Fikrət Əmirovun anadan olmasından 93 il ötür

Noyabrın 22-də Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsi anılıb.

420731
Fikrət Əmirovun anadan olmasından 93 il ötür

Anadan olmasından 93 il ötən bəstəkarın anım mərasimində sənətkarın yaxınları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G. Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) bədii rəhbərliyi ilə ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası ilə o, Azərbaycanda ilk dəfə olaraq lirik-psixoloji operanın əsasını qoyub. F.Əmirov Azərbaycan konsert janrının ilk nümunələrinin yaradıcısıdır. Bəstəkarın ixtira etdiyi simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F.Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası", "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.

F.Əmirov SSRİ və Azərbaycan dövlət mükafatlarına, SSRİ xalq artisti və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr