Çin kosmik stansiyasının xarici astronavtlara açıq olacağını bəyan etdi

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Vinb sözügedən mövzu ilə bağlı deyib...

1814699
Çin kosmik stansiyasının xarici astronavtlara açıq olacağını bəyan etdi

 

  Çin Yer orbitində qurduğu “Tiengong” (Səma sarayı) kosmik stansiyasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin astronavtlarının gəlməsinə və tədqiqat layihələrinə açıq olacağını bildirdi.

  Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Vinb sözügedən mövzu ilə bağlı deyib: “İndiyədək stansiyada həyata keçirilməsi üçün 17 ölkədən 23 təşkilatın 9 layihəsi seçilib.

  BMT-nin Kosmik Əlaqələr Ofisinin koordinasiyası ilə həyata keçiriləcək təcrübə və tədqiqat layihələri il sonunda başlayacaq.

  Çin kosmosdan dinc məqsədlərlə istifadə prinsipinə sadiq qalan bütün ölkələrlə beynəlxalq əməkdaşlığa hazırdır.

  Xarici astronavtlar Çin Kosmik Stansiyasına baş çəkə və Çin astronavtlarına müsbət töhfələr verərək kainatın sirlərini açmaq və bəşəriyyətin ümumi gələcəyini qurmaq naminə birlikdə işləyə bilərlər”.

  Xatırladaq ki, ABŞ kosmosun tədqiqi sahəsində əməkdaşlığı qadağan etdiyi və onun Beynəlxalq Kosmik Stansiya (İSS) proqramında iştirakına mane olduğu üçün Çin öz kosmik stansiyasının yaradılması üzərində işləyir.

  Əsas modulu 2 laboratoriya və bir kosmik teleskopdan ibarət olması planlaşdırılan “Tiengong” stansiyası tamamlandıqda Rusiyanın hazırda fəaliyyətdə olmayan “Mir” kosmik stansiyasının ölçüsü ilə təxminən eyni olacaq. Bu stansiyanın “Tienhi” (Səma harmoniyası) adlı əsas modulu 29 aprel 2021-ci ildə işə salınıb.  

  2022-ci ildə stansiyanın əsas skeletini tamamlayacaq 2 laboratoriya modulunun kosmosa göndərilməsi planlaşdırılır. "Vintien" (Göyləri axtaran) modulu iyulda, "Mingtien" (Göyləri arzulayan) isə oktyabrda işə düşəcək.

  Əsas skelet qurulduqdan sonra "Shuntien" (Səmaları gəzmək üçün) adlı kosmik teleskopu ayrıca modul olaraq stansiyaya əlavə ediləcək.

  Stansiyanın tamamlanması üçün ilin sonunda “Shincou” (Müqəddəs gəmi) servisi ilə iki insanlı reys və “Tiencou” (Səma gəmisi) servisi ilə iki yük səfəri planlaşdırılır.



Әlaqәli Xәbәrlәr