Vəbanın yenidən yayılması fövqəladə vəziyyətə aparır

Dünyanın daha az inkişaf edən, sanitariya və gigiyena sistemlərinin daha etibarsız olduğu 47 ölkəsində endemik olan bu xəstəlik 4 saat ərzində insanı öldürə bilir

1917345
Vəbanın yenidən yayılması fövqəladə vəziyyətə aparır

 

  Hazırda dünya vəba əleyhinə vaksin yaranandan bəri səngimiş vəbanın yenidən yayılması ilə bağlı fövqəladə vəziyyətlə üz-üzədir.

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, təkcə 2022-ci ildə dünyanın 30 ölkəsində vəba qeydə alınıb, bu xəstəlikdən ölənlərin sayı üç dəfə artıb. Bunun səbəbləri çoxdur. Lakin tədqiqatçı və ekspertlərin ortaq fikirləri belədir ki, iqlim dəyişikləri səbəbindən temperaturun qlobal artması məcburi miqrasiya və münaqişələrlə yanaşı, vəba hallarının çoxalmasında da əsaslı rol oynayır. Quraqlıqlar suyun mənbələrini azaldır və çirklənmə riskini artırır, daşqınlar isə drenaj sistemlərini dağıdır ki, bu da infeksiyanın yayılmasına şərait yaradır. Bütün bunlar vaksin çatışmazlığı fonunda baş verir.

  Vəba dünyanın daha az inkişaf edən, sanitariya və gigiyena sistemlərinin daha etibarsız olduğu 47 ölkəsində endemikdir. Bu xəstəlik 4 saat ərzində insanı öldürə bilir.

  Haiti vəbadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Bu ölkədə vəba sentyabrın ortalarından baş qaldırıb, yüzlərlə insan ölüb, xüsusən də paytaxt Port-o-Prensdə 10 minə yaxın yoluxma qeydə alınıb.

  Suriyada son 15 ildə vəba qeydə alınmamışdı, lakin sentyabrda 13 min yoluxma və 60 ölüm halı müşahidə olunub.

  Malavidə vəba ölkənin 29 dairəsində yayılıb, nəticədə 10300 yoluxma və 300 ölüm halı qeydə alınıb. Xəstəliyin baş qaldırmasına səbəb bu ilin yanvar və martında “Ana” qasırğası və “Qombe” siklonu olub. Təbiət hadisəsi geniş daşqınlar və minlərlə insanın təxliyəsi ilə müşayiət edilib. Bu insanların hazırda suya, sanitariyaya və bərabər gigiyena şəraitinə əlçatanlığı məhduddur.

  Livan, Keniya, Nigeriya və Banqladeş də vəba epidemiyasının aktivləşdiyi ölkələrdəndir.

  Vəba əleyhinə vaksinlərin bütün istehsalı Hindistan və Cənubi Koreyada yerləşən iki zavodda cəmləşib. Məhsulun yarıdan çoxu Afrikanın üç ölkəsinə - Efiopiya, Nigeriya və Konqo Demokratik Respublikasına göndərilib.



Әlaqәli Xәbәrlәr