Avropa İttifaqı Rusiyanın Ukraynadakı referendumlarını tanımır

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ofisindən verilən açıqlamada bildirilir...

1886313
Avropa İttifaqı Rusiyanın Ukraynadakı referendumlarını tanımır

 

  Avropa İttifaqı (Aİ) Rusiyanın Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərində keçirilən referendumları “qanunsuz” adlandıraraq tanımadığını bəyan edib.

  Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ofisindən verilən açıqlamada bildirilir: “Aİ bu qeyri-qanuni plebissitləri, onların təhrif olunmuş nəticələrini və bunlara əsasən qəbul ediləcək hər hansı qərarı heç vaxt tanımır. Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərini də eyni addımı atmağa çağırırıq.

  Rusiyanın qeyri-qanuni, saxta referendumlarının legitimliyi yoxdur. Bu ölkə beynəlxalq hüququ, eləcə də beynəlxalq öhdəlikləri açıq şəkildə pozur. Referendumlar Rusiya Ukraynaya qarşı müharibə apararkən və Ukraynanın işğal olunmuş ərazilərini ilhaq etməyə davam edərkən keçirilib. Rusiya Ukraynanın konstitusiyasını, ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü pozub.

  Referendumlar təzyiq altında və tələsik keçirilib. Onların Ukraynanın bu bölgələrində yaşayan xalqların azad iradəsini təmsil etmir. Ukraynalılar Rusiya işğalına qarşı müqavimət göstərməkdədir.

  Xatırladaq ki, Ukraynada rusiyapərəst separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk xalq respublikalarında, Rusiya ordusunun ələ keçirdiyi Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlarda “Rusiyaya qoşulma” qərarı verilib. Seçicilərin 98,42 faizi Rusiyaya birləşməyə səs verib.

  Aİ-nin Rusiyaya qarşı elan etdiyi 8-ci sanksiya paketində adı çəkilən referendumları təşkil edən adamlar da siyahıya salınıb.

  Qeyd edək ki, sentyabrın 30-da paytaxt Moskvada Ukraynada referendum keçirilmiş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsinə dair müqavilə imzalanacaq. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Kreml sarayında keçiriləcək mərasimdə Rusiya prezidenti Vladimir Putinin iştirakı və geniş nitq söyləyəcəyi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr