Rusiya səfir Andrey Karlovun qətli ilə bağlı verilən hökmdən razı olduğunu bildirib

Rusiya XİN Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razı olduğunu bildirib.

1598205
Rusiya səfir Andrey Karlovun qətli ilə bağlı verilən hökmdən razı olduğunu bildirib

Rusiya Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razıdır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Müasir Rusiya-Türkiyə münasibətləri tarixində ağır iz qoymuş bu faciəli hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə və məhkəmə sistemlərinin nəhayət qərar verməsi sevindiricidir", - deyə bəyanatda vurğulanıb. 

Rusiya XİN-dən o da bildirilib ki, Rusiya Türkiyədən səfir Karlov sui-qəsdinin birbaşa sifarişçiləri və təşkilatçıları barədə məlumat alacağına ümid edir: "Rusiya və Türkiyə istintaq orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsinə və məhkəmənin nəticələri, bu terror aktının birbaşa sifarişçiləri və təşkilatçıları barədə hərtərəfli məlumatların Ankaradan alınacağına ümid edirik".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub və Ankara məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən 5 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Qətldə təqsirləndirilən 9 nəfər isə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. 

İş üzrə təqsirləndirilən 5 nəfərə bəraət verilib, daha 9 nəfər isə axtarışadır.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxs təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr