Rusiyanın Ukraynanın şərqində xüsusi hərbi əməliyyatına göstərilən reaksiyalar

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib.

1784333
Rusiyanın Ukraynanın şərqində xüsusi hərbi əməliyyatına göstərilən reaksiyalar

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyat keçirməsindən sonra açıqlama verib.

Stoltenberq Rusiyanın saysız-hesabsız mülki vətəndaşın həyatını təhlükə altına atdığına diqqət çəkərək deyib:

“Rusiyanın Ukraynaya qarşı məsuliyyətsiz və əsassız hücumunu qətiyyətlə pisləyirəm”. 

Stoltenberq bəyan edib ki, Rusiya xəbərdarlıqlara və diplomatiya çağırışlarına baxmayaraq, növbəti dəfə suveren və müstəqil ölkəyə qarşı təcavüz yolunu seçib.

Stoltenberq Rusiyanın hücumunun “beynəlxalq hüququn ciddi şəkildə pozulması və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid olduğunu” qeyd edib:

“Rusiyanı dərhal hərbi əməliyyatları dayandırmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıram”. 

Yens Stoltenberq bu dəhşətli zamanda Ukrayna xalqının yanında olduqlarına və NATO müttəfiqlərinin Rusiyanın təcavüzkar hərəkətlərinin nəticələrini aradan qaldırmaq üçün bir araya gələcəklərinə işarə edərək, “NATO bütün müttəfiqlərini qorumaq və müdafiə etmək üçün nə lazımdırsa edəcək” deyib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Parlamentinin (AP) sədri Roberta Metsola və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell də mövzu ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Bəyanatda “Rusiyanın Ukraynaya qanunsuz hücumunu qətiyyətlə pisləyirik” ifadəsindən istifadə edilmişdir.

Ukraynada günahsız qadın, kişi və uşaqların həyatları üçün heç bir səbəb və qorxu olmadan hücuma məruz qaldığına diqqət çəkilən bəyanatda "Kreml məsul tutulacaqdır" ifadəsi işlədilib. 

Avropa Şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen birgə bəyanatlarında hücumu pisləyib və Rusiyanı təcavüzü dərhal dayandırmağa və qoşunlarını geri çəkməyə çağırıblar.

Bəyanatda həmçinin Ukraynada insan itkisindən təəssüflənildiyi və Aİ-nin təcili humanitar yardıma hazır olduğu bildirilib.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın tələbi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində ikinci dəfə toplaşan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) əksər üzvləri Rusiyanın Ukraynaya başlatdığı hərbi müdaxiləni kəskin qınayıblar və bunu “Beynəlxalq hüquqa və BMT prinsiplərinə hörmətsizlik” olaraq adlandırıblar.

BMT TŞ üzvləri görüşün əvvəlində Rusiya prezidenti Vladimir Putinin Donbas bölgəsində hərbi əməliyyat başlatmasına reaksiya verib və əməliyyatın qəbuledilməz olduğunu bəyan edib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin şəkildə pisləyib.

ATƏT-dən verilən yazılı bəyanatda "Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını qətiyyətlə pisləyirik. Ukraynaya qarşı bu hücum beynəlxalq hüququn və Rusiyanın öhdəliklərinin pozulmasıdır, eyni zamanda milyonlarla insanın həyatını ciddi təhlükə altına atır" deyilib.

Bəyanatda “Bütün hərbi fəaliyyətləri dərhal dayandırmağa çağırırıq” ifadəsi işlədilib.
Hollandiyanın baş naziri Mark Rutte sosial media hesabından paylaşım edərək Ukraynanın şərqindəki Donbas bölgəsində hərbi əməliyyata başlayan Rusiyaya reaksiya verib.

Baş nazir Rutte "Hollandiya Rusiyanın Ukraynaya hücumunu qətiyyətlə pisləyir. Aİ, NATO və digər müttəfiqlərlə sıx əlaqə saxlayırıq. Fikirimiz Ukrayna xalqının yanındadır" deyib.

Almaniya kansleri Olaf Şolts “Twitter” səhifəsində etdiyi paylaşımda "Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz" deyib.

Almaniyanın Rusiya prezidenti Vladimir Putinin bu “kobud hərəkətini” şiddətlə qınadığını bildirən Şolts Ukrayna xalqı ilə həmrəy olduqlarını vurğulayıb.

Şolts Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

"G7, Avropa İttifaqı və NATO çərçivəsində sıx koordinasiyada olacağıq. Bu, Ukrayna üçün dəhşətli, Avropa üçün isə qara gündür"-deyə Almaniya kansleri vurğulayıb.

İngiltərənin Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı "Twitter" səhifəsində etdiyi paylaşımda Ukraynada baş verə hadisələrdən dəhşətə gəldiyini və növbəti addımları müzakirə etmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

Baş nazir Conson "Putin Ukraynaya qarşı bu səbəbsiz hücuma başlamaqla qan tökmək və məhv etmək yolunu seçib. İngiltərə və müttəfiqlərimiz buna qəti cavab verəcəklər" deyib.

Conson bütün NATO liderlərini təcili toplantıya çağırıb.

İngiltərənin xarici işlər naziri Liz Truss da Putinin Ukrayna xalqına qarşı dəhşətli və əsassız hücumunu qətiyyətlə pislədiyini bildirib.

“Ukraynanın yanındayıq və bu dəhşətli təcavüzə cavab vermək üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə çalışacağıq”-deyə nazir qeyd edib.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Ukraynaya hərbi müdaxiləni dərhal dayandırmalıdır.

Makron "Twitter" hesabından etdiyi paylaşımda Rusiyanın Ukraynaya qarşı “müharibə” qərarını pislədiyini bildirib.

Fransa prezidenti Makron ölkəsinin Ukrayna ilə həmrəy olduğunu və ukraynalıların yanında olduğunu vurğulayıb.

Makron bildirib ki, Fransa bu müharibəni bitirmək üçün tərəfdaşları ilə birlikdə hərəkət edir.

Bu arada Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı Müdafiə Şurasını çağırıb.

Bolqarıstan prezidenti Rumen Radev və baş nazir Kiril Petkov birgə mətbuat konfransı keçirərək Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.

"Rusiya Federasiyasının Ukrayna ərazisindəki infrastrukturuna qarşı adi təcavüzü qətiyyən qəbuledilməzdir", - prezident Radev bildirib. 

Ukraynada 4 minə yaxın bolqar əsilli vətəndaşın olduğunu qeyd edən Radev Ukrayna hava məkanı bağlı olduğu üçün vətəndaşların quru yolu ilə təxliyyə ediləcəyini bildirib.

Radev sığınmaq istəyən Ukrayna vətəndaşlarına qapılarının açıq olduğu mesajını da verib.

Baş nazir Petkov isə "Rusiya Federasiyasının hərəkətlərini kəskin qınayırıq. Bu qəbuledilməz cəhdə qarşı Bolqarıstan NATO ilə tam uyğunluq içində ortaq mövqe nümayiş etdirəcək" deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” səhifəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə reaksiya verib və Ukrayna ilə həmrəy olduqlarını bildirib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də "Twitter" səhifəsində paylaşım edib.

"Biz Ukraynanın yanındayıq. Suveren ölkəyə hərbi hücum qəbuledilməzdir. Beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən beynəlxalq asayişin açıq şəkildə pozulmasının dayandırılması və hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri həyata keçirməyə çağırırıq" deyib.

Avstraliyanın Baş naziri Skott Morrison Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin heç bir əsasının olmadığını bəyan edib.

“Rusiyanı qanunsuz və əsassız hərəkətlərinə son qoymağa və Ukraynanın müstəqilliyini pozmağa son qoymağa çağırırıq” deyib.

Rusiyanın hərbi müdaxiləsini “qətiyyətlə pisləyən” İspaniya hökuməti də Ukrayna hökuməti və xalqı ilə həmrəy olduğunu bildirib.

Baş nazirlikdən verilən yazılı açıqlamada "Tamamilə əsassız və görünməmiş ciddiliyə malik olan bu hücum qlobal təhlükəsizlik və sabitliyi riskə atan beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır" ifadəsi yer alıb.

İtaliyanın baş naziri Mario Draqi İtaliya hökumətinin Rusiyanın Ukraynaya hücumunu pislədiyini və ölkəsinin Ukrayna xalqına yaxın olduğunu bəyan edib.

Draghinin açıqlamasında"İtaliya hökuməti Rusiyanın Ukraynaya hücumunu pisləyir. Bu, haqsız və əsassızdır. İtaliya bu dramatik məqamda Ukrayna xalqına və dövlət qurumlarına yaxındır. Avropa İttifaqı (Aİ) və NATO müttəfiqləri ilə birlik və qətiyyətlə operativ cavab vermək üçün işləyirik" deyib.

Xarici işlər naziri Luici Di Mayo da "Twitter" hesabında paylaşım edib:

"Rusiyanın hərbi əməliyyatı Ukraynaya qarşı son dərəcə ciddi və əsassız təcavüzdür və İtaliya bunu qəti şəkildə pisləyir. Bu, beynəlxalq hüququn pozulmasıdır. İtaliya Aİ və Atlantikadan olan tərəfdaşları (NATO) ilə birlikdə Ukrayna xalqının yanındadır".

Yaponiyanın baş naziri Kişida Fumio Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin şəkildə pisləyib və bunun "beynəlxalq nizamın təməlini sarsıtdığını" deyib.

“Status-kvonun zorakılıqla birtərəfli dəyişdirilməsinə dözmək olmaz” deyən Kişida sözügedən böhrana qarşı ABŞ ilə əməkdaşlıq edəcəklərini bildirib.

Kişida Ukraynadakı vəziyyəti “yalnız Avropanın deyil, beynəlxalq ictimaiyyətin, o cümlədən Asiyanın böhranı” adlandırıb və dünən elan etdiyi iqtisadi sanksiyalara toxunub.

Baş nazir qeyd edib ki, Rusiya diplomatik təcrübəyə qayıtmasa, G-7 ölkələrinin əməkdaşlığı və Yaponiyanın milli maraqlarını nəzərə alaraq sanksiyaları genişləndirə bilərlər.

Macarıstanın xarici və xarici ticarət naziri Szijarto Peter də ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edəcəyini açıqlayıb.
Avstriya kansleri Karl Nehammer də Rusiyanın hərbi müdaxiləsini pisləyib.

Nehammer ölkəsinin bu çətin prosesdə Ukraynanın yanında olduğunu bildirib.

“Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı bu yeni hücum cavabsız qalmayacaq” deyib.

Çexiyanın baş naziri Petr Fiala və xarici işlər naziri Yan Lipavski də bəyanatlarında Rusiyanın hərbi müdaxiləsinə reaksiya veriblər.

Skandinaviya ölkələri Norveç və Finlandiya da Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib.

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani də tərəfləri Ukrayna-Rusiya münaqişəsində təmkinli olmağa, münaqişəni dialoq və diplomatiya yolu ilə həll etməyə çağırıb.

Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışan  Qətər əmiri gərginliyi daha da artıracaq addımların qarşısının alınmasını və mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinə üstünlük verilməsini tələb edib.



Әlaqәli Xәbәrlәr