Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

473887
Xarici Mətbuat

Almaniya, ("Deutsche Welle" media qurumunun xəbər saytı) DW: "100 min nəfər Türkiyəyə doğru qaçır"

"Sərhədsiz Həkimlər" təşkilatı Suriyanın şimalındakı münaqişələrdən qaçaraq Türkiyə sərhədindəki Hələb şəhərinin Azez qəsəbəsinə gələn suriyalıların sayının 100 mini keçdiyini bildirdi. Təşkilat Türkiyəyə doğru qaçan 100 mindən çox qaçqına qapıların açılmasını istədi. Bölgədə fəal çalışaraq səhiyyə xidmətləri təqdim edən "Sərhədsiz Həkimlər" Aİ-nin qaçqın siyasətini də tənqid etdi, Suriyanın şimalındakı vəziyyət ilə Aİ-nin qaçqınlarla əlaqədar prioritetlərinin ziddiyyət təşkil etdiyini qeyd etdi.

İngiltərə, BBC: "İstanbuldan Suriyaya radioserial yayımı"

BBC-nin müxbiri Emma Jane Kirby​ Suriyanın Hələb və İdlib şəhərlərinə İstanbuldan yayımlanan "Radio Alwan" ilə bağlı bir yazı dərc etdi. Kirby yazısında yayımla əlaqədar təəssüratlarını belə bölüşdü : "Kədərli bir qadın səsi nəğmə söyləməyə başlayır. Ərəb dilində bir kəlmə belə bilməsəniz də "Hüznlü Şimal Gecələri" adlı radioserialın çəhrayı seriallardan olmadığını anlayırsınız. "Radyo Alwan"ın "xüsusi layihələr" şöbəsinin müdiri Sami: "Bu, itirilən vətənə ağıdır" deyir. Bunları dinləyərkən, pəncərədən yoldakı tıxacda səbirsizliklə çalınan siqnal səsləri eşidilir. İstanbuldakı dəbdəbəsiz bir binadan müharibə vəziyyətindəki Suriyaya yayımlanan radionun varlığı barədə heç kimin xəbəri yoxdur. "Radyo Alwan"ın büdcəsi çox məhduddur. Serialdakı obrazlardan çoxunu aparıcılar və diktorlar oynayırlar. Amma serial heyrətamiz dərəcədə qulağa xoş gəlir. Studiyanın texniki işçiləri yaratdıqları səs effektlərindən fəxrlə danışırlar. Serialdakı hekayələrin mövzusu birbaşa Suriya deyil. Amma ssenari müəllifi Mahmudun dediyi kimi, suriyalı dinləyicilər bu dramatik hekayələrdə öz həyatlarını görürlər.

Krım Xəbər Agentliyi QHA: "Camala Avropadakı Krım Tatarları və Türklərə səsləndi"

"Eurovision 2016" mahnı müsabiqəsində Ukraynanı təmsil edəcək Krım Tatarı Camala, video-mesaj vasitəsilə Avropadakı Krım Tatarları və Türklərə səsləndi. Krım Tatar mənşəli ukraynalı müğənni 21 fevralda keçirilən Eurovision 2016 mahnı müsabiqəsi üçün Ukrayna seçimlərinin finalında ən çox səs toplayaraq Eurovision 2016-da Ukraynanı təmsil etmək hüququ əldə etdi. Camala müsabiqəyə Krım Tatarlarının 1944-cü il deportasiyası barədə "1944" adlı mahnıyla qatılacaq. Eurovision mahnı müsabiqəsinin təşkilatçılarının verdiyi məlumata görə, Ukrayna təmsilçisi Camala mayın 12-də keçiriləcək ikinci yarımfinalda 15-ci yerdə çıxış edəcək. Eurovision-2016 mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 10-da müsabiqənin finalı isə mayın 14 keçiriləcək.

Fars xəbər agentliyi FHA: "Ərdəbil Türkiyə şəhərləri ilə qardaş olmaq istəyir"

İranın Ərdəbil Şəhərinin Bələdiyyə Sədri Həmid Lütfullahian Ərdəbil şəhərinin Türkiyə şəhərləri ilə qardaş şəhər olmaq istədiyini açıqladı. Türkiyənin Təbriz Səfiri ilə görüşən Lütfullahian İran və Türkiyənin ortaq tərəflərinə işarə edərək Ərdəbil şəhəri ilə Türkiyə şəhərləri arasında əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğun gördüyünü ifadə etdi .Lütfullahian Ərdəbil küçələrinə Türkiyə şəhərlərinin adının verilməsini və Türkiyə şəhərlərində də Ərdəbilin adının əbədiləşdirilməsini istədi.



Әlaqәli Xәbәrlәr