Şri-Lanka prezidenti və yaxın qohumları ölkəni tərk etməyə məcbur qaldı

Tarixinin ən ağır iqtisadi böhranını yaşayan Şri-Lankada prezident Qotabaya Racapaksanın ölkəni tərk etdiyi təsdiqlənib

1855176
Şri-Lanka prezidenti və yaxın qohumları ölkəni tərk etməyə məcbur qaldı

  Tarixinin ən ağır iqtisadi böhranını yaşayan Şri-Lankada prezident Qotabaya Racapaksanın ölkəni tərk etdiyi təsdiqlənib.

  Maldiv adalarını tərk edərək sığınacaq aldığı Sinqapura yola düşən Racapaksa ilə yanaşı, onun qardaşı - keçmiş maliyyə naziri Basil Rajapaksa da ölkəni tərk edib.

  “Daily Mirror” qəzeti xəbər verib ki, sabiq prezident Maldivi bir qədər əvvəl “Saudi Airlines” aviakompaniyasına məxsus təyyarə ilə gedib. Qəzetin yazdığına görə, Racapaksa Sinqapura həyat yoldaşı və təhlükəsizlik xidmətinin onunla birgə Kolombodan gəlmiş iki əməkdaşı ilədir. Onu təyyarəyə qədər Maldiv müdafiə qüvvələrinin xüsusi təyinatlıları müşayiət edib.

  Xatırladaq ki, iyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq dövlət başçısının istefasını istəmişdi. Onlar prezident və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Aksiyalarda yüzdən çox insan yaralanıb. Qotabaya Racapaksa iyulun 12-də istefası barədə bəyanatı imzalayaraq ölkədən çıxıb. Onun yerinə baş nazir Ranil Vikremesinqxin (Ranil Wickremesinghe) müvəqqəti prezident olmasından sonra yenidən başlayan etirazlarda 1 nəfərin öldüyü, 84 nəfərin yaralandığı açıqlanıb.

  İyulun 13-də qəzəbli kütlənin Baş Nazirlik binasına basqın etməsi, polisin şüşə və yad maddə atan etirazçılara qazla müdaxiləsi zamanı 26 yaşlı gəncin nəfəs darlığından öldüyü qeyd edilib.

  Səlahiyyətlilər etirazlarda 84 nəfərin yaralandığını bildirib.

  Xatırladaq ki, Şri-Lankada adamların etirazı martın sonunda gündə 13 saat elektrik kəsilməsindən sonra artmışdı. Mayın 9-da Baş Nazirlik binası ətrafına toplaşan nümayişçilər ilə hökumət tərəfdarları arasında toqquşma olmuş, paytaxt Kolomboda hərbi hissələr növbəyə çağırılmışdı. Zorakılıqdan sonra ümummilli komendant saatı elan edilmişdi. Hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsə atəş açmaq əmri vermişdi.

  Qeyd edək ki, bütün ölkəyə yayılan etirazlarda hakim partiyanın deputatı və 2 polis əməkdaşı olmaqla 9 nəfər həyatını itirib, ən azı 334 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr