BMT: İtaliyaya gələn qanunsuz qaçqın sayında artım var

BMT son vaxtlar İtaliyaya gələn qeyri-qanuni mühacirlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz artdığını açıqlayıb.

1975152
BMT: İtaliyaya gələn qanunsuz qaçqın sayında artım var

Birləşmiş Millətlər Təşkilatı (BMT) son vaxtlar İtaliyaya gələn qeyri-qanuni mühacirlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz artdığını açıqlayıb.

BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Metyu Saltmarş iclasdakı çıxışında Mərkəzi Aralıq dənizini keçməyə cəhd edən qeyri-qanuni mühacirlərin vəziyyətindən narahat olduqlarını və BMT-nin bu məsələni öz iclasında dəfələrlə gündəmə gətirdiyini bildirib. 

Anadolu Agentliyinin müxbirinin "İtaliya son vaxtlar artan miqrant böhranını idarə etmək üçün 6 ay müddətinə fövqəladə vəziyyət elan etdi. Bu qərarı necə qiymətləndirirsiniz? Böhranın həllinə töhfə verəcəkmi?" sualına cavab verən Saltmarş deyib:

"İtaliyada fövqəladə vəziyyət elan edildikdən sonra çoxlu sayda qeyri-qanuni mühacirin və qaçqınların qəbulu üçün imkanların və standartların artırılması üçün əlavə vəsaitin ayrılmasını alqışlayırıq. İtaliyaya son zamanlar gələn qeyri-qanuni qaçqınların sayında böyük artım var.  Ötən ilin eyni dövrü ilə müqayisədə  300 faizlik artım olub".

İtaliyanın Aralıq dənizində miqrasiya ilə mübarizədə tək qalmamasının vacibliyini vurğulayan Saltmarş dəniz yolu ilə gələnlər üçün yeni nəsil təxliyə və yenidən bölüşdürmə mərkəzlərinin yaradılması çağırışlarını təkrarlayıb.

Saltmarş qeyd edib ki, Aralıq dənizində qaçqın problemi ilə mübarizə aparan ölkələr həmrəy olmalıdır.

Dənizlərdə "həyatların xilas edilməsinin" uzun müddətdir davam edən dənizçilik ənənəsi olduğunu vurğulayan Saltmarş “Bir daha qeyd etməyə davam edəcəyik ki, bu, həm də dövlətlərin qanuni vəzifəsidir” deyib.

Aralıq dənizində qeyri-qanuni mühacirləri daşıyan gəmilərin batmasının faciəvi bir hadisə olduğunu qeyd edən Saltmarş bölgədə xilasetmə potensialında böyük boşluqların olduğunu və bunun təcili olaraq gücləndirilməsinin lazım olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr