“Baş verən iğtişaşlarda bəzi xarici dövlətlərin əli var”, M.Mənsuri

Bu sözləri Tehran valisi Möhsün Mənsuri özünün tviter hesabında yazıb

1882454
“Baş verən iğtişaşlarda bəzi xarici dövlətlərin əli var”, M.Mənsuri

 

  “Tehranda baş verən iğtişaşlarda bəzi xarici dövlətlərin xüsusi xidmət orqanlarının və səfirliklərinin əli olduğu açıq-aşkar şəkildə özünü göstərir”. Bu sözləri Tehran valisi Möhsün Mənsuri özünün tviter hesabında yazıb: “Polis sabitliyi pozan bir sıra adamları həbs edib. Həbs olunanlar arasında 3 nəfər xarici dövlətin vətəndaşı var. Bu isə onu deməyə əsas verir ki, İranda iğtişaşların yaranmasında bəzi xarici dövlətlər maraqlıdırlar”.

  Artıq 4-cü gündür ki, İranın Məşhəd, Tehran, Rəşt, İsfahan və digər şəhərlərində kütləvi aksiyalar keçirilir. Aksiya iştirakçılarının çıxışları dağıntılarla müşahidə olunur. Artıq polis və aksiyaçılar arasında baş vermiş iğtişaşlarda xəsarət alanlar var. Məşhəddə hadisə yerinə gələn polisə və təcili tibbi yardım xidmətinə məxsus olan avtomobil yandırılıb.

  Nəzərə çatdıraq ki, sentyabrın 16-da 22 yaşlı Məhsa (Jina) Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.

  Yerli mətbuatın yazdığına görə, baş örtüyünün düzgün olmadığına görə zorla maşına mindirilib polis şöbəsinə aparılan kürd əsilli Məhsa Əmini orada zorakılığa məruz qalaraq huşunu itirib. Xəstəxanaya çatdırıldıqda isə həyatını itirib. Gənc xanımı zorla şöbəyə aparan polis əməkdaşı həbs edilib. Həmin şöbənin rəisi işdən uzaqlaşdırılıb. İranın parlamenti, baş prokurorluğu hadisəni araşdırır. Prezident İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Qalibaf və digər rəsmi şəxslər Məsihə Əmininin ailəsinə zəng vuraraq başsağlığı verib və bu bədbəxt hadisədən təəssüfləndiklərini bildiriblər.

  Bütün bunlara baxmayaraq, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar davam edir. Rəşt şəhərindəki aksiyada 22 nəfər həbs olunub. Digər şəhərlərdə də çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada xəsarət alanların olduğu barədə məlumatlar var.

  Siyasi analitiklər hesab edirlər ki, M.Əmininin ölümü İranda etiraz etmək üçün insanlara stimul verib. Bu gün İranda əhali ağır sosial-iqtisadi şərtlər altında yaşamaq məcburiyyətində qalıb. ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar ölkədə ərzağın qiymətinin sürətlə qalxmasına, işsizliyin yaranmasına, aztəminatlı ailələrin sayının artmasına gətirib çıxarıb. İran hökuməti Qərb dövlətləri ilə danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilmir. Yığılıb qalan və həll olunması olduqca çətin olan sosial problemlər əhalinin kütləvi çıxışlarına səbəb olub.

  Nəzərə çatdıraq ki, prezident İbrahim Rəisi hazırda Nyu-Yorkda BMT-nin sessiyasında iştirak edir.



Әlaqәli Xәbәrlәr