Nobel mükafatları sahiblərinə təqdim olunub

Ötən gün İsveçin paytaxtı Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib.

406174
Nobel mükafatları sahiblərinə təqdim olunub

Mərasimdən sonra qonaqların şərəfinə ziyafət də təşkil olunub.
Stokholm Filarmoniyasında keçirilən tədbirdə fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdə İsveç Kralı XVI Karl Qustav üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatlarını 10 laureata təqdim edib.
Qeyd edək ki, Kimya üzrə 2015-ci ilin Nobel mükafatı britaniyalı Tomas Lindal, amerikalı Pol Modriç və türkiyəli alim Əziz Sənkərə verilib. Bu alimlər hüceyrələrin necə öz DNT-lərini bərpa etdiyini aşkarlayıblar.
Fizika sahəsində Nobel mükafatı neytrino kütləsinin varlığını təsdiq edən neytrino ossilyasiyalarının kəşfinə görə yaponiyalı Takaaki Kodzitaya və kanadalı Artur Makdonalda verilib.
Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatlarını amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin maleriyanın müalicəsinin yeni metodlarını tapdıqlarına görə alıblar.
Ədəbiyyat sahəsində Nobel mükafatına isə Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.
İqtisadiyyat üzrə Nobel mükafatı istehlak, yoxsulluq və rifah sahəsində araşdırmalarına görə Anqus Ditona verilib.
Xatırladaq ki, bu il sülh üzrə nobel mükafatına isə Tunis Milli Dialoq Kvarteti layiq görülüb və mükafat Osloda sahibinə təqdim edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr