Məşğulluq: kişi və qadın iş qüvvəsi nisbəti

Qadın məşğulluğunu artırmağın ən təsirli və səmərəli yolu ilk olaraq qadınların nə üçün iş bazarına daxil olmadıqları və hansı problemlərlə qarşılaşdıqlarını müəyyən etməkdir...

834284
Məşğulluq: kişi və qadın iş qüvvəsi nisbəti

  Türkiyə iqtisadiyyatının son illər əldə etdiyi sabit böyümə performansı əmək bazarlarına da müsbət təsir edir. İqtisadi sabitlik sayəsində son 10 ildə Türkiyədə təxminən 6,5 milyon yeni iş yeri açılıb. Hörmətli dinləyicilər, “Dünya iqtisadiyyatı” rubrikasının bugünkü bölümündə (25.10.2017) Ankara Yıldırım Beyazıt Universitetinin Siyasi İnformasiya fakültəsinin müəllimi professor Erdal Tanas Karagölün əmək bazarları, kişi və qadın iş qüvvəsi mövzusunda hazırladığı mətni təqdim edirik. 

  Son bir ilin göstəriciləri araşdırılarkən bəzi Avropa İttifaqı ölkələrində məşğulluq itkilərinin baş verdiyi görünür, Türkiyədə isə məşğulluq əhəmiyyətli dərəcədə artıb. Bu ilin iyul ayına qədər keçən ilin eyni dövrülə müqayisədə 1 milyon 122 min adam işlə təmin olunub.

  İqtisadi inkişaf istər yeni məşğulluq sahələrinin yaradılması, istərsə də məşğulluq həcmindəki artımdan açıq bilinir. 2017-ci ilin ilk iki rübündə inkişafın 5,2 faiz artması məşğulluq sahələrinin də artması deməkdir. Təbii ki, bu inkişafın qorunaraq sonrakı dövrə və illərə daşınması olduqca mühümdür. Fəal məşğulluq siyasəti iqtisadi inkişafı sürətləndirən faktordur. İqtisadi tərəqqinin sürətləndirilməsində ən təsirli yollardan biri də kadr potensialından tam və doğru istifadə edilməsindən keçir.

  Məşğulluq artımındakı müsbət gedişə baxmayaraq, ötən günlər açıqlanan əmək statistikası işsizlik hallarının hələ də cüt rəqəmlərdə qaldığını göstərir.

  2017-ci ilin iyul ayında işsizlik nisbəti 10,7 faiz olaraq açıqlanıb. Bu rəqəmlərin tək rəqəmə endirilməsi və işsizlik probleminin həll edilməsi yolu addım-addım həyata keçəcək məşğulluq strategiyasından keçir.

  İşsizlik probleminin həlli üçün hazırlanan məşğulluq strategiyasında ilk addım problemin həllini asanlaşdıracaq hədəf kütlənin müəyyənləşdirilməsi olmalıdır. Burada hədəf kütlə olaraq qadınları ön plana çəksək, qadın işsizliyi azalmış, məşğulluğu artmış olar.

  Son 15 ildə Türkiyədə qadın məşğulluq göstəricilərində əhəmiyyətli artım baş verib. 2002-ci ilə qədər 15 yaşdan yuxarı yaşda olan qadınların məşğulluq nisbəti 25,3 faiz idisə, 2017-ci ilin iyul ayı statistikasında bu rəqəm 29,3 faizə qalxıb, kişilərdə isə bu fərq təxminən iki qat - 72,3 faizdir.

    Qadın məşğulluğunu artırmağın ən təsirli və səmərəli yolu ilk olaraq qadınların nə üçün iş bazarına daxil olmadıqları və hansı problemlərlə qarşılaşdıqlarını müəyyən etməkdir.

  Qadınların iş bazarından nə üçün geri çəkildiyi araşdırılması vacib olan məsələlərdən biridir. Buradakı ən əhəmiyyətli səbəblərdən biri, təbii ki, qadınlar üçün ailə-iş uyğunluğunun olmamasından gələn çətinliklərdir. Bu və digər səbəblərdən ehtiyatlanan qadınlar çalışma mühitindən ayrılmaq məcburiyyətində qalır və bununla da qadın məşğulluğunda azalma baş verir.

  Qadın məşğulluğunu artırmaq üçün görüləcək ən vacib işlərdən biri ailə-iş həyatı uyğunlaşdırma siyasəti çərçivəsində uşaqların bağça qayğısı xidmətlərinin asanlaşdırılmasıdır. Qadın məşğulluğunun ən yüksək olduğu ölkələrdə bu strategiyaların izlənildiyi görülür. Məsələn, Fransa, İngiltərə kimi Avropa ölkələrində 3-5 yaş arası uşaqların bağçaya getmə artımı qadınların da iş gücünə əhəmiyyətli dərəcədə təsir edir. Demək, qadın məşğulluğunun yüksək olması üçün əsas şərtlərdən biri uşaq qayğı xidmətlərinin genişlənməsidir. Həm əmək bazarlarında qadının rolunun artırılması, həm də onların yalnız istehlakçı olmaqdan çıxıb istehsala cəlb edilməsi üçün sadaladığımız şərtləri əldə etmək vacibdir.

  Beləliklə, Türkiyədə iş qüvvəsindən səmərəli istifadə etməyin ən təsirli və əsas yollarından biri potensial qadın məşğulluğunu artırmaqdan keçir. Bu çərçivədə mövcud problemlərə yönəlik siyasət təkliflərinin inkişaf etdiriləcəyi bir qadın məşğulluq strategiyası layihəsi hazırlanmalıdır. Yalnız bununla qadın məşğulluğunu artırmaq üçün daha sürətli və effektiv nəticələr əldə edilə bilər.

  Hörmətli dinləyicilər, “Dünya iqtisadiyyatı” rubrikasının bugünkü bölümündə Ankara Yıldırım Beyazıt Universitetinin Siyasi İnformasiya fakültəsinin müəllimi professor Erdal Tanas Karagölün əmək bazarları, kişi və qadın iş qüvvəsi mövzusunda hazırladığı mətni təqdim etdik. Mətni mən Taliyə Musayeva səsləndirdim.  

 



Әlaqәli Xәbәrlәr