“Hədəfimiz NATO-ya üzv olmaqdır”, V.Zelenski

Ukrayna Prezident Aparatından verilən yazılı məlumatda yazılır ...

2103768
“Hədəfimiz NATO-ya üzv olmaqdır”, V.Zelenski

 

  Ukrayna prezidenti Vladimir Zelenski hədəflərinin NATO-ya üzv olmaq olduğunu və buna layiq olduqlarına inandıqlarını bildirib.

  Ukrayna Prezident Aparatından verilən məlumatda yazılır: “Ölkə prezidenti Vladimir Zelenski Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

  Ukrayna qoşunlarının Donetsk vilayətinin Avdeyevka şəhərindən çəkilmə qərarının məntiqli və ədalətli olduğunu, çünki lazımi silahlar gələnə qədər ukraynalıların həyatını qoruduğunu bildirən Zelenski oradaki ordunun mühasirəyə düşməməsi üçün başqa tərəfə çəkildiyini söyləyib.

  Vladimir Zelenski əllərindəki silahların kifayət etmədiyinə diqqət çəkib. Ukraynanın artilleriya və uzaqmənzilli silahlara ehtiyacı olduğunu və bu mövzuda tərəfdaşlarından dəstək gözlədiklərini bildirib.

  Zelenski qeyd edib ki, Bayden Ukraynada cəbhədə baş verənlərin bütün təfərrüatlarını bilir. "O, etiraf edir ki, Ukraynaya silah yardımının zəifləməsinin nəticəsi Avdeyevka ilə bağlı baş verənlərdir. Biz öz hərbçilərimizin həyatını xilas etmək istəyirik. Bu barədə danışdıq və mən şadam ki, bunu bərabər şəkildə başa düşürük. Amma biz hər şeyi geri qaytaracağıq, bundan əl çəkməyəcəyik”, - deyə Zelenski vurğulayıb.

  Ukraynanın NATO-ya üzvlük prosesinə də toxunan Zelenski deyib: "Məqsədimiz NATO-ya üzv olmaqdır. İnanıram ki, biz buna layiqik. Biz Ukraynanı alyansa yaxınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik.  

  Ukraynanın NATO-ya dəvət edilməsi müttəfiq qərardır, amma onun ölkə başçılarının hamısı bunu dəstəkləmir. Bu istiqamətdə səylər davam edir”.

  Xatırladaq ki, fevralın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski qoşunların Avdeyevkadan çıxarılması barədə qərar qəbul edib. Bu addım Ukrayna qoşunlarının mühasirəyə düşməməsi üçün atılıb. O gün Zelenski və Bayden arasında telefon danışığı olub. Ukrayna prezidenti cəbhədə son vəziyyət barədə ABŞ prezidentini məlumatlandırıb.



Әlaqәli Xәbәrlәr