“Cənnətdən yuxarı” Türkiyədə

Ankarada Türkiyə Yazıçılar Birliyinin “Şənbə söhbətləri” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazıçı-jurnalist Təranə Vahidin “Cənnətdən yuxarı” kitabının təqdimatı keçirilib və geniş müzakirə olunub

488663
“Cənnətdən yuxarı” Türkiyədə

  Tədbirdə yazıçının fərqli üslubda qələmə aldığı qısa hekayələrinin məziyyətlərindən söz açılıb, müəllifə yaradıcılığı ilə bağlı suallar ünvanlanıb, hekayə və esseləri oxunub. Sonda Təranə Vahid “Cənnətdən yuxarı” kitabını imzalayaraq iştirakçılara təqdim edib.

  Ankaradan sonra Kayseri şəhərinin Erciyes Universitetinin ədəbiyyat fakültəsində “Cənnətdən yuxarı” kitabının təqdimatı və imzalanma mərasimi keçirilib. Təqdimatda Erciyes Universitetinin müəllimləri Qafar Mehdiyev, Əsli Xəlilqızı, Türkiyənin tanınmış yazıçısı İmdat Afşar, Kayseri Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsmet Taymuş, universitetin müəllim və tələbə heyəti iştirak edib.

  Azərbaycan ədəbiyyatının türk dünyasında yorulmaz təbliğatçısı İmdat Afşar çıxış edərək müəllifin yaradıcılığından ana xətt kimi keçən Qarabağ hekayələrini “ən təsirli kiçik nəsr nümunələri” adlandırıb.

  Tədbirin sonunda Təranə Vahid ədəbiyyatla bağlı fikir və düşüncələrini iştirakçılarla bölüşüb, bu gün Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun əsas mövzulardan biri olduğunu qeyd edib.

  Yazıçı “Cənnətdən yuxarı” kitabının türk dilində işıq üzü görməsində əməyi olan hər kəsə - nəşrin redaktoru Əsli Xəlilqızına, kitabı türk dilinə çevirən Ünal Yoldaşa, kitabın korrektoru Fatma Nura təşəkkürünü bildirib.

 

Mənbə: medeniyet.az



Әlaqәli Xәbәrlәr