İnternet inqilabı baş verdikdən sonra

H.Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə tədbiri olub.

613461
İnternet inqilabı baş verdikdən sonra

  Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

  Bakı Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edib.

  Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

  Azərbaycan prezidenti İlham Əliyev çıxışında deyib: “Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşıblar. Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.

  Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyona yaxındır və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub.

  Ötən ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etdik. Nəyə görə bərpası deyirəm? Çünki ilk Azərbaycan Demokratik Respublikası təqribən 100 il bundan öncə - 1918-ci ildə yaradılıb. Təəssüf ki, ilk demokratik respublikanın ömrü yalnız iki il olub. Lakin bu iki il vacib illər olub. O dönəmdə ölkəmizin demokratik inkişafının təməli qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Onun əhəmiyyətli nailiyyətlərindən biri Avropanın bir çox dövlətindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi olub.

  Müstəqilliyimiz 1991-ci ildə bərpa edildi və biz öz həyatımızı yaşamağa başladıq. Biz ölkəni yenidən qurmalı, siyasi təsisatları yaratmalı, iqtisadiyyatımızı müasirləşdirməli və dünya xəritəsində yerimizi müəyyən etməli idik. Bu illər Azərbaycan xalqının əsas hədəflərə nail olduğunu nümayiş etdirir.

  Bu gün Azərbaycan beynəlxalq arenada nüfuza malik dövlətdir. Burada bir faktı qeyd etmək kifayət edər. Bir neçə il əvvəl Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Biz bu üzvlüyü 155 dövlətin dəstəyi sayəsində əldə etmişik. Yəni, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti, hətta Azərbaycan ilə fəal siyasi təmaslara malik olmayan ölkələr belə bizim namizədliyimizi dəstəkləyib.

  Azərbaycan müstəqil xarici siyasət aparan ölkədir və bu siyasət regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilir. Bizim xarici siyasətimiz milli maraqlarımız üzərində qurulub və heç kəsə qarşı yönəlməyib.

  Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir. Dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat “Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir.

  Azərbaycan multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə “Mültikulturalizm ili” elan edilib. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayırlar.

  Müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir üzləşdiyimiz problemlər sırasında istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayanır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Bu gün təkcə sovet dönəmində Azərbaycanın tərkibində muxtar vilayət olmuş Dağlıq Qarabağ deyil, ölkənin yeddi digər rayonu da erməni işğalı altındadır.

  Bu işğal 20 ildən artıqdır ki, davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bütün aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul ediblər. 1990-cı illərin əvvəlində BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq onlar icra olunmamış qalır. Ermənistan həmin qətnamələrə məhəl qoymur, beynəlxalq ictimaiyyətə saymazlıq edir. Burada ciddi müzakirələr aparılmalı və addımlar atılmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılsın. Eyni zamanda, qətnamələrin icrası ilə bağlı vahid icra üsulu olmalıdır. Çünki bəzi hallarda biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün içərisində icra edildiyinin şahidi oluruq. Bizə gəldikdə isə artıq 20 ildən çox vaxt keçir. Bu, qəbuledilməzdir. Bu, Azərbaycana qarşı ikili standartların göstəricisidir. Biz işğala son qoymalıyıq.

  Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı bənzər qərar və qətnamələr qəbul ediblər, ancaq onlar da kağız üzərində qalmaqdadır.

  Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız ermənilər tərəfindən dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyası da bu faktları təsdiq edib. Burada, Bakıda siz dövlətin himayəsi altında olan, təmir edilmiş erməni kilsəsini ziyarət edə bilərsiniz. Ancaq işğal edilmiş Dağlıq Qarabağda və digər rayonlarda bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb.

  Münaqişə ən qısa zamanda öz həllini tapmalıdır. Bu həll beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər dövlətin ərazi bütövlüyü qədər dəyərlidir. Biz tez-tez eşidirik ki, postsovet məkanında olan digər münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Həmin prinsip Azərbaycana da şamil olunmalıdır.

  Bu nəhəng siyasi, iqtisadi və sosial yükə baxmayaraq, Azərbaycan inkişaf edir.

  Biz Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkə olmuşuq. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir.

  Bu gün biz “Cənub Qaz Dəhlizi” adlanan qlobal enerji layihəsi üzərində çalışırıq. Onun icrası nəticəsində biz bir sıra ölkələr üçün etibarlı qaz ixracatçısına çevriləcəyik. Layihənin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır. Bu gün biz artıq “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan 7 dövlətlə sıx əməkdaşlıq yaratmışıq. Gələcəkdə isə yeni ölkələr layihəyə qoşulacaq ki, bu da bizə öz ehtiyaclarımızı təmin etməyə, böyük qaz ixracatçısına çevrilməyə, tranzit və istehlakçı dövlətlərə isə yeni enerji mənbəyi əldə etməyə imkan yaradacaq. Hər bir dövlətin öz iqtisadiyyatını və sənayesini inkişaf etdirmək üçün buna ehtiyacı var.

  Eyni sözləri bizim etibarlı nəqliyyat dəhlizinin yaradılması təşəbbüsümüz haqqında da demək olar. Biz üstün coğrafi mövqeyə malikik. Ancaq müvafiq infrastruktur olmadan bu coğrafiya o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu səbəbdən bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın yaradılmasına yönəldilib. Xüsusilə də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində. Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan ərazisindən hərəkət edib. Bundan başqa, icra edilməkdə olan digər layihə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir.

  Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq.

  Sizi ölkəmizdə bir daha salamlayıram. Şadam və fərəhlənirəm ki, biz belə mötəbər qlobal tədbirə ev sahibliyi edirik. Konqresə uğurlar arzu edirəm.”

  İ.Əliyevdən sonra UNESCO-nun Baş direktoru İrina Bokovanın videomüraciəti nümayiş etdirilib. Sonra Qetaçyu Enqidanın çıxış eədərk deyib: “İnternet inqilabı baş verdikdən sonra keyfiyyətli jurnalistika heç vaxt görünmədiyi kimi mühüm məsələ olaraq qalır. Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. Reportajların verilməsi zamanı etikanın gözlənilməsi xəbərlərin toxunduğu sosial dinamikaya bələd olaraq münaqişəli məqamların nəzərə alınmasını, eləcə də bəsit və qızışdırıcı hekayətlərin arxasınca qaçmaq istəyinin kənara qoyulmasını tələb edir. Bu, faktların və rəqəmlərin araşdırılmasını, səbəblərin bildirilməsini, antaqonizmi qızışdırmağa çalışan şəxslərin motivasiyasını, eləcə də ahəngdarlıq və birgəyaşama naminə çalışan şəxslərin işini nəzərdə tutur.

  Xanımlar və cənablar, bu cür çoxşaxəli və plüralist medianın təhlükəsiz mühitə ehtiyac duyması ilə əlaqədar hətta UNESCO-nun üzv dövlətləri bizə güclü dəstək versə də, media azadlığı və ifadə azadlığı təzyiqlər altında qalmaqdadır. Son on illik ərzində ümumən 827 jurnalist məlumatı ictimaiyyətə çatdırdığına görə həyatından məhrum olub. Orta hesabla desək bu, hər 5 gündə bir ölüm halı deməkdir. Ümumiyyətlə, media peşəkarları və xəbər agentliklərinin reportyorları nəinki verdikləri reportaja görə hədəfə, o cümlədən ekstremistlərin təbliğatına qarşı fəaliyyətinə görə qurbanlara çevrilirlər.

  Media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidirlər. Bu, jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq təhlükəsizliyi ilə bağlı baş direktorun noyabrın 17-də üzv dövlətlərə rəsmən təqdim edəcəyi hesabatın əsas mesajıdır.”

   Daha sonra xatirə şəkli çəkdirildi. Qısa fasilədən sonra mərasim çıxışlarla davam etdi.

  Bu gün Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə tədbiri başa çatıb.

  Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr