Türksoylu dövlətlərin turizmlə bağlı növbəti işbirliyi

Azərbaycanın paytaxtı Bakıda Türk Şurası (Keneşi), yəni Türkdilli Dövlətlərin Әməkdaşlıq Şurası Turizm nazirlərinin ikinci toplantısı olub.

282949
Türksoylu dövlətlərin turizmlə bağlı növbəti işbirliyi

   Tədbirdə turizm sahəsində iş birliyinin gücləndirilməsi, planetə Türk dünyasının mədəni irsinin geniş təqdimatı, dövlət və xüsusi sektor arasında ortaq fəaliyyətlərin yaxınlaşdırılması mövzuları müzakirə olunub.

  Eyni zamanda, Türk Şurası (Keneşi) üzvləri – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan "Müasir İpək Yolu" adlı vahid turizm paketinin hazırlanmasına qərar veriblər.

  Yığıncağın sonunda Türkdilli Dövlətlərin Әməkdaşlıq Şurası üzv ölkələrin turizm birlikləri arasında növbəti iş birliyi müqaviləsi imzalanıb.

  Azərbaycanın Mədəniyyət və Turizm naziri Әbülfəs Qarayev jurnalistlərə bildirib ki, artıq bu assosiasiyalar vasitəsilə dəstəklənəcək layihələr beynəlxalq səviyyəyə çıxarılacaq: "Bu da Azərbaycana, Türkiyəyə, Qazaxıstana və Qırğızıstana turistlərin daha çox cəlb olunmasına kömək edəcək. Bununla yanaşı, adıçəkilən ölkələrin özlərindən də qarşılıqlı turizm səyahətlərinin təşkilinin daha ciddi şəkildə nəzərdən keçirilməsi planlaşdırılır. Biz arzulayardıq ki, bu ölkələrə turist axınları daha yüksək səviyyədə olsun. Biz bu turizm layihələri vasitəsilə xalqların mədəniyyətlərinin, irsinin, tarixinin tanıdılması üçün türk dövlətləri arasında daha yaxın münasibət qurmağa çalışmalıyıq. Bu əməkdaşlıq bizim üçün çox faydalıdır".

  Toplantıda qeyd edilib ki, bu birgə əməkdaşlığa gələcəkdə Macarıstan və digər ölkələr də qoşula bilər. Ona görə də bu gün "dördlük" formatında olan görüş gələcəkdə "altılıq" və ya "yeddilik" formatında keçirilə bilər.

  Turizm nazirlərinin üçüncü toplantısı gələn ilin may ayında Qırğızıstanda keçiriləcək.

  Qeyd edək ki, ilk toplantı Türkiyənin İstanbul şəhərində, ikinci toplantı isə bu günlərdə Bakıda keçirilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr