Kraliça ABŞ prezidentini qəbul edəcək

ABŞ prezidenti iyunun 11-13 tarixləri arası Atlantik okeanı sahilindəki Kornuoll yarımadasında yerləşən Karbis-Bey kurort şəhərində keçiriləcək Yeddilər Qrupunun Sammiti ilə əlaqədar Birləşmiş Krallığa səfər edəcək

1651286
Kraliça ABŞ prezidentini qəbul edəcək

 

  Böyük Britaniya kraliçası II Elizabet iyunun 13-də Vindzor qəsrində ABŞ prezidenti Co Bayden və həyat yoldaşını qəbul edəcək. Bu barədə Bukingem (Buckingham) sarayı məlumat yayıb.

  “Kraliça 2021-ci il iyunun 13-də Vindzor qəsrində Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və ölkənin birinci xanımı Kill Baydenlə görüşəcək”, - deyə kral ailəsinin “twitter” sosial şəbəkəsində yayımlanan məlumatında bildirilir.

  ABŞ prezidenti iyunun 11-13 tarixləri arası Atlantik okeanı sahilindəki Kornuoll yarımadasında yerləşən Karbis-Bey kurort şəhərində keçiriləcək Yeddilər Qrupunun (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Sammiti ilə əlaqədar Birləşmiş Krallığa səfər edəcək.

  Co Bayden ABŞ-ın kraliça ilə görüşən 13-cü prezidenti olacaq. O, II Elizabetin hakimiyyəti dövründə Ağ Evə rəhbərlik edən 14-cü prezidentdir. Kraliça təkcə 1963-1969-cu illərdə ABŞ prezidenti olmuş Lindon Consonla görüşməyib.

  Bundan əlavə, Co Bayden Britaniya monarxının Vindzor qəsrində qəbul etdiyi 4-cü Amerika prezidenti olacaq. II Elizabet 1982-ci ildə Ronald Reyqanı, 2008-ci ildə Corc Buşu, 2016-cı ildə Barak Obamanı, 2018-ci ildə isə Donald Trampı London ətrafındakı iqamətgahında qəbul edib.

  Maraqlıdır ki, Donald Tramp 2 il qabaq kraliça II Elizabetlə görüşdən sonra Şotlandiyadakı qolf kurortunda istirahət edərək Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Helsinki şəhərinə getmişdi. Co Bayden də 95 yaşlı monarxla görüşdən sonra Vladimir Putinlə iyunun 16-da keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün Cenevrəyə uçacaq. O, İsveçrəyə gedərkən iyunun 14-də NATO iclasında iştirak etmək üçün Brüsseldə dayanacaq.



Әlaqәli Xәbәrlәr