Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar saxlanılıb

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

2009622
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar saxlanılıb

 

  Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalılar saxlanılıblar. Bu barədə AZƏRTAC informasiya agentliyinə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinə sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar dərhal nəzarətə götürülüb.

  Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Eciofor Onyekaçu Benedikt (Ejiofor Onyekachu Benedict) və Emere Onyebuxi Kristiantusun (Emere Onyebuchi Christiantus) şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.

  Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.

  Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib:

  “Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr