Cenevrədə Suriyada sülhün bərpası müzakirə ediləcək

Suriyadakı böhranın həlli istiqamətində rejim və müxaliflər arasında Birləşmiş Millətlər Təşkilatının liderliyi ilə baş tutacaq dolayı danışıqların yeni dövrü İsveçrənin Cenevrə şəhərində başlayır.

470143
Cenevrədə Suriyada sülhün bərpası müzakirə ediləcək

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilk olaraq suriyalı müxaliflərin yaratdığı Ali Müzakirə Komitəsi heyəti ilə görüşüb.

Suriyalı rejim heyətinin isə Cenevrəyə aprelin 15-də gedəcəyi gözlənilir.

Rejim səlahiyyətliləri aprelin 13-də keçirəcəkləri parlament seçkilərindən sonra danışıqlara qatılacaqlarını bildiriblər.

Suriyadakı siyasi keçid prosesinin müzakirə olunacağı danışıqların gündəliyini BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qərarında qeyd olunan yol xəritəsinin həyata keçirilməsi təşkil edir.

Qərara görə suriyalıların liderliyi ilə ilk 6 ay ərzində, yəni 2016- cı ilin iyun ayına qədər tərəflər müzakirələri yekunladırıb keçid hökumətini qurmalıdır.

12 ay içərisində isə yeni konstitusiya hazırlanması və ədalətli bir seçki təşkil edilməsi qarşıya məqsəd qoyulur.

Diplomatik danışıqların sıxlığına baxmayaraq Suriyada qarşıdurmalar davam edir. Müxaliflər Hələbin cənubundakı Ays məntəqəsi ətrafına ağır silahlarla hücum edən Əsəd qüvvələrinin 75 əsgərini öldürüb.

Paytaxt Dəməşqin cənubunda da fələstinli qaçqınların qaldığı Yərmuk düşərgəsi ətrafında sıx qarşıdurmalar gedir. Terror təşkilatı DEAŞ bölgədə Nusra cəbhəsinə aid bəzi nöqtələri də ələ keçirib.



Әlaqәli Xәbәrlәr