Ukraynanı iki milyondan çox insan tərk edib

Fevralın 24-dən bəri Ukraynanı tərk edən uşaqların sayı isə bir milyon nəfərə çatıb.

1797405
Ukraynanı iki milyondan çox insan tərk edib

Fevralın sonlarından bəri Ukraynanı iki milyondan çox insan tərk edib.

Bunu BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Flippo Qrandi tviter səhifəsində yazıb. “Bu gün Ukraynadan qaçqın axını iki milyon nəfərə çatıb”, - deyə o bildirib.

BMT-nin qaçqınların işləri üzrə idarəsinin məlumatına görə, qaçqınların əksəriyyəti Polşa ilə sərhədi keçib, digərləri Macarıstana, Moldovaya, Slovakiyaya və Avropanın başqa ölkələrinə üz tutub. Vəziyyətin belə templərlə gedişi hazırkı yüzillikdə Avropada ən böyük qaçqın böhranına gətirib çıxara bilər.

Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda, o cümlədən paytaxt Kiyev ətrafında davam edir.

Fevralın 24-dən bəri Ukraynanı tərk edən uşaqların sayı isə bir milyon nəfərə çatıb.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel tviter sosial şəbəkəsində yazıb.

“Cəmi iki həftə ərzində bir milyon uşaq Ukraynanı tərk etmək məcburiyyətində qalıb”, - deyə Ketrin Rassel bildirib. Onun sözlərinə görə, UNICEF tərəfdaşları ilə birgə Ukraynada münaqişə zonalarında qalan uşaqlara və analara da yardım göstərir. Təşkilat ölkənin beş rayonunda yerləşən 22 xəstəxanaya dərman göndərəcək və bu yardım 20 min uşaq və ananı əhatə edəcək”.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hazırda Ukraynanın Mariopul və Xarkov şəhərləri uğrunda, həmçinin paytaxt Kiyev ətrafında ağır döyüşlər davam edir. Rusiya ordusu Xerson şəhərini, habelə Zaporojye və Çernobıl atom elektrik stansiyalarını ələ keçirib.



Әlaqәli Xәbәrlәr