Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar üçün toplanır

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel nazirləri 27 fevral axşamı Brüssel vaxtı ilə 18.00-da videokonfrans vasitəsilə görüşə dəvət edib

1786201
Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar üçün toplanır

 

  Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ukraynaya hücuma görə Rusiyaya qarşı əlavə sanksiyalar və Ukrayna ordusuna dəstək məsələsini müzakirə etmək üçün bir araya gələcək.

  Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel nazirləri 27 fevral axşamı Brüssel vaxtı ilə 18.00-da videokonfrans vasitəsilə görüşə dəvət edib.

  Ukraynaya dəstək olaraq Rusiyanın təcavüzünə qarşı yeni tədbirlər qəbul etmək üçün bir araya gələcəklərini bildirən Borrel deyib: “Mən Ukrayna Silahlı Qüvvələrinə onların qəhrəmanlıq müharibəsinə dəstək olaraq təcili yardım paketi təklif edəcəyəm”.

  Rusiyanın beynəlxalq pul köçürmələrini təmin edən “SWİFT” sistemindən çıxarılması da Aİ nazirlərinin görüşündə müzakirə olunacaq mövzular arasındadır.

  Qeyd edək ki, Aİ-də əvvəlki danışıqlarda Rusiyanın “SWİFT” sistemindən çıxarılması ilə bağlı yekdil fikir olmayıb. Başda Almaniya olmaqla, ölkələr Rusiyanın sistemdən çıxarılmasına qarşı çıxıblar. Ancaq Almaniya və bir sıra Aİ ölkələrinin bu məsələdə mövqeyinin dəyişdiyi bildirilir.

  Mərkəzi Belçikada yerləşən “SWİFT” bütün dünyada maliyyə institutları arasında əməliyyatların təhlükəsiz və standartlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir. Hazırda dünyada transsərhəd ödənişlərin əksəriyyəti 200-dən çox ölkənin və 11 mindən çox maliyyə institutunun bağlı olduğu “SWİFT” vasitəsilə həyata keçirilir. Rusiyanın sistemdən çıxarılması bu ölkədə bankların xarici kommersiya əməliyyatlarının çətinləşməsi deməkdir.

  Xatırladaq ki, Aİ ötən həftə Rusiyaya qarşı iki sanksiya paketi qəbul edib. Rusiyanın maliyyə, enerji və nəqliyyat kimi sektorlarına məhdudiyyətlər qoyulub. Ölkənin Prezident Aparatı və Müdafiə Nazirliyi kimi müxtəlif ictimai qurumlar, enerji, aviasiya və maliyyə sektorlarında onlarla şirkət sanksiyaya məruz qalıb.

  Fevralın 24-dən Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr