Antonio Quterreş: ''Qəzzada gerçək humanitar atəşkəsə ehtiyac var''

Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında çıxış edib.

2070875
Antonio Quterreş: ''Qəzzada gerçək humanitar atəşkəsə ehtiyac var''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada gerçək humanitar atəşkəsə ehtiyac olduğunu bildirib.
Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında çıxış edib.
İsrail və ''Həmas'' arasında əldə edilən “humanitar fasilə''nin uzadılması üçün intensiv danışıqların davam etdiyini bildirən Antonio Quterreş deyib: “Qəzza xalqı dünyanın gözü qarşısında epik bir humanitar fəlakətin ortasındadır. Biz buna arxa çevirə bilmərik. Gerçək  humanitar atəşkəsə ehtiyacımız olduğuna inanırıq''.
Baş katib Antonio Quterreş İsrailin hücumlarının başladığı tarixdən bu günədək 14 mindən çox insanın öldüyünü, on minlərlə adamın yaralandığını xatırladaraq Qəzza zolağında öldürülənlərin üçdə ikisindən çoxunun uşaq və qadın olduğunu vurğulayıb.
Fələstinlilərin “humanitar fasilə” razılaşması sayəsində son bir neçə gündə bombardmanlardan bir az nəfəs ala bildiyini söyləyən Antonio Quterreş deyib:“Bu bir neçə həftədə İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarda ölən uşaqların sayı Baş katib olduğumdan bəri hər hansı bir münaqişədə öldürülən uşaqların ümumi sayından çoxdur".
Antonio Quterreş həmçinin humanitar fasilə ilə Qəzzaya humanitar yardım axınının artdığına baxmayaraq daha çox yardıma ehtiyac olduğuna diqqət çəkib və 2 milyon insana təhlükəsiz və fasiləsiz humanitar yardımın çatdırılmasının və mülki obyektlərin bərpasının vacib olduğunu bildirib.

Rəfah sərhəd-keçid məntəqəsinin humanitar yardım üçün tək başına  kifayət qədər tutuma malik olmadığını vurğulayan Antonio Quterreş Şalom daxil olmaqla digər keçidlərin də açılması ilə əlaqədar çağırış edib.



Әlaqәli Xәbәrlәr