Afrika ölkələri korona virusuyla mübarizə üçün bir araya gəldi

Müzakirələrdə Keniya, Cənubi Afrika Respublikası, Mali, Qabon, Niger, Tanzaniya, Ruanda, Madaqaskar, Sudanın dövlət başçıları, habelə Afrika İttifaqı Komissiyasının nümayəndələri iştirak ediblər

1408768
Afrika ölkələri korona virusuyla mübarizə üçün bir araya gəldi

 

  Misir prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə Afrika ölkələrinin başçıları videokonfrans formatında korona virusuyla bağlı vəziyyəti müzakirə ediblər. Müzakirələrdə Keniya, Cənubi Afrika Respublikası, Mali, Qabon, Niger, Tanzaniya, Ruanda, Madaqaskar, Sudanın dövlət başçıları, habelə Afrika İttifaqı Komissiyasının nümayəndələri öz ölkələrində “Covid-19 pandemiyası və iqtisadi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar.

  Afrika ölkələrinin başçıları qeyd ediblər ki, indiki şəraitdə əsas məsələ səhiyyə sistemi və iqtisadiyyatın dəstəklənməsidir. Bu kontekstdə müvafiq hökumət strukturları arasında daha sıx əməkdaşlığın zəruriliyi vurğulanıb. Bundan başqa, korona virusu pandemiyası şəraitində terrorizm və ekstremizmə qarşı mübarizə də mühüm vəzifə kimi qarşıya qoyulub.

  Müzakirələrdə diqqətə çatdırılıb ki, BMT Afrika üzrə İqtisadi Komissiyasının (UNECA) proqnozlarında 1,3 milyard nəfər əhalisi olan qitədə “Covid-19” pandemiyasından 300 min insan həyatını itirə bilər. Hesabatda bildirilir ki, səhiyyə sistemi bərbad olan, habelə vərəm və QİÇS kimi xəstəliklərin geniş yayıldığı Afrikanın bir çox ölkəsinin pandemiya ilə mübarizəsinə 446 milyard dollara qədər vəsait tələb olunur. UNECA korona virusu epidemiyasının hazırda 27 milyon insanın ifrat yoxsulluq şəraitində yaşadığı bu qitədə sosial vəziyyəti daha da pisləşdirəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr