısınca xoş sədalı gərəkdir.

  Aşıq Ələsgər 1821-ci ildə qədim Oğuz yurdu, hazırda yağılar əlində olan ulu Göyçə mahalında, şair təbiətli Alməmməd kişinin ocağında dünyaya göz açıb. Ailəsi kasıb olduğundan atası Ələsgəri işləmək üçün Kərbəlayı Qurban adlı həmkəndlisinin evinə köməkçi verib. Həmin ərəfədə bu evin yeganə övladı Səhnəbanu ilə aralarında dərin eşq yaşanıb və bu sevgi onun könlündəki ilahi söz bulağının gözünü açıb. İlk məhəbbətinə qovuşa bilməyən Ələsgərin yaradıcılığında bu zaman fələkdən, zəmanədən şikayət, nakam məhəbbətinə həsr etdiyi şeirler yaranıb.

                Hər yetən gözələ gözəl demərəm,

                Gözəldə gərəkdir işvə, naz ola.

                Buxağından ətri-bənövşə gələ,

                Qoynu gülşən ola, bahar, yaz ola.

 

                Hər görəndə həsrət ilə sarışa,

                Deyə-gülə şirin-şirin danışa,

                Əl dəyəndə tez-tez küsə, barışa

                Ortalıqda söhbət ola, saz ola.

        Aşıq Ələsgər gözəllik sənətkarıdır. Onun könülləri bəzəyən qoşmaları, gərayliları, dərdlərə məlhəm təcnisləri hər zaman saz, söz məclislərinin yaraşıgıdır.

        Ələsgər şeri Azərbaycan ruhunun güzgüsüdür. Dogma yurda baglılıq, mərdlik, sədaqət, vətən sevgisi Ələsgər qoşmalarının əsas mövzularıdır.

                Xəstə üçün təpəsində qar olur,

                Hər cür çiçək açır, laləzar olur.

                Çeşməsindən abi-həyat car olur,

                Dağıdır möhnəti, məlalı dağlar.

        Sanki Dədə Ələsgər candan əziz bildiyi Göyçə dağlarının nə zamansa yağı-düşmən əlində olacağından duyuq düşübmüş, o üzdən bu misraları söyləyib:

                Mələşmir sürülər, kişnəmir atlar,

                Onçün pərişandı halların, dağlar.

  Ən uzaq bir əyalət mühitindən dünyaya yayıldı o. Sazının sehri, sözünün tilsimiylə bütün Qafqazı, türk dünyasını, Yaxın Şərqi heyrətdə qoydu Aşıq Ələsgər.

        Nələr gördüm, gəşt elədim dünyanı.

        Hər bir işin qilü-qalı varıymış.

        Yaxşı günün olurmuşsa yamanı,

        Yaman günün yaxşı halı varıymış

                Haqq sözə gərəkdi düz qiymət olsun,

                Qiyməti verməyə mərifət olsun,

                İnsanda insanlıq səxavət olsun,

                Neylərəm ki, cah-cəlalı varıymış.

  Aşıq Ələsgər şeiriyyəti insanı dağdan arana, arandan qəriblər sorağına, nakamlar toyuna, kasıblar qapısına, təbiət qoynuna, qoyunlu-quzulu dağlara, dərələrə aparıb çıxarır, insanı kövrəldir, incəldir.

   Aşıq musiqisi tarixinə məlum olan 72 saz havasına Aşıq Ələsgər əlavələr etmiş, yüzdən artıq hava çalmışdır. Bu saz havalarının hər biri xalqın sevinc, qəm, ayrılıq, vüsal, qələbə, məğlubiyyət tarixini əbədiləşdirib saxlayan sehrli rənglərdir.

  Aşıq Ələsgər şeiriyyəti ona görə dillər əzbəridir ki, onun nəğmələri taxıl kimi, dən kimi sinəsindən torpağa ələnib, təbii şəkildə göyərib, qalxıb. O, mürəkkəb həyat hadisələrini sıxıb əzmiş, ələmiş, xalqın başa düşəcəyi tərzdə poeziya nümunələri yaratmışdı. Onun misralari durna qatarı kimidir. Bir sözün çəkilişilə nizam pozular, qatar dagılar sanki. Bu şeriyyət sanki nəğmə ilə bərabər doğulub. Dədə Ələsgərin sözlərinə neçə-neçə gözəl nəgmələr bəstələnib.

        Doymaq olmur işvəsindən, nazından,

        Fərə kəklik kimi xoş avazından,

        Yel vurdu ürbəndi atdı üzündən,

        Ele bildim doğdu ay, sarıköynək.

        Aşıq Ələsgər sənəti bütöv bir mənəviyyatdır. Və bu bütövlük, bu mənəviyyat yüzilliklərin süzgəcindən keçən, bu uzun yol boyu bircə ləkə belə götürməmiş Azərbaycan mənəviyyatının göz bəbəyi kimi qorunan güzgüsü, əksi, qan yaddaşıdır. Azərbaycan türkünün ən önəmli cizgiləri böyük ustadın bizə qoyub getdiyi sənət dünyasında, söz xəzinəsində öz əksini tapıb. Onun bütün söz dünyasına türk ruhunun, türk dilinin saflığı hakimdir. Əzəmətli Aşıq Ələsgər sənətini ölməz edən də budur.

       

 

                                           İpə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr