İranda Azərbaycanca uşaq şeirləri

Əsli Xudafərin bölgəsindən olan, hal-hazırda Tehran şəhərində yaşayan şair Bəşir Fərzullazadə Dərdoğlu Azərbaycan türkcəsində uşaq yaradıcılığından bəhs edir

477801
İranda Azərbaycanca uşaq şeirləri

  Müəllif Sevda Mirzə: Dünyanın əksər ölkələrində, o cümlədən Türkiyə və Azərbaycanda yaşayan uşaqlar ana dillərində təhsil alır, xarici dillərə də yiyələnirlər. Təəssüf ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan artıq Azərbaycan türkünün yarıdan çoxu doğma dildə təhsildən uzaqdır. Bu rəqəmin də böyük bir qismi İrandakı Azərbaycan, yəni Cənubi Azərbaycanın payına düşür.

  İranda milyonlarla Azərbaycan balası öz ana dilində danışsa da, ədəbi dil kimi onu yazıb-oxumaqdan məhrumdur. Amma sevindirici odur ki, ayrı-ayrılıqda insanlar var ki, onlar uşaq şeirləri yazır, mahnılar bəstələyir və övladlarının ana dilini qorumasına xüsusi diqqәt göstәrirlәr. Bu insanlardan biri əsli Xudafərin bölgəsindən olan, hal-hazırda Tehran şəhərində yaşayan şair Bəşir Fərzullazadə Dərdoğludur. O, sizə həm yazdığı öz uşaq şeirlərini oxuyacaq, həm onlara necə musiqi yazdırmasından və necə uşaq klipləri hazırlamağından danışacaq. 

Şair Bəşir Fərzullazadə Dərdoğlu: Mən (Cənubi) Azərbaycanın – türk xalqının sizə qucaq-qucaq salamını gətirmişəm. Mən özüm Qaradağın Araz qırağında yerləşən Cəfərquluuşağı kəndində dünyaya gəlmişəm. Bizim kəndimiz Arazın qırağında yerləşib, yəni sizin o torpaqlarınız ki indi düşüb ermənilərin əlinə, bizimlə qənşərdir. Mən Tehrandan hər vaxt, hər zaman ki kəndimizə gedəndə uşaqlıq xatirələrim məndə dirilər. Niyə? O zaman İranda – bizim kəndlərimizdə, o taylarda, bizdə işıq yoxuydu, sizdə var idi. Qatar yolları gedərdi. Gecə yatanda qatar getməsinin səsi mənim də beynimdə gedərdi. Nə mənim əlimdən, nə də ayrılarının əlindən bir iş gələrdi. Ancaq bizim gücümüz qələmə çatır.  

Müəllif: Bəşir bəy, sizin şeirlərinizin müəyyən bir qismi uşaqlarla bağlıdır. Sizin uşaqlarla bağlı şeir yazmağınızın səbəbi nədir?  

Şair Bəşir Fərzullazadə Dərdoğlu: 20 ilə yaxın qoşma, gəraylı, yəni aşıq şeirində işləmişəm. Neçə ildir ki, uşaq şeirləri üzərində çalışıram. Çoxdandı ki, bu fikir məndə var idi. Görürdüm bizim televiziyada uşaqlarımız üçün heç nə yoxdu, yəni türk uşaqları üçün türkcə heç zad görünmür.

Müəllif: Bizə də uşaqlarla bağlı yazdığınız şeirlərdən birini ifa edərdiniz, zəhmət olmasa.

Şair Bəşir Fərzullazadə Dərdoğlu:  

Gəl sayaq türk dilində. Bir Allahın adıdır,

Onun adı doğrudan ağızların dadıdır.

1-lə 1 olar 2. Bir sənin, iki mənim.  

1-dən 3-ə sən götür, hər 4-ün təki mənim.

Gəl sayaq oyuncağı, 4 ötsün 5-ə sarı.

6 olsa bölüşək, 3-3-ə sənlə yarı.

Hər nəyi bölsək yarı, 7-də qalacağıq.

Eldən elə gəzişib 8-i alacağıq.

8 iki bölünsə, hər bölgüsü 4 olar,

Bölgülər düz bölünsə, bulanıqlar durular.

Üz bir çıxar, əl əsər, san çıxanda 9-a.

Arzu odu sönərkən ürəklər dönər buza.

9-un sonu 10-dur, 11-lə dolar bara.

11 deyər sözünü qaboya, saza, tara.

Çox gözəldir 12, 10 və 11 bağlı ola.

(İmamlara işarə edir.)

O gəlsə, bil, düşəcək dünyamız bir ayrı dona.

(Bu 12-ci imam zamana işarədir.)

13-ü nəhs sayıblar ata-baba dilində.

14-ün adı əziz müsəlmanlar elində.

Say çatanda 15-ə, şirinləşər dilimiz.

5-10-15 sayarkən oxuyar bülbülümüz.

4*4 olar 16, iki 8 içində,

Atam onu öyrədib yay günündə, biçində.

16-ya bir artır, 17 ələ gələr,

Kimsəsizdən qabaqdan hər zaman dilə gələr.

İki 9 birləşsə, olacaqdı 18,

Ardınca 19-u sayacağıq dildə biz.

Dərsində ala bilməz 20-ni hər uşaq,

Bilin ki, bu qiyməti alar təkcə nər uşaq.

Müəllif: Çox gözəl. Sizdə qiymətləndirmədə ən yüksək bal 20-dir, bizdə 5. Orada maraqlananlar varmı bu şeirlərlə, yəni oxuyanlar varmı?

Şair Bəşir Fərzullazadə Dərdoğlu: Əlinə çatanlar oxuyurlar və çox sevirlər. Neçə ildir ki, bu işin arxasınca düşmüşəm. Eləyə bilmişəm 3-4 uşaq klipi də çəkmişəm, kitab da çap eləmişəm.

Müəllif: Bu kliplər, bildiyimə görə, çəkilib Savə şəhərində - Həmədanla Tehranın arasında olan əski Azərbaycan torpağında.

Şair Bəşir Fərzullazadə Dərdoğlu: Kənd ki var idi, biz bu klipləri çəkmişdik, o, bizim Qaradağın kəndlərinə oxşayırdı. Mahnının musiqisi Türkiyə sazı ilə çalınıb, bağlama ilə. Onu Adil Fərəcullahi Yanar-Sönməz çalıb. Uşaqlardan isə qızlarım Zəhra, Sona, Aysuda, bir qardaşımın oğlu Əli, bir bacımın oğlu Səid, Araz Şücayi, bir nəfər də qız Sevda Vətənsevər olub, dikləmələri o deyib.

Müəllif: Yəni şeirlərini söyləyib, səsləndirib.

Şair Bəşir Fərzullazadə Dərdoğlu: Bunun (klipin) kargərdanı – rejissoru isə Əli Rəzzayi olub.

Müəllif: Sizə minnətdarlığımızı bildiririk. Hər birimiz bir damla belə xidmət edə biliriksə, böyük bir işdir: çünki damlalar yığışır və böyük bir göl əmələ gətirir.      

   “Körpü” verilişi (16-ci), mövzu: İranda türk dilində uşaq şeirləri, yayınlanma tarixi: 23.04.2016. 

  “Körpü”, hər həftənin şənbə günü Ankara saatı ilə 10.00, Təbriz vaxtı ilə 11.30, Bakı saatı ilə 11.00-da, TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRTAzerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz. 



Әlaqәli Xәbәrlәr