İsrail Qəzza zolağına hücumlarında 53 min ton bomba atıb

İsrail təxminən 2,5 aydır ki, mühasirəyə aldığı Qəzza zolağında 53 min ton bombadan istifadə edib, 52 min 500 evi dağıdıb.

2078047
İsrail Qəzza zolağına hücumlarında 53 min ton bomba atıb

İsrail təxminən 2,5 aydır ki, mühasirəyə aldığı Qəzza zolağında 53 min ton bombadan istifadə edib, 52 min 500 evi dağıdıb.
Qəzzadakı hökumətə bağlı media bürosundan verilən yazılı açıqlamada İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada dağıntılar barədə məlumat verilib.

Qəzza zolağında Fələstin xalqına qarşı hərtərəfli soyqırım törədildiyi, İsrail və ABŞ qüvvələrinin Qəzza zolağının hər kvadratmetrini bombaladığı bildirilib.

Açıqlamada İsrailin hücumlarında 53 min ton bomba istifadə edildiyi, bombardmanlar zamanı Qəzza zolağında 52 min 500 evin tamamilə dağıdıldığı bildirilib.

Açıqlamada bildirilib ki, İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində Qəzza zolağında hökumətə aid 126 ictimai bina və 112 məscid tamamilə dağıdılıb, 200 məscid isə qismən dağıdılıb, hücumlarda 3 kilsəyə ciddi ziyan dəyib, 90 məktəb və universitet tamamilə istismardan çıxarılıb, 282 məktəb və universitetin isə qismən zədələndiyi bildirilib.

Açıqlamada İsrailin hücumları zamanı 22 xəstəxana və 53 sağlamlıq mərkəzinin tamamilə xidmətdən çıxdığı, 138 səhiyyə müəssisəsinin hədəfə alındığı bildirilib.

Açıqlamada İsrailin bombardmanları nəticəsində 102 təcili yardım maşınının yararsız hala düşdüyü, hücumlarda 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 96 jurnalistin öldüyü, 40 tibb işçisi və 8 jurnalistin isə İsrail qüvvələri tərəfindən saxlanıldığı bildirilib.

Açıqlamada əksəriyyəti uşaq və qadın olan 7 min nəfərin itkin düşdüyü, ya dağıntılar altında qaldığı, ya da taleyini öyrənmək mümkün olmadığı bildirilib.

Xatırladaq ki, "Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 19 min 453 fələstinli həyatını itirib. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 129-u quru işğalı prosesində olmaqla 461 əsgərinin öldürüldüyünü açıqlayıb.

Noyabrın 24-də 4 gün müddətinə verilən, daha sonra isə daha 3 gün uzadılan qarşıdurmada “humanitar atəşkəs” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam edib.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 301 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Livanda Hizbullah arasında sərhəddə baş verən qarşıdurmada 24 livanlı mülki vətəndaş, 109 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.

Qəzzada silah gücü ilə blokada altında didərgin düşən 1,9 milyon fələstinli sığınacaq, qida, təmiz su, dərman və səhiyyə xidmətləri olmadan həyatda qalmaq üçün mübarizə aparır.



Әlaqәli Xәbәrlәr