Türk Adət və Ənənələri 50 /2014

Hədiyyə təkcə Türk soylu deyil, həm də bütün dünya xalqlarında olan universal bir mədəniyyət nümunəsidir.

152291
Türk  Adət və Ənənələri 50  /2014

“Türk adət-ənənələri” silsiləsindən növbəti proqramımız efirdədir. Bu gün hədiyyə alıb-verməkdən danışacağıq.

Hədiyyə təkcə Türk soylu deyil, həm də bütün dünya xalqlarında olan universal bir mədəniyyət nümunəsidir. Sadəcə hədiyyənin verildiyi zaman və səbəblər bir-birindən fərqlənir.

Hədiyyə qarşılıq gözləmədən və könüllü verilir. Bu, dostluğu daha da mehribanlaşdırmaq, sevgi-məhəbbəti artırmaq, gücləndirmək, əlamətdar günləri xatırlamaq və dəstək vermək məqsədi daşıyır. İslamda belə hədiyyə verilməsi müsbət vurğulanır. Quran "Ehsan edin, şübhə yox ki, Allah-Təala lütf edənləri sevir" deyə buyurur. Hz. Muhəmməd hədiyyəni “Allahın sevdiyi əxlaq” adlandıraraq bunun insanlar arasındakı sevgi bağlarının qüvvətlənməsinə xidmət etdiyini bildirib. Peyğəmbərin xanımı Aişə deyir ki, "Rəsulullah hədiyyə qəbul edər və ona qarşılıqsız qalmazdı. Özü də deyərdi ki, "Səfərdən döndüyünüz zaman ailənizə hədiyyə ilə gəlin".

Bir millətin varlığı onun mədəni zənginliklərini nə dərəcədə yaşatmasıyla bağlıdır. Doğum, sünnət, qız istəmə, nişan, toy, bayram kimi adət-ənənələrin ən gözəl xüsusiyyətlərindən biri bu günlərdə hədiyyələrin verilməsi, könlü sevindirməsidir.

Orta Asiyada xaqanlar, xanlar, bəylər və digər zəngin insanlar keçirtdikləri mərasimlərdə gələn qonaqlara öz mallarından hədiyyə paylardılar. Osmanlı saray və iqamətgahlarında da bu ənənə yaşayırdı, xüsusən Ramazan ayında. İftar yeməkləri zamanı “diş kirayəsi” adlanan hədiyyələr paylanar, “çanaq yağması” edilərdi.

Qədim Türklərin Yeni ili və Bahar bayramı olan Novruzda da hər kəs kiçik də olsa, yaxınlarına hədiyyə verir. Osmanlı zamanı Novruz günlərində sultan və baş vəzir tərəfindən sarayın bütün çalışanlarına hədiyyələr paylanırdı. Eyni zamanda, dövlətin vəzifəli şəxsləri Novruz münasibətilə sultana hədiyyələr təqdim edirdilər. Bu hədiyyələr əsasən at, paltar və qiymətli daş-qaşlardan ibarət olurdu.

Amma hədiyyənin maddi ölçüsü deyil, onun əhəmiyyətli gündə alınıb-verilməsidir əsas şərt. Hətta "Yarım alma, könül alma, dostum məni xatırlasın, lap bir almayla da olsa" kimi atalar sözləri hədiyyənin bu baxımdan dəyərini vurğulayır.

Həyatın, demək olar ki, hər mərhələsində hədiyyə vermək var. Doğuşdan sonra ailənin yaxınları, qonum-qonşu, tanış-biliş körpəyə dəyməyə gələrkən ona ehtiyacı olan əşyaları alıb gətirirlər. Bəziləri qızıl da bağışlayırlar. Amma körpə hədiyyələri hələ neçə illər davam edir: uşaq diş çıxaranda, sünnət toyu olanda, məktəbə ilk gedəndə, Anadoluda Quran-ı Kərim oxuyub başa çatdıranda, oğlanlar əsgərliyə gedəndə.

Ən çox hədiyyə vermə isə toy zamanı olur. Nişan və toy ərəfəsində kürəkən və ailəsi tərəfindən gəlinə boyunbağı, bilərzik, sırğa, üzük kimi qızıl zinət əşyaları, paltar, ayaqqabı, çanta və alt-üst geyimləri alınır. Toy günü gəlin və kürəkənin yaxınları gəlinə qızıl hədiyyə edir. Yeni evlənənlərə bəzi ev əşyaları və pul verirlər. Ümumiyyətlə, toyda bəy və gəlinə hədiyyə verilməsi təzə evlənənlərə ictimai yardımın bir həmrəylik nümunəsidir. Çox zaman bu hədiyyələri almazdan əvvəl onlardan nəyə ehtiyacı olub-olmadığı soruşulur.

Bayramlarda ailə böyüklərinin ziyarətlərinə gedərkən şirniyyat alıb aparırlar. Həccə gedən şəxslərə də hədiyyə verilir. Eyni zamanda, onlar Həccdən dönərkən tanış-bilişə kiçik hədiyyələr gətirirlər. Uzaq şəhər və ölkələrdən evlərinə qayıdan adamlar da həmçinin. Buna aid Anadoluda belə bir misal var: “Dəyirmandan gələndən çörək gözlə”.

Qədimdən gələn hədiyyə alma-vermə ənənələrinə zaman içində yeniləri əlavə olunub. Miladi Yeni ili, evlənmə ildönümü, analar günü, atalar günü, bir adam vəzifəyə təyin ediləndə, təqaüdə çıxanda və s. günlərdə də hədiyyə vermək artıq bir dəb halını alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr