Rusiya hökuməti “Vaqner”lə razılaşdı və …

Rusiya hökumətinə qarşı üsyan edən “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojin tərəflərdən birinin üzərinə rus qanının tökülməsinin məsuliyyətini anladıqlarını və konvoylarını geri çevirərək plana uyğun olaraq səhra düşərgələrinə qayıdacaqlarını açıqladı

2004046
Rusiya hökuməti “Vaqner”lə razılaşdı və …

 

  Rusiya hökumətinə qarşı üsyana başlayan “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojin tərəflərdən birinin üzərinə rus qanının tökülməsinin məsuliyyətini anladıqlarını və konvoylarını geri çevirərək plana uyğun olaraq səhra düşərgələrinə qayıdacaqlarını açıqladı.

  Priqojin “Vaqner”in “Telegram” kanalında səsli mesaj paylaşaraq bildirib: “Onlar “Vaqner”i dağıtmağa hazırlaşırdılar. İyunun 23-də “Ədalət yürüşü”na çıxdıq. Moskvadan təxminən 200 kilometr məsafəyə bir gündə gəldik. Bu müddət ərzində biz döyüşçülərimizin bir damcı qanını da axıtmadıq. Artıq qanın tökülə biləcəyi bir həddə gəldik. Ona görə biz tərəflərdən birinin üzərinə rus qanının töküləcəyinə dair bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq karvanlarımızı geri qaytarır və səhra düşərgələrinə dönürük.”

  Bu açıqlamadan sonra Yevgeni Priqojin döyüşçülərlə birlikdə Rusiyanın Rostov-Don şəhərini tərk edib.

  Sözügedən mövzu ilə bağlı Rostov meri Vasili Qolubev “Telegram” kanalında deyib: “Vaqner” karvanı Rostovdan çıxıb və səhra düşərgələrinə qayıdıb”.

  Rusiya Federal Avtomobil Yolları Agentliyi – “Rosavtodor”un məlumatına görə, avtomobil yollarına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılıb.

  Rəsmi Moskva Ukrayna sərhədinə yaxın bölgələrdə silahlı qiyam səbəbilə elan edilən “antiterror əməliyyatı”nın ləğv ediləcəyi bildirib. Rusiya Prezident administrasiyasının sözçüsü Dmitri Peskov Rusiyanın "Vaqner" təhlükəsizlik şirkətinin təsisçisi Yevgeni Priqojina qarşı cinayət işi bağlanacağını söyləyib: “Rusiya prezidenti Vladimir Putin ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında gün ərzində telefon danışığı oldu. İki ölkə başçısı Lukaşenkonun vəziyyəti həll etmək üçün vasitəçilik rolü barədə razılığa gəliblər. Biz bu məsələdə Belarus prezidentinin dəstəyini yüksək qiymətləndiririk. Lukaşenko Priqojini təxminən 20 ildir tanıyır. Bu, onun şəxsi təklifi və Putin tərəfindən qəbul edildi. Biz Belarus prezidentinə vəziyyəti itkisiz və eskalasiya olmadan həll etmək cəhdlərinə görə minnətdarıq. Nəticədə Vaqnerin düşərgələrinə qayıtması razılaşdırılıb. Müdafiə Nazirliyi ilə müqavilə bağlanacaq. Bu məsələ “Vaqner”in əməliyyatında iştirak etməyənlərə aiddir. Belə birliklər var. Hadisələrin əvvəlindən qayıdanlar da oldu. Qaldıqları yerə qayıtmaq üçün yardım istədilər.

  Qiyamda iştirak edən “Vaqner” döyüşçüləri təqib edilməyəcək. Qarşıdurmalarda göstərdikləri qəhrəmanlıqlara görə onlara hörmət edirik.

  Priqojinin aqibətinə gəlincə onunla bağlı cinayət işi bağlanacaq və o, Belarusa gedəcək".

  Xatırladaq ki, “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya ordusunu “Vaqner”ə hücumda ittiham edib və cavab zərbəsi endirməklə hədələyib. “Vaqner” döyüşçüləri Ukraynanı tərk edərək sərhədyanı Rostov rayonuna gəliblər. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açdı. Rusiya prezidenti Vladimir Putin “Vaqner”in üsyanını “vətənə xəyanət” adlandırdı. Priqojin Moskvaya gedəcəklərini açıqlayınca Rusiya ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini gücləndirdi. Sonda Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyadakı gərginliyi azaltmaq təklifini Priqojin qəbul etdi.



Әlaqәli Xәbәrlәr