Yaponiya və İndoneziya arasında hərtərəfli əməkdaşlıq gücləndirilir

Yaponiya və İndoneziya liderləri qarşılıqlı maraq doğuran məsələləri paytaxt Tokioda müzakirə ediblər

1860250
Yaponiya və İndoneziya arasında hərtərəfli əməkdaşlıq gücləndirilir

Bu gün (iyul 27) Yaponiyanın Baş naziri Fumio Kişida və İndoneziyanın Prezidenti Coko Vidodo arasında Tokioda baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Prezidentliyi dövründə Yaponiyaya dördüncü dəfə səfər edən C.Vidodonun İmperator Naruhito ilə görüşəcəyi də gözlənilir.

Fumio Kişida  görüşdən sonra verdiyi  açıqlamada İndoneziya lideri ilə azad və açıq Hind-Sakit okean regionunun yaradılması istiqamətində səmərəli fəaliyyətə nail olacaqlarına ümid etdiyini bildirib.

Sabiq Baş nazir Şinzo Abenin ölümü ilə bağlı həmkarına baş sağlığı verən İndoneziya Prezidenti iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məhz onun səylərinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə liderləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən təhlükəsizlik və iqtisadi əməkdaşlıq barədə müzakirələr aparıblar. Bu ilin noyabrında Bali adasında keçiriləcək G20 liderlərinin sammitinin gündəliyi ilə bağlı danışıblar. İndoneziyanın həmin sammitə Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvət edilməsindən də bəhs edilib.

Xatırladaq ki, gələn il Yaponiya ilə İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 65-ci ildönümü, həmçinin Yaponiya ilə Cənub-Şərqi Avropa Dövlətləri Assosiasiyası (ASEAN) arasında dostluq əlaqələrinin 50 illiyi qeyd ediləcək.

Son illərdə Yaponiya ilə İndoneziya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq xeyli fəallaşıb. Yaponiya silahlı qüvvələrinin quru qoşunları avqustda ilk dəfə İndoneziyada keçiriləcək çoxmillətli birgə təlimlərə qatılmağı planlaşdırır. Həmin təlimlərdə ABŞ və İndoneziya ilə yanaşı Avstraliya və Sinqapur hərbçilərinin də iştirakı nəzərdə tutulur.

 



Әlaqәli Xәbәrlәr