Mənə İslamı anlat 8/2019

Hz. Peyğəmbər ibadətlə bağlı da ümmətinə nümunə olub.

622248
Mənə İslamı anlat 8/2019

 Uca Allah Hz. Məhəmmədə (s.a.v.) peyğəmbərliyini ayədə belə buyurub: "Ey Peyğəmbər, biz səni bir şahid, bir müjdəçi, bir xəbərdar, Allahın iznilə öz yoluna dəvət edən və işıqlandıran bir çıraq kimi göndərdik”.

  Bu ayə ilə aləmlərə rəhmət olaraq göndərildiyi bildirilən Peyğəmbərimiz həyatı boyu ona gələn vəhlərə əməl edib, dini öz həyatında yaşayıb, müsəlmanlığı təmsil edib, insanlıq üçün ən gözəl nümunə olub. Uca Rəbbimiz Quranda bunu buyurub: "Allahın Rəsulu sizin üçün Allaha və axirət gününə qovuşmağı ümid edən və Allahı çox zikr edənlərə gözəl bir nümunədir."

  Yüksək əxlaqın ən gözəl nümunələrini öz timsalında göstərən Peyğəmbərimiz (s.a.v) bu gözəllikləri tarixin səhifələrinə qızıl hərflərlə yazıb. Millətini cahil dövrün şəkk, kafirlik və zülm bataqlığından çıxararaq bir cəmiyyət halına gətirib. Bu, bəlkə də Qurandan sonra Peyğəmbərin ən böyük möcüzəsidir. Müsəlmanlar buna görə də onun əxlaqı və yolunda getmək üçün səy göstərir.

  Quran ayəsi "Şübhəsiz ki, sən böyük bir əxlaqa sahibsən" sözlərilə Hz. Məhəmmədin əxlaqını tərifləyir. Peyğəmbər özü də "Mən bu gözəl əxlaqı tamamlamaq üçün göndərildim" deyə buyurur. Başqa bir hədisdə Peyğəmbər imanla əxlaq arasında bir bağ quraraq deyir: "Möminlərin iman tərəfindən ən yetkin olanı əxlaqı ən gözəl olandır". Bundan başqa həm də onu deyir ki, "İçinizdən ən çox sevdiklərim və Qiyamət günündə mənə ən yaxın olan olanlar sizin əxlaqı ən gözəl olanlarınızdır".

  Peyğəmbərimizin (s.a.v.) yüksək əxlaqının əsas xüsusiyyətlərindən biri onun etibarlı olması idi. O, verdiyi sözü zamanında yerinə yetirən olub. Zarafatla belə heç yalan danışmayıb. Bu xüsusiyyəti sayəsində Peyğəmbər olmazdan əvvəl yaşadığı cəmiyyət tərəfindən "Əmin" adını qazanıb, "etibarlı Məhəmməd" mənasını verən “Muhəmmədül-Əmin" adlanıb. İman etməyənlər belə onu yalan söyləməklə ittiham edə bilməyiblər. Hz. Peyğəmbər hər kəsin də doğru və etibarlı olmasını istəyib, doğruluğun yaxşılığa və xeyirə, nəticə etibarilə isə Cənnətə çatacağını xəbər verib.

  Hz. Peyğəmbər xoş üzlü, gülər simalı, nəzakətli və incə ruhlu olub, daşürəkli, kobud, sərt və incidən deyil. Ağzından sərt və kobud sözlər çıxmayıb. Kimsənin ayıbını üzünə vurmayıb. Danışanın sözünü kəsməyib, bitənə qədər dinləyib. Kimsənin özəl həyatını araşdırmayıb. Son dərəcə iffət və həya sahibi olub. Özü üçün istədiyini başqaları üçün də istəyib. Ədalətdən ayrı düşməyib.  

  Peyğəmbər ona edilən pislikləri bağışlayıb, kimsəni təhqir etməyib. Mümkün qədər dəvət olunan yerə getməyə çalışıb. Azad, ya kölə, zəngin, ya kasıb, böyük, ya kiçik bilmədən bütün insanları bərabər tutub. Xüsusən, kasıb, yetim və kimsəsizlərlə daha çox maraqlanıb. Xəstələrə baş çəkib. Narazılığı və çətinlikləri olanların dərdlərini paylaşıb. Son dərəcə comərd bir insan olub. Təvazökar həyat tərzi keçirib. Allaha qul olmağı ən böyük şərəf bilib. Dünyanın keçici nemətlərinə böyük əhəmiyyət verməyib.

  Uşaqlığından təxminən 10 il Hz. Peyğəmbərin xidmətində olan Hz. Ənəsin söylədiyi bu sözlər onun əxlaqının tam bir xülasəsi mahiyyəti daşıyır: "Hz. Peyğəmbərə (s.a.v) 10 il xidmət etdim. Bir dəfə belə canı sıxılıb: “Uf, nə üçün belə etdin? Niyə bunu etmədin?” - deyə məni azarlamadı".

  Hz. Peyğəmbər ibadətlə bağlı da ümmətinə nümunə olub. O, ibadətlərdə səmimi və daimi olmağa üstünlük verib. Qulluq şüurunun hər zaman cağlam beyinlə qəbulu üçün təqvanı təklif edib, “İmanın dadı ancaq ibadət və gözəl əməllərlə dəstəklənir”, - deyib. İbadətlərə çox aludə olmasına baxmayaraq, ümmətini çətinliyə salmamaq, onları usandırmamaq üçün həmişə asan olan yolu məsləhət görüb. Namaz qılanlara uşaqlarını, analarını və yaşlıları düşünərək qısa etmələrini tövsiyə edib.

  Hz. Məhəmməd (s.a.v) mömün müsəlmanlar üçün duanın əhəmiyyətindən də bəhs edərək onun rəhmət vəsiləsi olduğunu və hesab günü xalqı üçün şəfaedici olacağını deyib. Bu barədə belə buyurub: "Hər peyğəmbərin ümməti üçün bir duası vardır. Mən də duamı Qiyamət günündə ümmətimə şəfaət üçün saxladım".

  Bütün bu xüsusiyyətləri sadalayan İslam alimləri Hz. Peyğəmbərə ümmət olan, Allahın birliyini qəbul edib şəkk gətirməyən müsəlmanların hesablarını verdikdən sonra Hz. Peyğəmbərin (s.a.v) şəfaətiylə bağışlanacaqlarını söyləyir.

 

 



Әlaqәli Xәbәrlәr