İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir

İsrailin Qəzzaya hücumlarında xəstəxanalar başda olmaqla bir çox mülki məntəqə havadan və qurudan hədəf alınıb.

2063188
İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir

İsrail ordusu gecə ərzində Qəzzanın müxtəlif bölgələrini bombalamağa davam edib.
İsrailin Qəzzaya hücumlarında xəstəxanalar başda olmaqla bir çox mülki məntəqə havadan və qurudan hədəf alınıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Şifa və İndoneziya xəstəxanalarının ətrafı, Qəzzanın şimal-qərbindəki Rimal, Şeyx Rıdvan və Nəsr məhəllələri və Əş-Şati qaçqın düşərgəsindəki mülki əhalinin yaşadığı evlər İsrail aviasiyası və artilleriya bölmələri tərəfindən vurulub. 
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru mərkəzi Qətərdə yerləşən Əl-Cəzirə telekanalına müsahibəsində deyib: "Şifa xəstəxanasının ətrafı 3 gündür davamlı olaraq bombalanır. İsrail qüvvələrinin qurudan xəstəxanaya daxil olması üçün demək olar ki, hər dəqiqə şiddətli bombardman edilir".
O, İsrailin hücumlarının təcili yardım maşınlarının Şifa xəstəxanasına girib-çıxmasının qarşısını aldığını və xəstəxananın mühasirəyə  alındığını qeyd edib.
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində basqınlar həyata keçirib.
Məlumatda İsrail qüvvələrinin Cenin başda olmaqla Nablus, Əl-Xəlil Ramallah və Beytullah şəhərlərinə basqın etdiyi bildirilib.
Fələstinlilər Ceninin cənubundakı Sile əz-Zəhr bölgəsinə edilən basqınlara atəş açaraq cavab verib. Toqquşmaların hələ də davam etdiyi bildirilib.
Nablusun cənub və şərqində evlərə basqınlar zamanı İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma yaşanıb.

Əl-Xəlilin Yatta bölgəsi, Ramallahdakı Celezun qaçqın düşərgəsi və Beytləhimin Beyt Feccar bölgəsində oxşar basqınlar həyata keçirilib. 
Bundan əlavə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində  Qəzzaya dəstək nümayişləri keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) tərəfindən verilən açıqlamada səhiyyə sisteminin demək olar ki, tamamilə çökdüyü Qəzza zolağının xüsusilə şimal hissəsində səhiyyə xidmətinin verilməməsinin uşaqların həyatını təhdid etdiyi bildirilib.

''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr