BMT: ''Ötən il baş verən qarşıdurmalarda 33 min mülki vətəndaş həlak olub''

Coys Msuya 2023-cü ildə dünyada yaşanan münaqişələrdə ölən mülki vətəndaşların sayının keçən illə müqayisədə 72 faiz artdığını ifadə edib

2142604
BMT: ''Ötən il baş verən qarşıdurmalarda 33 min mülki vətəndaş həlak olub''

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım məsələləri üzrə koordinatorunun müavini Coys Msuya 2023-cü ildə dünyada yaşanan münaqişələrdə ölən mülki vətəndaşların sayının keçən illə müqayisədə 72 faiz artdığını ifadə edib. Coys Myusa BMT-nin ötən il  33 min mülki vətəndaşın ölümünü qeydə aldığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım məsələləri üzrə koordinatorunun müavini Coys Msuya BMT Təhlükəsizlik Şurasının iclasında BMT Baş katibi Antonio Quterreşin münaqişələrdə mülki şəxslərin müdafiəsi ilə bağlı illik hesabatı barədə üzvləri məlumatlandırıb.

BMT Təhlükəsizlik Şurasının mülki şəxslərin müdafiəsini gündəmə gətirməsindən 25 il keçdiyini xatırladan Coys Msuya münaqişədə mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının 75-ci ildönümü olduğunu da bildirib.

Coys Msuya 2023-cü ilin mülki vətəndaşların qorunması baxımından pis bir il olduğuna diqqət çəkərək ''Həmas''ın oktyabrın 7-də törətdiyi hücum və İsrailin hücumları nəticəsində görünməmiş ölüm, dağıntı və ağrı-acıların yaşandığını qeyd edib.

''Qəzza əhalisinin 75 faizi məcburi köçkün vəziyyətinə düşüb” deyən Coys Msuya Qəzzada on minlərlə insanın öldürüldüyünü və uşaqlara qarşı müharibənin aparıldığını bildirib.

2023-cü ildə Sudanda dəhşətli qarşıdurmanın baş verdiyini xatırladan Coys Msuya on minlərlə dinc sakinin həlak olduğunu, minlərlə insanın isə yaralandığını qeyd edib.

Konqo Demokratik Respublikası, Myanma, Nigeriya, Sahel, Somali, Suriya və Ukraynada davam edən qarşıdurmaların mülki şəxslərə təsirinə diqqət çəkən Msuya deyib: "BMT keçən il 33 min mülki vətəndaşın öldüyünü qeyd etdi. Real rəqəmlərin xeyli yüksək olduğunu düşünürəm. Mülki ölümlər 72 faiz artıb''.

Partlayıcı silahlardan istifadənin mülki şəxslərə mənfi təsir göstərdiyini vurğulayan Coys Msuya Sudan və Ukraynada mülki vətəndaşların ölümünün əsas səbəbinin bu silahlardan istifadə olduğunu qeyd edib.

"Bütün münaqişələri nəzərə alsaq, əhalinin sıx məskunlaşdığı ərazilərdə partlayıcı silahlardan istifadə edildikdə, həlak olanların 90 faizi mülki şəxslərdir", - deyə Coys Msuya bildirib. 



Әlaqәli Xәbәrlәr