Türk tarixlərinin həkk olunduğu saray

Çehəlsütundan dünyaya səs salan tarixi divar rəsmləri

517473
Türk tarixlərinin həkk olunduğu saray

  Müəllif Sevda Mirzə.

  İshafanın Azərbaycan-Türk abidəsi Çehelsütun sarayının içərisinə keçib dünyaya səs salan tarixi divar rəsmləri və portretlərindən danışırıq.     

  Çehelsütun sarayının bütün divarları incə güzgülər, rəngli şüşələr, gözəl rəsmlər, qapı və pəncərələri isə xüsusi naxışlarla bəzədilib. Binaya zinət verən də elə bu miniatür sənət əsərləridir.

  Sarayın əsas girişinin önündə Aynalı salon yerləşir. Onun adı fərqli həndəsi formalara malik həm böyük və uzun, həm də kiçik və rəngli çoxsaylı güzgülərin olması ilə bağlıdır.

   Bu yenilik – divarların güzgülərlə nəqşlənməsi Səfəvilərlə başlanan bir sənətdir. Amma bunun da çox maraqlı tarixi var. Demək, 1-ci şah Abbas Venesiyadan böyük ölçüdə bir qədər güzgü şüşə satın alır. Aynalar İsfahana daşınmaq üçün gəmilərə yüklənir. Dənizdə şiddətli tufanın olması bütün aynaları qırıq-qırıq edir. Bu hadisə şah Abbası olduqca təsirləndirir. Amma (İsfahan) səfəvi sənətkarları sarayı qırıq güzgü parçaları ilə də bəzəyə biləcəklərini söyləyirlər. Rəssamlar çəkdikləri naxışlara uyğun olaraq bu qırılmış, sınmış, tikə-tikə olmuş güzgü parçalarını müxtəlif həndəsi şəkillərə gətirirlər. Bu hadisə İsfahanda güzgü sənətkarlığının başlanmasına yol açır və ayna sənətkarlığı texnikası ölkənin başqa şəhərlərinə də yayılır.

   Aynalı salondan digərinə adladığımız Çehelsütun sarayının ortasında qərar tutan şah salonudur. 2-ci şah Abbasın elçılər və yüksək mövqe sahibləri ilə görüşləri burda olarmış. Bu salon həm də bunanın əsas ağırlıq mərkəzidir. Uzunluğu 30, eni 6 metrdir. Onun yüksək hündür tavanı (turunc) göl motivləri ilə süslənib.

   17-ci əsrin ortalarında saray əhli divar rəsmlərinə dəstək verdiklərinə görə kitab illüstrasiyası populyarlığını müəyyən mənada itirir, əvəzində portret janrı vüsət alır və yeni üslub meydana gəlir. Bu ənənənin özülünü hər hansı əhvalatın nəql edilməsi, elegiya söylənilməsi və ya hadisələrin səhnələşdirilməsi təşkil edir. Bu sənət şah Təhmasibin dövründə Təbrizdə meydana gəlmişdi, sonralar 1-ci şah Abbas zamanı İsfahanda geniş yayılır. (Üslubun pik nöqtəsi isə Qacarların son dövrünə təsadüf edir.) Çehelsütun sarayında olan çoxlu freskalar və keramika materialından rəsmlər buna əyani sübutdur. Bu şəkillər hər görəni öz cazibəsinə salır və adamı heyran edir.

  Uzunluğu 6, eni 4 metr olan divarların dörd bir yanında yağlı boya ilə tarixi və məişət rəsmləri işlənib. Çaldıran və Karnal müharibələrini əks etdirən iki rəsmdən başqa şah zalındakı digər şəkillər, güzgülü naxışlar, divar və tavan üzərində görülən sənət əsərləri 17 əsr Səfəvilər dövrünün yadigarları, xüsusən II şah Abbasın birbaşa rəhbərliyi ilə olan işlərdir. Bunlar əsasən Səfəvi mədəniyyətinin parlaq nümayəndəsi təbrizli Rza Abbasi və onun davamçıları tərəfindən Şərq miniatürlərində əksini tapan modellər əsasında həyata keçirilib. Bu yerdə xatırlatmaq vacibdir ki, Nizaməddin Əli Rza Təbrizi (1565-1635) XVI əsrin sonu XVII əsrin əvəllərində yaşayıb-yaratmış məşhur Azərbaycan xəttatı, miniatürçü nəqqaş və şair idi. Tarixi sənədlərdə daha çox Rza Abbasi adı ilə tanınan rəssam paytaxt dəyişildikdən sonra İsfahana gətirilən Azərbaycan-türk sənətkarlarından biri idi. Abbasi ləqəbi ona 1-ci şah Abbası mədh etdiyi şeirlərinə görə deyilmişdi.

1) Şah salonunun qərb hissəsində sağdan sola doğru 1-ci şəkil Rza Abbasi Təbrizinin boya ilə çəkdiyi “Şah Abbasın ziyafət məclisi” adlı divar rəsmidir. 1621-ci ildə hakimiyyətini bərpa etmək niyyəti ilə Səfəvi şahından kömək istəyən və bu məqsədlə İsfahanda sarayda müvəqqəti sığınacaq tapan Türkistan, yəni Buxara hakimi Vəli Məhəmməd xan Özbək əyanları ilə birgə 1-ci şah Abbasın qonaqlarıdır. Şəkil şah Abbasın hakimiyyəti zamanı İranla–Səfəvi dövləti ilə Türkistan, yəni Orta Asiya arasındakı münasibətlərdə yeni dövrü nümayiş etdirir. Onlar süfrə ətrafinda yeməklərdən dadan, şərab içən, musiqi dinləyən və rəqqasələrə tamaşa edən vəziyyətdə təsvir olunublar. Bu yerdə bir faktı da söyləmək yerinə düşər. İsfahanda Səfəvi sarayında məşhur rəsmi ziyafət məclislərindən birində olmuş alman alimi və səyyahı Adam Olearis yazırdı: «Sarayda, hətta rəsmi qəbullarda belə türkcə, yəni azərbaycan türkcəsində danışırdılar. Məsələn, 1637-ci il avqustun 16-sında şah Səfi sarayda almanlara (Qolştiniyalılara) verdiyi saat yarımlıq ziyafətdən sonra qonaqlara süfrə xeyor-duasını da Azərbaycan türkcəsində verdi:

Süfrə haqqına,

Şahən dövlətinə,

Qazilər qüvvətinə

Allah deyəlim.

   Bu fakt bizimçün ona görə qiymətlidir ki, görünür, Səfəvilər dövləti 17-ci əsrdə hələ milli təbiətini – türklüyünü itirməmişdi.

2) Qarşıda - şərq tərəfdə asılan ikinci rəsmdə nəvə 2-ci şah Abbasın 1658-ci ildə (Türkistan) Buxara hakimi Nadir Məhəmməd xan Özbək üçün keçirdiyi qəbul mərasimi təsvir olunub. O da Səfəvi şahının sarayında sığınacaq tapan və kömək alan hökmdarlardan idi. Bu rəsmdə 2-ci şah Abbasın Nadir Məhəmməd xana qonaqpərvərliklə yanaşması bəlli olur. Digərləri ilə müqayisədə daha salamat qalmış bu şəkildə özbəklər Səfəvilərin qonaqpərvərliyinə ürəkdən tamaşa etdikləri vəziyyətdə təsvir olunublar.

3) Bu şəkil isə 1-ci şah Təhmasibin Səfəvilərin keçmiş paytaxtı Təbrizdə sarayda sığınacaq tapan, Monqol imperatoru sülaləsindən olan hind hökmdarı Humayun üçün təşkil etdiyi ziyafət məclisidir. Bu, tarixdə o hadisə idi ki, (1530-cu ildə) hakimiyyətdən salınan Humayun şah təqibdən yaxa qurtarmaq üçün ailəsi (arvadı) və 40 etibarlı adamı ilə Səfəvilərə sığınır, Təhmasib şah tərəfindən qonaqpərvər qarşılanır. (Bir müddət Təbrizdə qalan Humayun şahın sərəncamına 1-ci Təhmasib 12 min qızılbaş ordusunu verir. O, bu hərbi yardımla Hindistana yola düşür və düşməni Şirxanı darmadağın edib taxtını geri alır.) 

  Şəkildə Humayun şahın yanında olan əyanlar rütbələrinə görə yerlərini alıblar. Onlar hədiyyələrini şah Təhmasibə vermə sıralarını gözləyirlər. Humayun şah taxtını geri qaytarandan sonra mənşəcə Azərbaycan türkü olan məşhur miniatür rəssamı Mirseyid Əli (XVI əsr) və bir sıra başqa Təbriz rəssamlarını da Hindistana dəvət edir. Beləliklə, Təbriz rəssamlıq məktəbi 16-17-ci əsrlərdə Hindistanda Monqol miniatür məktəbinin yaranmasına təkan olur.

4) Səfəvi erasına aid edilən axırıncı böyük divar rəsmi Mərv savaşını əks etdirir, bəzi mənbələrdə buna Taherabad döyüşü də deyirlər. Bu, Səfəvi dövlətinin banisi 1-ci şah İsmayılla Mərvdə Taherabad vilayətinin hakimi, tarixdə həm də Şeybək (Şeybəxt) kimi tanınan türküstanlı (özbək) Məhəmməd Şeybani (1500-1510) arasındakı müharibəni (1510) əks etdirir. Döyüş 1510-cu ildə Özbək xanının məğlubiyyəti və ölümü ilə nəticələnir.

  Bəzi Avropa səyyahları (1874-cü ildə İsfahanı ziyarət etmiş Dieulafory) bu şəkli şah İsmayılla monqol-tatarlar arasındakı döyüş səhnəsi kimi yozur. Bəlkə də onların bu fikrə gəlməsinin əsas səbəbiŞeybaninin monqol imperatoru Çingiz xanın sülaləsindən olması idi. (Deyilir ki, Şeybək xanın sifəti rəssam Behzadın əsərindəki məşhur özbək Məhəmməd Şahbaxt xanın sifətinə oxşardır.)

  Ümumiyyətlə, İsfahanın Çehelsütun sarayındakı bütün divar rəsmlərində Təbriz məktəbi və onun məşhur portret ustalarından biri olan Rza Abbasi məktəbinin ənənələri, izləri görünür. Cizgilər daha aydın xətlərlə nəzərə çarpdırılır, rənglər zəngin və parlaqdır. İllüstrasiya edilən əhvalatlarda xarakterlər və qəhrəmanlar uydurma deyil, əksinə rəssamın yaşadığı dövrdə tanıyıb bildiyi şəxsiyyətlərdir. Üz ifadələri, dövrün əlbisələri - çeşidli arxalıqlar, köynəklər, baş geyimləri (çalmalar), silahlar, hətta bığ tərzləri və düymələr belə ayrıntılarla qələmə alınıb. Tar, kamança, ud, qaval musiqi alətlərində də uyğun rənglərdən istifadə olunub.

  Rəssamlar portretləri işləyərkən dövrün şah və əyanlarının üzlərini idealizə olunmuş formada göstərməyə cəhd edirdilər: əsas diqqəti onların gözəl görünməsinə yönəldirdilər. 

  Daha sonrakı şəkillər tarixi olmaqla həm də səfəvi şahlarının istirahət anlarını, ov zamanını, əyləncə epizodlarını, həyat sevincini göstərir. Məsələn, “Çaharşənbə Suri” divar rəsmində olduğu kimi.

  Məhəbbəti tərənnüm edən rəsmlər isə ənənəvi miniatür üslubundadır və bəzi yerlərində qızıl və gümüşdən istifadə edilib. 

  Paltarlardakı dəyişikliklər əsas etibarı ilə 17-ci əsrin əvvəllərindən –   1-ci şah Abbasın zamanından başlanıb. Bu dövrdə qızılbaş çalmalarındakı qırmızı zolaqlar daha olmadı. Köhnə Səfəvi miniatürlərindəki uzun əbalar diz qapağına qədər olan geyimlərlə əvəz edildi və üzərindən kəmər taxıldı. Bundan başqa, qadın paltarlarına örpək əlavə edildi. Bu yaylıq çiyinlərin üstünə salınır, kənarı isə başın ətrafına dolanırdı.

  Çehelsütun sarayındakı bir rəsmdə isə Avropa, Hindistan, Gürcüstan və Afrikalı insanları görürük. 1660-70-ci illərdə İsfahanda olmuş fransız səyahətçisi və antik əşyalar tacisi Jan Şardin yazıb: “Buranın əhalisinin tərkibi ebynəlmilə idi, onların arasında fars və türkdən başqa gürcü, hindli, fransız, ingilis, alman, erməni və rislar da var idi”. Bu fikirləri 17-ci əsrin ortalarında İsfahanda olmuş alman səyyahı adam Olearis (1603-1671) və italiyalı yazıçı Pietro Della Valle (1586-1652) də öz əsərlərində əks еtdiriblər.  

   Sarayın bayır divarlarının hər iki tərəfində Səfəvi dövründə çəkilən Avropalı qonaqların da şəkilləri var. Bunlar Qərb rəssamları Lokal və Anjel tərəfindən çəkilib.

  Zaman keçdikcə Çehelsütun sarayının mənəvi atmosferi və dekorasiyalarında dəyişikliklər oldu. Divar buxarıların izləri, mərkəzi zalda rəsmlərin çərçivələnməsi, yeni divar rəsmləri.

  

 

“Körpü” verilişi (13-cü), mövzu: İsfahandakı Çehelsütun Sarayı, yayınlanma tarixi: 02.04.2016. 

  “Körpü”, hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRTAzerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə, e-mail adresinə yaza bilərsiniz. 

 

 



Әlaqәli Xәbәrlәr