10 il ərzində bütün ölkələri təyyarəsiz gəzdi

Gəmiçilik və logistika sahəsində çalışan və "Thor" ləqəbindən istifadə edən Pedersen 10 oktyabr 2013-cü ildə dünyanı gəzmək üçün Danimarkadan çıxıb

2021292
10 il ərzində bütün ölkələri təyyarəsiz gəzdi

 

  Danimarkalı səyyah Torbyorn Pedersen (Torbjorn Pedersen) 10 il ərzində bütün ölkələrə təyyarəsiz səyahət edib.

  Gəmiçilik və logistika sahəsində çalışan və "Thor" ləqəbindən istifadə edən Pedersen 10 oktyabr 2013-cü ildə dünyanı gəzmək üçün Danimarkadan çıxıb.

  Torbyorn bu səyahət üçün özünə 3 qayda qoyub: təyyarəyə minməmək, hər ölkədə ən azı 24 saat qalmaq və dünya turunu başa vurmayınca vətənə qayıtmamaq.

  Gününə orta hesabla 20 dollar ayıran Pedersen müəyyən etdiyi qaydalara uyğun olaraq səyahətinə Avropadan başlayıb, Şimali və Cənubi Amerika ölkələri və Afrika qitəsi ilə davam edib. 2017-ci ilin sentyabrında Afrikadan sonra Türkiyəyə keçən Pedersen Yaxın Şərq ölkələrinə yola düşüb, həmçinin Əfqanıstan, Yəmən və Suriya kimi müharibə və münaqişələrin olduğu ölkələrə də baş çəkib.

  Torbyorn Pedersen 3576 gün davam edən səfəri zamanı 203 ölkə və bölgəni gəzərək 382 min 83 kilometr yol qət edib. Bu, Yer kürəsini 9 dəfədən çox dövrə vurmaq deməkdir.

  Pedersen “Covid-19” epidemiyası ilə əlaqədar təxminən 2 il Honq Konqda yaşamalı olub.

  Səyahətilə bağlı Anadolu Agentliyinə müsahibəsində Torbyorn Pedersen dünya turu çərçivəsində Türkiyəyə bir neçə dəfə gəldiyini söyləyərək deyib: "Məncə, Türkiyə gözəl, həyəcanlı, geniş torpaqlarda qədim tarix və mənzərələrlə dolu bir ölkədir. Yeməkləri əladır. Hər kəs çox qonaqpərvərdir. Məni hər kəs evinə yeməyə dəvət edirdi.

  Açığını söyləsəm, İstanbulu çox sevdim və bu şəhərdə çoxlu dostum oldu. Düşünürəm ki, İstanbulda ömür boyu qala, yeni küçələr, məhəllələr kəşf edə bilərəm. İstanbul qeyri-adi bir şəhərdir. Mən bir dəfə oldum və bura mütləq qayıdacağam”.



Әlaqәli Xәbәrlәr