Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artır
Əfqanıstanın Paktika əyalətində dünən gecə baş verən 5,9 bal gücündə zəlzələdə ölənlərin sayı 1000-ə yüksəlib.(YENİLƏNİB)
Əfqanıstanın Paktika vilayətində iyunun 22-də baş verən 5,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 1000-ə yüksəlib.
Səlahiyyətlilər zəlzələdən ən çox Paktika vilayətinin Giyan rayonu və Xost vilayətinin Spirey bölgəsinin zərər çəkdiyini bildirib.
Əfqanıstan Dövlət Xəbər Agentliyi güclü şiddətli zəlzələ nəticəsində ən azı 1000 nəfərin öldüyünü, 1500 nəfərin yaralandığını bildirib.
Təbii fəlakətlərin idarə olunması üzrə dövlət nazirinin müavini Mövləvi Şərafəddin Müslüm hökumətin zəlzələdə həyatını itirənlərin ailələrinə 100 min əfqan (təxminən 1100 dollar), yaralıların ailələrinə isə 50 min əfqan ödəyəcəyini bildirib.
Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini, bölgəyə helikopter dəstəyinin göndərildiyini qeyd edib.
Bu arada, Pakistan mərkəzli "Geo News" televiziyası Əfqanıstanda baş verən zəlzələ nəticəsində Pakistanın Lakki Marvat bölgəsində bir nəfərin öldüyünü açıqlayıb.
Amerika Birləşmiş Ştatları (ABŞ) Geoloji Tədqiqat Xidməti (USGS) zəlzələnin maqnitudasını əvvəlcə 6.1, sonra isə 5.9 bal gücü olaraq yeniləyib.
Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib.
Yerli vaxtla saat 01:24-də baş verən zəlzələ Pakistanın paytaxtı İslamabad və Pişəvər kimi sərhədə yaxın şəhərlərdə, paytaxt Kabil də daxil olmaqla əhalinin sıx olduğu şəhərlərdə hiss olunub.
Digər tərəfdən, İranın cənubundakı Hörmüzqan əyalətinin Bender Lenge rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 01:39-da qeydə alınan zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələdə can və ya mal itkisi olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb