“Rusiyaya dost olmayanlara satışlar rublla olacaq”, V.Putin

Qeyd edək ki, Rusiya hökuməti martın 7-də “Rusiyaya dost olmayan ölkələrin siyahısı”nı təsdiqləyib

1800916
“Rusiyaya dost olmayanlara satışlar rublla olacaq”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa İttifaqına malların tədarükü üçün artıq ödənişin dollar və ya avro ilə alınmasının mənasız olduğunu bəyan edərək “Biz qeyri-dost ölkələrə təbii qaz satışı ödənişləri üçün Rusiya rubluna keçməyi planlaşdırırıq” deyib.

  Paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi iclasda sanksiyalardan təsirlənən Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edən V.Putin bildirib: “Qərb ölkələri Rusiya maliyyə aktivlərini donduraraq qeyri-qanuni addımlar atdı. Faktiki olaraq Qərb öz valyutasına inamı zədələyib. İndi hamı bilir ki, dollar və avro üzrə öhdəliklər yerinə yetirilməyə bilər. Artıq Rusiya öz mallarını ABŞ və Aİ-yə satarkən dollar, avro və ya digər valyutalarla ödənişlər qəbul etməyin mənası yoxdur. Biz qeyri-dost ölkələrə təbii qaz satışına görə ödənişlərdə rus rubluna keçməyi planlaşdırırıq.

  Sözügedən dəyişiklik yalnız ödənişlərin valyutasında dəyişiklik yarada bilər.

  Rusiya daha əvvəl imzalanmış müqavilələrdə müəyyən edilmiş qiymət və həcm prinsiplərinə uyğun olaraq təbii qaz tədarükünü davam etdirəcək. Bəzi həmkarlarımızdan fərqli olaraq, etibarlı tərəfdaş və təchizatçı kimi işgüzar nüfuzumuzu yüksək qiymətləndiririk.”

  Çıxışının sonunda Vladimir Putin Rusiya hökumətinə və “Qazprom”a təbii qaz satışında ödənişlərin rubla çevrilməsi prosesinə başlamaq barədə göstəriş verib.

  Qeyd edək ki, Rusiya hökuməti martın 7-də “Rusiyaya dost olmayan ölkələrin siyahısı”nı təsdiqləyib. Siyahıya ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Ukrayna, İsveçrə və Sinqapur daxil olmaqla 46 dövlətin adı daxildir.

  V.Putinin açıqlamalarından sonra dollar/rubl pariteti 3 faizə yaxın azalaraq martın 3-dən bəri ilk dəfə olaraq 100-dən aşağı düşüb.

  Rusiya qazının dost olmayan ölkələrə rublla satışını RBK agentliyinə şərh edən ekspertlərin fikrincə, yeni qaydalar rublun möhkəmlənməsinə gətirib çıxaracaq. Lakin bunun üçün müqavilələrə düzəlişlər olunmalıdır.

  Avropa Komissiyası qitə ölkələrinin cari ildə Rusiya ilə müqavilədə göstərilmiş qaz həcminin yalnız 40 faizini alacağını bəyan edib. Ekspertlər fikirlərinə görə, bu, müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır. Rusiya prezidentinin rublla ödənişlərə keçmək qərarı bu pozuntuya cavabdır.

  Rusiya qazı Avropanın qaz təminatının 40 faizini təşkil edir. Avropa İttifaqı enerji sahəsində yeni tərəfdaşlar axtarışındadır. Bu günlərdə Almaniyanın iqtisadiyyat naziri Robert Habek Qətər və BƏƏ ilə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

  Xatırladaq ki, fevralın 24-dən Rusiya Ukraynaya hücum edib, bundan sonra rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq olunmaqdadır.



Әlaqәli Xәbәrlәr