BMT TŞ Liviyaya qarşı beynəlxalq sanksiyaları uzatdı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Liviyaya qarşı beynəlxalq sanksiyaların 2023-cü ilin noyabrına qədər davam edəcəyinə qərar verib

1855208
BMT TŞ Liviyaya qarşı beynəlxalq sanksiyaları uzatdı

 

  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Liviyaya qarşı beynəlxalq sanksiyaların 2023-cü ilin noyabrına qədər davam edəcəyinə qərar verib.

  BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Liviya ilə bağlı qəbul edilən sanksiya qərarları 2023-cü il noyabrın 15-dək, qeyri-qanuni xam neft ixracının qarşısını almaq üçün BMT-yə üzv dövlətlərin açıq dənizlərdə gəmilərdə axtarış səlahiyyəti isə 2023-cü il oktyabrın 30-dək uzadılıb.

  BMT Nizamnaməsinin 7-ci fəsli əsasında dərc edilən qətnamə Təhlükəsizlik Şurasının Liviyanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və milli birliyinə güclü sadiqliyini bir daha təsdiqləyib.

  Qətnamədə “Liviya hökumətinə və Milli Neft Şirkətinə xələl gətirən və Liviyada sülh, təhlükəsizlik və sabitliyə təhlükə yaradan xam neft və emal olunmuş neft məhsulları da daxil olmaqla, neftin qeyri-qanuni ixracı ilə bağlı narahatlıq” ifadə edilib.

  BMT TŞ-nin yekdilliklə qəbul edilən qətnaməsində qeyd olunub ki, “Liviyada vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam edir və ölkədə seçkilərin konstitusiya və hüquqi əsasda keçirilməsi üçün şəraitin yaradılmasına hərtərəfli dəstək verilir."

  Təhlükəsizlik Şurasının qətnaməsində bütün tərəflər beynəlxalq insan hüququndan irəli gələn öhdəliklərə əməl etməyə və mülki şəxslərə qarşı hücumlarda iştirak edənlərin insan haqqlarının pozulmasına görə məsuliyyət daşımasına çağırılıb.

  BMT Təhlükəsizlik Şurasının qətnaməsində Liviyada xam neft və ya digər təbii sərvətlərdən qeyri-qanuni istifadə yolu ilə silahlı qruplara və ya cinayət şəbəkələrinə dəstək verilməməsi barədə də xəbərdarlıq edilib.

 Bütün üzv dövlətlərdən silah embarqosuna tam əməl etmələri, münaqişəyə qarışmamaları və ya qarşıdurmanı gərginləşdirmək cəhdlərindən çəkinmələri xahiş olunub.



Әlaqәli Xәbәrlәr