Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

757238
Türk Dünyasından Xәbәrlәr

Birləşmiş Millətlər Təşkilatı Türkmənistanda yeni ofis acır.

Orta Asiya ölkələrinə səfər edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdü.

Görüşdə Aral gölünün bu günkü vəziyyəti,  iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələləri müzakirə olundu.
Türkmənistan hökuməti və BMT davamlı inkişafla əlaqədar ortaq ofis açmağı planlaşdırırlar.
Türkmənistan prezidenti  ofisin Türkmənistan və BMT-nin ətraf mühitin qorunması və iqlim dəyişikliyi sahəsində birgə fəaliyyət göstərməsi məqsədilə açılacağını bildirdi.
 
40 il əvvəl başlayan aqrar siyasətlərin nəticəsində Amurdərya və Sırdərya çaylarının suları Aral hövzəsinə çatmadan tükənir. Suyu 40 il əvvələ görə 10% səviyyəsinə düşən və səhra olmaq təhlükəsi ilə qarşılaşan Aralı xilas etmək üçün bir sıra qərarlar qəbul olunub, fond açılıb. 
 
Berdiməhəmmədov  BMT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Aral gölü məsələsinə çox əhəmiyyət verildiyini bildirdi.  Aral  Hövzəsi Proqramının üç mərhələsinin başa çatdığını və bu məsələ ilə bağlı  beynəlxalq səviyyədə aparılacaq fəaliyyətin vacibliyini  vurğuladı. 

Türkmənistan prezidenti  hökumətin və BMT-nin bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində xüsusi proqram hazırlamaq cəhdlərindən danışdı, BMT İqtisadi və Sosial Şurasının BMT Baş Assambleyasının 72-ci sessiyasında bu məsələni qiymətləndirməsini təklif etdi.

Növbəti xəbərimiz Azərbaycandandır.

Azərbaycana səfər edən Türkiyə Quru Qüvvələri Komandanı, ordu generalı Salih Zeki Çolak burada bir sıra görüşlər keçirdi.

Çolak Azərbaycan müdafiə naziri general-polkovnik  Zakir Həsənovla bir araya gəldi.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Zakir Həsənov görüşdə Azərbaycan və Türkiyə hərbi əlaqələrinin həm ikitərəfli münasibətlərdə, həm də NATO çərçivəsində həyata keçirildiyini, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın artdığını bildirib.

Ordu generalı Çolak da Naxçıvanda iki ölkənin silahlı qüvvələri tərəfindən başladılan ortaq hərbi təlimin əhəmiyyətli olduğunu vurğulayıb. Çolak iki ölkə arasındaki münasibətlərin tarixi köklərə və dostluğa söykəndiyini xatırladıb, Azərbaycanın Türkiyənin əhəmiyyətli tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə bölgədəki həbi-siyası vəziyyət, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasındaki əlaqələrin gələcəyi, təcrübə mübadiləsi üçün ekspertlərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin planlaşdırılması, fərqli ordu birliklərinin iştirakı ilə ortaq təlimlərin həyata keçirilməsi kimi məsələlər ətarafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan müdafiə naziri Zakir Həsənov  general Çolağı iki ölkə arasında hərbi əalqələrin gücləndirilməsində göstərdiyi xidmətlərə  görə“Hərbi Əməkdaşlıq Sahəsində Xidmət Medalı” ilə təltif edib.

Son xəbərimiz Özbəkistana aiddir.

Özbəkistan və Tacikistanın sərhədlərin müəyyənləşdirilməsi və bölgədə su bölgüsü məsələləri ilə bağlə razılıq əldə etdiklərini bildirdilər.

Bu barədə Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” yazır. Qəzetdə dərc olunan xəbərdə Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyevin təşəbbüsü ilə son dövrdə qonşu Tacikistanla münasibətlərdə müsbət irəliləyişlərin olduğu, dövlətlərin sərhədlərinin müəyyənləşdirilməsi məsələsində razılıq əldə olunduğu yazılır.

Qeyd edək ki, İslam Kərimovun prezidentliyi dövründə sərhəd qeyri-müəyyənliyi və təhlükəsizlik məsələləri ilə bağlı və başqa səbəblərdən Özbəkistan və Tacikistan araslndakı sərhəd zonalarına minalar döşənmişdi.

Sərhəd məsələsi ilə yanaşı Orta Asiya bölgəsinin ən əhəmiyyətli problemlərindən biri olan su bölgüsü mövzusu ilə bağlı danışıqların müsbət məcrada irəlilədiyi qeyd olunur.

Xəbərdə:”Vahş çayı üzərində inşa olunan “Raqun” su-elektrik stansiyası işə salındığında Tacikistanın enerji problemləri həll olunacaq, lakin  Özbəkistanın çayın suyundan istifadəsi məhdudlaşacaq” yazılır.

“Kommersant” qəzetinin xəbərində BMT-nin müşahidəsi altında tətbiq olunacaq Aral Gölü Müqaviləsinin iki ölkənin su bölgüsü məsələsində razılığa gəlmələri üçün  təkanverici faktor olacağı da qeyd olunur.

 



Әlaqәli Xәbәrlәr