İki qardaş ölkənin müdafiə nazirləri "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak ediblər

Türkiyə və Azərbaycan təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib.

1706524
İki qardaş ölkənin müdafiə nazirləri "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak ediblər

"Bizim ümidimiz və tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yalnışlıq etməməsi və regionda atəşkəsin daimi olması, sabitliyin təmin edilməsidir".

Bunu milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.

“30 ildir işğal altında qalan torpaqlarını “Tək Vətən Hərəkatı” ilə 44 gün ərzində azad edən Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edirəm. Uğurlu əməliyyatdan sonra yaradılan birgə Monitorinq Mərkəzində Türkiyə Silahlı Qüvvələri Rusiya hərbçiləri ilə birlikdə xidmət göstərir, atəşkəsi müşahidə edir, atəşkəsin daimi olması üçün birlikdə səy göstərirlər.

Bununla yanaşı, kustar üsulla hazırlanan partlayıcıların, minaların təmizlənməsi istiqamətində Türkiyə Silahlı Qüvvələri olaraq əlimizdən gələni edirik, bunu davam etdirəcəyik”, - H.Akar bildirib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da “Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə qazandı” deyib.

“Bu bütün dünyaya Azərbaycanla Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirir. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin bu dəstəyini çox yüksək qiymətləndirir”, - Z.Həsənov vurğulayıb.



Әlaqәli Xәbәrlәr