Qәzza Sәhiyyә Nazirliyi:‘‘İsrail İndoneziya xәstәxanasının yaxınlığındakı әraziyә zәrbәlәr endirdi’’

Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanasının yaxınlığındakı ərazini vurduğunu və xəstəxanaya ziyan dəydiyini açıqlayıb.

2058012
Qәzza Sәhiyyә Nazirliyi:‘‘İsrail İndoneziya xәstәxanasının yaxınlığındakı әraziyә zәrbәlәr endirdi’’

Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanasının yaxınlığındakı ərazini vurduğunu və xəstəxanaya ziyan dəydiyini açıqlayıb.

Əşrəf əl-Kudra deyib: ''İsrail qüvvələri İndoneziya xəstəxanasının yaxınlığındakı əraziyə zərbələr endirdi. Xəstəxanaya ciddi ziyan dəydi''.

Kudra qeyd edib ki, İsrailin hücumu yüzlərlə yaralının, xəstənin, tibb işçilərinin, jurnalistlərin və minlərlə məcburi köçkünün həyatını təhlükəyə atıb.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb.

İsrail ordusu da Qəzza zolağına intensiv hava zərbələri endirib.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 312-si əsgər olmaqla 1400 israillinin öldüyünü, 5132 nəfərin də yaralandığını açıqlayıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3457-si uşaq və 2136-sı qadın olmaqla 8306 fələstinlinin həlak olduğunu, 21048 nəfərin də yaralandığını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 122 fələstinli ölüb, təxminən 2 min fələstinli yaralanıb.

İsrailin bombardmanı zamanı Qəzzada 35, Livanda isə 1 jurnalist həyatını itirib.

İsrailin mühasirə altındakı Qəzza zolağına intensiv hücumları səbəbindən bölgədə  mobil telefon və internet xidmətləri verilmir.

İsrail ordusu oktyabrın 26-da məhdud quru əməliyyatlarını genişləndirməyə başlayıb və hava hücumlarını daha da artırıb.

Minlərlə yaralı və mülki vətəndaşın olduğu Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan Şәfa xəstəxanası da İsrail ordusunun hədəfində olub.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda indiyədək 48 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr