Aİ və 42 ölkə Rusiyaya bəyanat ünvanladı
Birgə bəyanat Avstriyanın paytaxtı Vyanada Avropa İttifaqının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında Daimi Nümayəndəliyinin saytından yayılıb
Avropa İttifaqı (Aİ) və Türkiyə də daxil olmaqla, 42 ölkə Zaporojye Atom Elektrik Stansiyasından və bütün Ukrayna ərazisindən Rusiyanı qoşunlarını çıxarmağa çağırıb. Birgə bəyanat Avstriyanın paytaxtı Vyanada Avropa İttifaqının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında Daimi Nümayəndəliyinin saytından yayılıb.
Bəyanatda Rusiyanın Ukraynaya qarşı müharibəsinin beynəlxalq hüququn pozulması olduğu, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyenin Rusiya tərəfindən idarə olunmasının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) əsas prinsipləri üçün böyük təhlükə yaratdığı vurğulanıb.
Bəyanatda nüvə obyektində Rusiya əsgərləri və silahlarının varlığının qəbuledilməz olduğu bu cümlələrlə ifadə edilib: “Rusiya hərbi qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasında olması stansiyanın operatoruna və Ukrayna hakimiyyətinə beynəlxalq konvensiyalara və MAQATE-nin təhlükəsizlik standartlarına uyğun nüvə və radiasiya təhlükəsizliyi öhdəliklərini, həmçinin MAQATE-nin təhlükəsizlik mandatını həyata keçirməsinə mane olur. Biz Rusiyanı dərhal öz hərbi qüvvələrini və bütün icazəsiz heyətini Zaporojye AES-dən və onun ətrafından, eləcə də bütün Ukraynadan çıxarmağa çağırırıq.
Rusiyanın geri çəkilməsi ilə zavodun operatoru və Ukrayna hakimiyyət orqanları Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren öhdəliklərini davam etdirə bilər. Rusiyanın stansiyada olması həm də nüvə qəzaları riskini artırır”.
Birgə bəyanatı imzalayan ölkələr arasında Aİ və onun üzv dövlətləri ilə yanaşı, Avstraliya, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Cənubi Koreya, Moldova və Türkiyə var.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.